Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
NAXÇIVAN :
27 Dekabr 2024, Cümə
İnsanların dünya və yaşadıqları yerlə bağlı məlumat əldə etməsində radio və televiziyanın rolu zəruridir. Radio kütləvi informasiya vasitəsi olub naqilsiz əlaqənin bir növüdür. Məhz bu zərurətdən ölkəmizdə ilk dəfə, düz 98 il bundan öncə, 1926-cı il noyabr ayının 6-da “Danışır Bakı” ifadəsi ilə radio verilişlərinin yayımına başlanıb. Bu ozamankı Azərbaycan üçün böyük bir hadisə idi. Həmin gün Bakının bütün küçə və meydanlarında qurulmuş reproduktorlardan gələn səs hamının marağına səbəb olmuşdu. Təbii ki, bu birdən-birə verilmiş qərar deyildi. Bu qərar, əslində, 1925-ci ildə alınmış, həmin il aprel ayının 22-də Azərbaycan Xalq Komissarları Soveti Bakıda əhatə dairəsi 600 kilometr olan geniş yayımlı radio verilişləri stansiyası tikməyi qərara almışdı.
İlk zamanlar cəmi 2 saata yekunlaşan radio verilişlərinin gündəlik efir vaxtı sonradan 4 saatı, daha sonra 6 saatı əhatə etməyə başladı. Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli nümayəndələri ilk verilişlərin hazırlanmasında xüsusi iştirak edir, Ü.Hacıbəyov, M.S.Ordubadi, C.Cabbarlı, S.Vurğun, Bülbül kimi tanınmış ziyalılar bədii və musiqi verilişlərinin hazırlanmasında xüsusi rol oynayırdılar. Radionun yaratdığı publisistik və ədəbi dram verilişləri dilimizin qorunması və inkişafında böyük əhəmiyyət daşıyırdı. “Satira atəşi”, “ Ədəbiyyatın vəzifələri”, “Radio saatı” kimi verilişlər efirdə səsləndirilirdi.
Radionun ilk azərbaycanlı kişi diktoru İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Raya İmanzadə olmuşdur.
Bir neçə ildən sonra, yəni 1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanılıb. Üç il sonra Bakı şəhərində 180 metrlik polad bloklardan yığılmış ilk qüllə quruldu və artıq 1956-cı ildə Nəcibə Məlikovanın “Göstərir Bakı” ifadəsi ilə Azərbaycan Televiziyası fəaliyyətə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. 1962-ci ildə muxtar respublikamızda kiçik güclü TV stansiya və studiya qurulub. 1973-cü ildən isə paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. 2016-cı ildə Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında ilk dəfə olaraq rəqəmsal yayıma keçid baş verib. İtirilmiş torpaqlarımız geri qayıtdıqdan sonra həmin ərazilərdə teleradionun fəaliyyəti təmin olunub.
Qeyd etdiyimiz kimi, Vətənimizin, mədəniyyətimizin, adət-ənənələrimizin, incəsənətimizin dünya dövlətlərinə, eyni ilə digər dövlətlərin isə bizə tanıdılmasında radio və televiziyanın rolu danılmazdır. Biz də, öz növbəmizdə, bu gün peşə bayramlarını qeyd edən radio və televiziya əməkdaşlarını təbrik edir, işlərində müvəffəqiyyətlər arzu edirik.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər