NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Sağlığında qiymət verək insanlara...

...

"Mən öz müəllimlərimi həmişə xatırlayıram. Bilirsiniz ki, mən böyük həyat yolu keçmişəm, yaşım da az deyildir. Sizə demək istəyirəm ki, ən yadda qalanlar, mənim üçün əziz adamlar Naxçıvandakı müəllimlərimdir. Onların adlarını indiyə qədər xatirimdə saxlayıram. Dil-ədəbiyyat müəllimim - Lətif Hüseynzadə... çox gözəl ədəbiyyat dərsi deyirdi..."

Heydər Əliyev

2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin tələbələri 100 yaşını haqlamış, Ümumilli Lider Heydər Əliyevin müəllimi olmuş bu dəyərli alimi yaxşı xatırlayırlar. Biz onu tez-tez tələbələrlə keçirilən görüşlərdə, müxtəlif dövlət tədbirlərində  görərdik. Həmin dövrdə əl ağacı ilə yeriməkdə çətinlik çəkən Lətif müəllimi bütün tədbirlərdə qaraqaş-qaragöz, suyu şirin bir oğlan müşayət edərdi. Bir gün tədbirlərin birində ona yaxınlaşıb kimliyini soruşdum: - Əkrəm Hüseynzadə, Lətif müəllimin nəvəsiyəm dedi.

Bu hadisədən bir neçə ay sonra başqa bir tədbirdə Əkrəmlə  qarşılaşdıqda elmi işimlə bağlı Lətif müəllimlə necə görüşüb danışa biləcəyimi soruşdum. Babasının ev ünvanını verib nə vaxt istəsəm gələ biləcəyimi bildirdi.

Bir gün mənə verilən ünvana getdim. Əkrəm qapını açaraq məni içəri dəvət etdi. Lətif müəllim yazı masasının arxasında əyləşib məni gözləyirdi. Naxçıvanda mətbuatın yaranması ilə bağlı söhbətlərimiz günlərlə çəkdi. Lətif müəllim məxəz idi, nə qədər çox məxəzdən bəhrənlənsəm də yenə də maraqlı xatirələrindən doymur, yorulmurdum. Lətif müəllim canlı ensiklopediya idi. Lətif müəllim təkcə Naxçıvanda mətbuatın yaranması və inkişafında xüsusi rolu olan ziyalı deyildi, o həm də cümhuriyyət tariximizin canlı şahidi, tarixi hadisələri öz qələmi ilə tarixə çevirən tədqiqatçı alim idi. Hazırda elmi mühitimizdə "Araz-Türk" Cümhuriyyətinin fəaliyyəti haqqında əsas mənbə kimi Lətif müəllimin xatirələri əsas götürülür. Əlyazmalar daha sonra kitab şəklində nəşr olunub oxuculara təqdim olunubdur.

Hər görüşdə Lətif müəllimlə məni təkbətək qoyan Əkrəm arada qapını aralayıb babasının nə istədiyini soruşar, onun səhhəti ilə də maraqlanardı.

Babaya güc verən nəvəsinin sevgisi idi, o Əkrəmlə nəfəs alır, onunla fəxr edirdi. Lətif Hüseynzadə ilə görüşlərimizdən birində Əkrəmin ona necə qayğı ilə yanaşmasından bəhs edib - qızım, Əkrəm sizə əmanətimdir, mən bu dünyadan köçəndən sonra əmanətimə sahib çıxın, onu tək qoymayın -, deyib doluxsunmuşdu...

Daha sonra "Tələbə Press" qəzeti ilə birgə əməkdaşlıq Əkrəmlə məni bir araya gətirdi. Əkrəmin gözəl qələmi var idi.  Babasının mətbuata olan bağlılığı Əkrəmə də təsir etmiş, qələmini bu sahədə də sınamaq cəsarəti vermişdi. Bu səbəbdən "Tələbə Press" qəzetinin yubileyində Bakıdakı tədbirə Naxçıvandan gedəcək namizədlər kimi birgə dəvət almışdıq.

Lətif müəllimin vəfatından sonra onun yolu ilə gedən Əkrəm elmi məqalələr üzərində işləyir, dissertasiyasını tamamlamağa çalışırdı. Onun tədqiqatları artıq sərhəd tanımırdı. Elmi uğurları onu AMEA Naxçıvan Bölməsinin elmi katibi vəzifəsinə qədər qaldırdı. Bu vəzifəyə seçiləndə də çox sevinmişdi. Amma sevinci və fərəhi də uzun çəkmədi. Amansız xəstəliklə mübarizə aparmaq böyük güc və səbr tələb edirdi..

Xatırlayıram ki, pandemiya vaxtı mən Əkrəmin ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini eşitdim. Bu xəbər mənə elə təsir etmişdi ki,  səhiyyə nazirinə zəng edib - Lətif müəllimin əmanətinə sahib çıxmalıyıq, Əkrəm sağalmalı və normal həyata geri dönməlidir - demişdim. Apardığımız səylər də müsbət nəticəsini verməkdə idi. Çox təəssüf ki, cəmi 4 il... cəmi 4 il ömrünü uzada bildik...

Əkrəm elmi mühitimiz üçün bir dəyər idi, onda bütün müsbət cəhətlər cəmləşmişdi. Əkrəm elmi mühitimizin ziyası idi..

Bir faktı da qeyd edim ki,  üç nəsil elmi mühitimizə Hüseynzadələr qədər töhfə verən ikinci nəsil tanımıram.

Bağışla, əziz müəllimimizin dəyərli əmanəti!!!

Səni qoruya bilmədik, əmanətə sahib çıxa bilmədik. Babanla birlikdə başladığın yolçuluğa babanla birgə getmək nəsibin oldu.

Əminəm ki, həssas qəlbin cənnətdə əbədi rahatlıq tapa biləcəkdir. Ruhun şad olsun, əziz dost, çox təəssüf ki, sənin haqqındakı dəyərli sözləri sənə sağlığında deyə bilmədim...

Sağlığında qiymət verək insanlara,

Yaxşılara sağ olanda yaxşı deyək

Sağlığında yaman deyək yamanlara...

Surə Seyid

filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 10.10.2024 17:07