NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Şəhidin anım mərasimi keçirilib

...

Ötən il keçirilən antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan baş leytenant Elçin İbrahimli şəhadətin  birinci ildönümündə məzarı başında anılıb. Öncə şəhidlərimizin və Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbirdə şəhidin yaxınları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər ordumuzun rəşadətindən, Vətən oğullarının igidliyindən bəhs edib. 
Qeyd edək ki, şəhid Elçin İbrahimli 1997-ci il sentyabr ayının 26-da Şərur rayonunun Yengicə kəndində dünyaya gəlib. 2004-cü ildə Yengicə kənd tam orta məktəbində təhsilə başlayan Elçin  təhsilini Heydər Əliyev adına Hərbi Liseydə davam etdirib. 2015-ci ildən  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 
2019-cu ildə təhsilini bitirərək leytenant hərbi rütbəsi alır və Tərtər rayonunda yerləşən “N” hərbi hissədə Mühəndis-istehkam taqım komandiri vəzifəsində xidmətə başlayır. Vətən savaşında iştirak edən Elçin İbrahimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlarla  “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunur.
12-14 sentyabr 2022-ci ildə Kəlbəcərdə baş vermiş “Qisas əməliyyatı”nda iştirak edir. 
 Elçin İbrahimli xidməti zamanı ərazilərimiz işğaldan azad olduqdan sonra Tərtər, Suqovuşan, Ağdam və Şuşada minatəmizləmə əməliyyatlarında iştirak edir.  

Ötən il keçirilən antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan  Elçin İbrahimli ölkə başçısı tərəfindən  "3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Nəşr edilib : 21.09.2024 22:10