NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Qəlbin səsi ilə Şuşaya: Tarix, qürur və yenidən doğuluş

...

Şuşa... Tarixin səsi, mədəniyyətin beşiyi, təbiətin möhtəşəmliyi ilə insanı valeh edən bir şəhər...

Heç vaxt yadımdan çıxmaz; 5 yaşım olanda həmişə Qarabağla maraqlanardım. Kitablarda doğma diyarın şəkillərinə baxar, televiziya vasitəsilə bu əzəmətli yurdumuz haqqında bütün sənədli filmləri izləyərdim. O vaxtdan bəri ən böyük arzularımdan biri Qarabağa səyahət edib onun hər diyarını qarış-qarış gəzmək, xüsusilə də Qarabağın dilbər guşəsi olan Şuşaya səfər etmək idi. Ancaq o zaman məlum idi ki, torpaqlarımız erməni vandallarının əlində idi. Tarix kitablarında doğma ərazilərimizin işğal tarixlərini görəndə az qalırdım ki, ağlayım. Ancaq nə edə bilərdim? Əlimdən yalnız Ali Baş Komandanımız cənab İlham Əliyevə və Allaha inanmaq gəlirdi. Dəfələrlə cənab prezidentimizin televiziya vasitəsilə etdiyi çıxışlara qulaq asardım. Cani-könüldən ona, hər bir azərbaycanlı kimi, inanırdım. Bilirdim ki, onun yaratdığı güclü ordu sayəsində biz tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik. Əmin idim ki, bir gün o torpaqlarda həyat yenidən öz əvvəlki axarına qayıdacaq.

27 Sentyabr 2020-ci il, saat 11:50 radələrində cənab Prezident İlham Əliyev xalqa müraciət etdi. Həmin müraciətdən hələ də yaddaşımda qalan bir hissəni sizinlə paylaşmaq istəyirəm: – Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Bu sözdən sonra öz-özümə dedim ki, ən böyük arzumun reallaşmasına az qalıb. Və bu, elə də oldu; şanlı ordumuz Qarabağı 44 gündə işğaldan azad etdi. Bu yolda şəhidlərimiz və qazilərimiz oldu. Fürsətdən istifadə edib şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Nəhayət,  8 noyabr 2020-ci ildə cənab Prezidentimiz xalqa yenidən müraciət etdi: – “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Həmin gün sevincimin həddi-hüdudu yox idi. Bu tarixi çıxışı izləyəndən sonra göz yaşlarımı saxlaya bilməmişdim. Ancaq bu, kədər yox, sevinc göz yaşları idi. 30 ildən sonra biz öz torpağımıza qayıtmışdıq. Axı mən necə sevinməyə bilərdim? Həmin gün sevinməyən insanın, yəqin ki, bu millətin qanından olmayan biri olduğunu düşünərdim.

İki ildən sonra müəllifi olduğum “Zəfər tarixi” və “İkinci Qarabağ müharibəsi: Ermənistanın kapitulyasiyası” kitablarını dərc etdirdim. Bu kitabları qələmə alarkən ürəyimdə belə bir arzum var idi ki, Şuşada bu kitablarla foto çəkdirim. Ancaq həmin dövrdə mənfur düşmən torpaqlarımızın hər tərəfinə mina basdırmışdı. Buna görə də dövlətimiz vətəndaşlarını təhlükəyə atmamaq üçün həmin ərazilərə girişə haqlı olaraq məhdudiyyət qoymuşdu. Mən isə səbr etdim, bilirdim ki, qısa bir müddətdə doğma diyarımıza səyahət edəcəyəm.

Nəhayət, gözlənilən gün gəlib çatdı. 2024-cü ilin iyununda biz Qarabağa və ən əsası Şuşaya səfər etdik. Şuşaya səyahət sadəcə bir səfər deyil, həm də daxili dünyamın dərinliklərinə bir səyahət idi. Bu şəhərin küçələri, dağları, hər daşına hopmuş xatirələr keçmişi və gələcəyi bərabər yaşadır. Şəhərə çatanda sanki zaman dayanır, bütün narahatlıqlar, günümüzün tələskənliyi və səs-küyü geridə qalırdı.

Şuşaya çatanda ilk hiss etdiyim şey oradakı təmiz hava və sakitlik oldu. Dağların qoynunda yerləşən bu şəhər, bizi öz ecazkar mənzərəsi ilə qarşıladı. Yaşıllıq, sıldırım qayalar, mavi səma və təmiz dağ havası insanı təravətləndirirdi. Şəhərin küçələrinə girməzdən əvvəl belə uzaqdan baxanda Şuşanın öz əzəmətini necə qoruyub saxladığını anlamaq olurdu. Baxmayaraq ki, orada 30 ilə yaxın erməni vandalları yaşamışdı. Qala divarları, məscidləri, tarixi evləri ilə bu şəhər mənə həm keçmişin izlərini, həm də gələcəyin ümidini təqdim etdi.

Şəhərə daxil olanda gözümə ilk dəyən şey boş qalan evlər və hələ də bərpa olunmamış tarixi binalar oldu. Hər birində zamanın və məhv olan dövrlərin izləri vardı. Bu evlər bir vaxtlar ailələrin isti ocağı, gülüş səslərinin əks-sədası idi. İndi isə onların bir çoxu səssizliyə bürünüb; lakin bu səssizlik bir qələbənin göstəricisidir – şəhərin yenidən dirçəlməsi üçün. Hər bir daşda, hər küçədə bu torpaqlar uğrunda verilmiş mübarizənin izlərini hiss etmək mümkün olurdu.

Qarabağ müharibəsinin qurbanları, Şuşa uğrunda döyüşən qəhrəmanlar haqqında düşünərkən bu şəhərin mənim üçün nə qədər dərin mənalar daşıdığını daha yaxşı anladım. Bu şəhər sadəcə bir məkan deyil; bir xalqın qəhrəmanlıq dastanı, iradəsi və mədəniyyətinin zirvəsidir. Qəhrəmanlar burada bir millətin azadlığı uğrunda döyüşüblər, bu divarlar onların fədakarlığını xatırladır. Şuşanın küçələrində addımlayanda bir yandan qürur hissi, digər yandan dərin hüzn keçirirsən. Qürur, çünki biz öz torpağımızı düşmənə vermədik; kədər isə şəhərin hər daşında, qayasında şəhidlərimizin və qazilərimizin qanının olması idi.

Mən Şuşanın mədəni irsini, musiqisini və ədəbiyyatını dərindən hiss etdim. Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin xatirəsi bu şəhərin hər addımında yaşayır. Onların yaratdığı əsərlər sanki Şuşanın havasında, küləyində, təbiətində hələ də yaşayır. Şuşa təkcə memarlıq baxımından deyil, həm də ruhən bir incidir. Burada hər kəs öz kökünü, mədəniyyətini və musiqisini tapır. Şəhərin tənha qalan guşələrində belə bir melodiya hiss edilir – bəlkə də bu, Xarıbülbülün zərifliyi ilə Şuşa dağlarının qüruru arasındakı bir harmoniya idi.

Xarıbülbül... Bu nadir çiçək, Şuşanın simvolu kimi, şəhərin dirçəlişini və yenidənqurma prosesini əks etdirir. Mən Xarıbülbülü görərkən onun nə qədər qürurla torpağın üstündə açdığını, sanki bu torpağın əbədi olduğunu göstərmək istədiyini hiss etdim. Bu çiçək həm Şuşanın zərifliyini, həm də onun əyilməzliyini simvolizə edir.

Şuşanın bərpası məni heyrətləndirdi. Şəhərin hər tərəfində yenidənqurma işləri aparılırdı. Əvvəllər məhv edilmiş tarixi binalar indi yenidən tikilir, küçələr bərpa olunur. Bu, bir xalqın öz irsinə olan sevgisinin və keçmişini yaşatma arzusunun bir bariz nümunəsidir. Şuşanın mədəni və tarixi əzəmətinin geri qaytarılması, onun gələcək nəsillər üçün qorunması mənim üçün çox önəmlidir. Bərpa olunan binaların hər biri sanki millətin ayağa qalxmasının bir simvolu idi.

Şuşadan ayrılmaq mənim üçün çox çətin oldu. Sanki bu şəhərin bir parçası mənimlə getdi. Şuşa sadəcə bir şəhər deyil, insanın ruhuna toxunan, onu dəyişdirən, dərin düşüncələrə sövq edən bir yerdir. Mənim üçün bu səfər bir xatirə deyil, həm də mənəvi bir dönüş nöqtəsi idi. Hər dəfə Şuşanı xatırladıqca, orada yaşadıqlarımı xatırladıqca, qəlbimdə bir qürur hissi yaranır. Bu şəhər mənə insanın keçmişini dərk edib gələcəyə doğru inamla irəliləməsinin vacibliyini göstərdi.

Şuşa mənim üçün bir zamanlar itirilmiş, lakin indi yenidən doğulmuş bir xəzinədir. Onun hər daşı, hər küçəsi, hər nəfəsi mənə bu şəhərin əbədi olduğunu göstərdi. Şuşa mənim üçün qürurun, iradənin, mədəniyyətin və gələcəyin şəhəri olaraq qalacaq.

Çox şükür ki, Ulu Tanrı mənim arzumu reallaşdırdı. Bu yolları gedərkən özümlə fəxr etdim. Çünki mən qəhrəmanlar diyarı Azərbaycanın övladıyam. Necə deyərlər, MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM!

Əmir İMANOV

 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi,

 “Şagirdlə efir vaxtı” proqramının aparıcısı

Nəşr edilib : 08.11.2024 15:00