Naxçıvanda skuterlə motosiklet toqquşub, xəsarət a...
00:17 30.09.2026
0
0
0
NAXÇIVAN :
30 Sentyabr 2026, Çərşənbə
Müzəffər Sərkərdənin gücü, xalqın birliyi, igid oğulların qanı-canı bahasına çəkilən Zəfər yolu ilə zəfərin şəhərinə gedirəm. Füzuli rayonunun ərazisindən keçirik. Həmin yerdən – vaxtilə düşmən postlarına baxıb ürəyimin nifrətlə dolduğu, 2020-ci ildə Vətən oğullarının azad etdiyi torpaqdan düşür yolum. Bura bir saatda onlarla oğulun canını Vətənə qurban verdiyi yer, düşmənin “keçilməz sədd” adlandırdığı “ohanyan səddi” idi. Otuz il haqqında miflər deyilən həmin səngərlər. Vətən savaşının başladığı yer. Qəhrəman Azərbaycan Ordusunun bir həmlədə darmadağın etdiyi səngərlər, dayaq məntəqələrinin izi hələ də qalır Vətənin köksündə. Bizə 30 illik həsrətimizi – şanlı qələbəni xatırladır. Qələbəyə gedən yollar məhz buradan keçib Zəfər yoluna çevrildi.
Baxıram ucsuz-bucaqsız Haramı düzünə və bir anlıq 2020-ci ilə qayıdıram, həmin günə, 27 sentyabra. Həmin günə kimi Azərbaycanın cəbhə bölgəsində yerləşən kəndlərində uzun illər yaşamış, oradakı insanlarla doğmalaşmışdım. İlk olaraq onların, ardınca hərbçi ailələrinin nömrələrinə bir-bir zəng vururam. O vaxta kimi telefonun o tayından eşitdiyim “zəng çatmır” sözü mənə bu qədər təsir etməmişdi. 15 il yaşamışdım cəbhə bölgəsində və döyüş tapşırığını yerinə yetirməyə gedən hərbçinin mobil telefonuna günlərlə zəng çatmamasına, evinə gələ bilməməsinə alışmışdım, amma bu daha fərqli və daha da çətin idi. Ürəyimə sakitlik gətirən isə uzun illər Ağcakənd qəsəbəsində bir məhəllədə yaşadığım Sona xala oldu.
O, Xocalıdan zorla çıxarılanda ayaqyalın keçmişdi çətin, qarlı aşırımları, amma başındakı yaylığı düşmən əsgərinə verməmişdi. Onu başından açmağa çalışan düşməni qoynunda gizlətdiyi xəncərlə öldürüb, günlərlə əsirlikdə zülm görmüşdü. Amma başındakı kəlağayını, onun bir küncünə bağladığı Vətən torpağını kimsəyə təslim etməmişdi. Əsirlikdən azad olub qayıdan gündən isə o kəlağayının küncünə bağladığı torpağın ətri ilə dözürdü həmin gecə itirdiyi əzizlərinin acısına, torpaq həsrətinə. Onun kimi yüzlərlə azərbaycanlı üçün həmin gün bitirdi torpaq həsrəti. Bunu ağbirçək ananın ürəyi də hiss etmişdi ki, telefonun o tayından gur səsi eşidilirdi. “Az qalıb, qayıdırıq. Qeyrətinə qurban olduğum Azərbaycan əsgəri bizi öz yurdumuza qaytarır. Evimə, bağlı qalan qapımı açmağa gedəcəyəm. Bu günə kimi qəlbimizdəki Vətən sevgisi bizi yaşatdı”, – deyirdi.
Bəli, məhz həmin gün igid oğullar qəlblərindəki bu əvəzsiz Vətən sevgisinin hökmü ilə silaha sarılıb irəli atıldılar. 30 illik işğala və ədalətsizliyə son qoyan qəhrəman oğullar üçrəngli bayrağımızı azad etdikləri torpaqlara sancdıqca bizim də ürəyimiz dağa döndü. Vətənə sevgi dastanı yazan igidlər “Vətən yaxşıdır” nəğməsini damla-damla ürəyimizə hopduranda qəlbimizi sonsuza kimi nura boyamağa qadir bir məşəl yandırdılar. Nişan üzüyü barmağına hələ iz salmayan qızlar, əlinin xınası solmayan gülüzlü gəlinlər, qeyrətli analar şəhid tabutu qarşısında başıdik dayandı. Yurdumuz qarış-qarış azad olanda torpaq həsrətinin saçını bəyaza boyadığı, belini əydiyi, yollara baxmaqdan gözünün nuru gedən, yurd-yuva həsrəti ilə qocalan ağbirçək, ağsaqqallarımız uşaq sevincinə büründü. Kimi illərdir, sandıqda saxladığı açarları çıxardı, kimisi yarımçıq qalan arzuların, xatirələrin sorağıyla Cıdır düzündə at çapdığı illərə, Ağdamın ağ günlərinə, Zəngilanın çinar meşələrinə, Kəlbəcərə üz tutdu.
Həmin səhər iki yüz il öncə parçalanan, yarımcan edilən Azərbaycanın haray səsi bütün Yer kürəsinə yayıldı. Xalq ordusu ilə birləşib düşmənin üstünə şığıdı. Qartal kimi dağların başına pərvazlanıb öz ovunu caynağına aldı. Nə Haramı düzünün hər qarışına döşənən minalar, nə Murovun buz kəsmiş aşırımları, nə Xocalının qanlı yolları, nə də Şuşanın sıldırım qayaları gözünü qorxuda bilmədi Azərbaycan əsgərinin. Həmin gün hər evi səngər, hər vətəndaşı əsgər olmuş, “Vətən sağ olsun”, – demişdi. Belə də oldu. Qəhrəman oğullarımız öz canlarını Vətən yolunda qurban verərək Şuşaya Zəfər yolu çəkdilər. Və bütün dünya o torpaqların əbədi sahibinin qayıtdığını gördü.
Bu gün Şuşada dalğalanan bayraq igid oğulların gözünün nuru, yeriyən ayağı, tutan əli, son nəfəsindəki pıçıltısı, Xocalıya qayıdan həyat, adsız məzarda yatan nişanənin özünə qayıdan kimliyidir. Bu gün evinə qayıdan insanların sevinc dolu gözyaşlarını görəndə, şəhid övladlarının illərlə ziyarət edə bilmədiyi məzarı başında diz çökən anaların dualarını eşidəndə, nuru getmiş gözlərinə Şuşanı görəndə nur gələn ataları izləyəndə, qabarlı, gücdən düşmüş, hərarəti azalmış əlləri ilə illərdir, həsrətində qaldıqları evlərin uçuq divarlarına, daşlara necə nəvazişlə sığal çəkdiyinə şahidlik edəndə Vətən üçün can verən oğulların ruhu şad olur.
Bu gün Şuşa elə bir cənnətə dönüb ki, orada saflıq, gözəllik göz qamaşdırır, Laçında insanların çöhrəsindən təbəssüm yağır, Ağdam ana Vətənin şirin laylasında sağalan qayğısız körpəyə bənzəyir. Bütöv, azad Azərbaycanın başı üzərində dalğalanan şanlı Zəfər bayrağını isə artıq Şərqdən Qərbə, Şimaldan Cənuba hər kəs görür.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər