NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Qarabağ səfəri: tarixi təhsil, mədəni ənənələrin bərpası, yeni iqtisadi, turizm perspektivləri

...

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra əzəli yurdlarımıza, Qarabağın hər qarışına həyat qayıdır, tarixi ənənələr bərpa edilir, təhsil, səhiyyə, turizm, iqtisadiyyat sahələri yenidən dirçəldilir. Bu baxımdan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası müstəsna əhəmiyyət daşıyır ki, ötən dövrdə reallaşdırılan layihələr bu əhəmiyyətin əyani göstəriciləridir. Ölkə başçısının ötən həftə, daha dəqiq desək, sentyabrın 19-20-də Ağdam, Şuşa və Xankəndiyə səfəri zamanı təməli qoyulan yaşayış məntəqələri, sosial obyektlər, istifadəyə verilən müəssisələr də Qarabağa Böyük Qayıdışın mühüm töhfələri kimi ayrı-ayrı istiqamətlər üzrə yeni perspektivlər açdı...

Prezidentin Qarabağa hər gəlişinin işğaldan azad olunan torpaqlarımız, soydaşlarımız üçün yeniliyin, tərəqqinin, inkişafın müjdəsinə çevrildiyini vurğulayaraq Ümummilli Liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamına uyğun səfərə ilk olaraq məhz bu aspektdən yanaşmaq istərdik. Öncə onu da qeyd edək ki, budəfəki səfərin mühümlüyü həm də ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmin olunmasına vəsilə olan antiterror əməliyyatının birinci ildönümünə təsadüf etməsində idi. Əzəli yurdumuza ali təhsilin qayıdışından xəbər verən Qarabağ Universitetinin açılışından sonra müəllim və tələbələrlə görüşü zamanı dövlətimizin başçısı da bu məqama xüsusi toxundu, universitetin yaradılmasını tarixi hadisə kimi dəyərləndirdi. Sitat: “Bu gün, eyni zamanda Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü”.

Onu da vurğulamaq yerinə düşər ki, 2024/2025-ci tədris ilində 1104 tələbənin ali təhsil alacağı Qarabağ Universitetinin açılışı həm də bölgədə mövcud tarixi təhsil ənənələrinin bərpasına xidmət edir. Təqvimi yarım əsr geriyə çəkməyimiz yetərlidir ki, bu ənənənin necə yarandığını, xalqımızın həyatında böyük önəmə malik hansı tarixi hadisə ilə üst-üstə düşdüyünü öyrənək. Məlum olduğu üzrə bu təhsil ocağının yaranması ötən əsrin 60-70-ci illərinə, yəni Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövrünə təsadüf edir. Daha dəqiq desək, təhsil müəssisəsi elə 1969-cu ildə Ulu Öndər Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi zaman Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə, ümumiyyətlə, fəaliyyətini dayandırıb. Və təqdirəlayiq haldır ki, artıq Qarabağ Universiteti adına layiq şəkildə, mövcud tarixi yerində–Xankəndidə fəaliyyətə başlayır. Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışı isə daha çox tələbələrin öz Qalib Liderini özünəməxsus qarşılama forması, səmimi görüntüləri ilə yaddaşlara həkk olundu deyə bilərik...

Sentyabrın 19-da qədim tarixi torpağımızda əsaslı təmirdən sonra istifadəyə verilən, 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərən Nizami Gəncəvi adına Xankəndi şəhəri 4 nömrəli 624 şagird yerlik tam orta məktəbi də tarixi ənənələrin yaşadılmasına töhfə verməklə yanaşı, müasir təhsil çağırışlarına cavab verir. Belə ki, layihəsi 0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edən məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana yaradılıb.

Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi məqsədilə uğurlu sənayeləşmə siyasəti aparılır ki, bu xüsusda sənaye parklarının yaradılması mühüm səmərəsi ilə seçilir. Hazırda 8 rayonu əhatə edən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları fəaliyyət göstərir və onlardan ikisi işğaldan azad olunan Ağdam, Cəbrayıl rayonlarında yerləşir. Bu mənada, sentyabrın 19-da Prezidentin Ağdama səfəri rayonda yaradılan Sənaye Parkında yeni zavodların açılışı ilə də yadda qaldı. Müxtəlif təyinatlı ayaqqabıların, elektrikpaylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının, avtomatlaşdırma və telemexanika sistemlərinin, divar kağızları, havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları və dam örtüklərinin istehsalını həyata keçirəcək bu müəssisələr bölgənin iqtisadi mənzərəsinin formalaşmasında böyük rol oynayacaq. Eyni zamanda bu addım Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasətin ən vacib istiqamətlərindən biri sayılan sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafına təkan verəcək.

Qarabağ torpaqları xalqımızın tarixi-mədəni dəyərlərini özündə yaşatmaqla yanaşı, füsunkar təbiəti, yeraltı və yerüstü sərvətləri ilə geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi, istirahət, eko və digər turizm növlərinin inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır ki, biz son dövrlərdə bu perspektivlərdən səmərəli istifadənin şahidi oluruq. Yaxın vaxtlarda Kəlbəcərdə “İstisu” mineral su zavodunun istifadəyə verilməsini, “yaşıl enerji” infrastrukturunun qurulmasını, hazırda tikintisi uğurla davam etdirilən “İstisu” Müalicə-İstirahət Kompleksini nümunə kimi göstərə bilərik. Sentyabrın 19-da açılışı olan “Aghdam City Hotel”i də regionun turizm potensialından səmərəli istifadənin təmini baxımından Ağdamın rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün mühüm addım kimi dəyərlidir, önəmlidir. Bölgəyə üz tutan turistlərin, qonaqların yüksək səviyyədə qidalanmalarına geniş imkanların yaradıldığı hoteldə fiziki məhdudiyyətlilər üçün xüsusi dizayn edilmiş 4 otaq, o cümlədən sağlamlıq və istirahəti təmin etmək məqsədilə fitnes və SPA mərkəzləri də fəaliyyət göstərəcək.

Prezident cənab İlham Əliyevin Qarabağa növbəti səfəri bir sıra yaşayış məntəqələrinin təməlinin qoyulması, təhsil, turizm obyektlərinin istifadəyə verilməsi, müasir yol infrastrukturu quruculuğunun reallaşdırılması ilə yanaşı, tarixi-mədəni irsimizin bərpası baxımından da əlamətdar oldu. Belə ki, milli musiqimizin yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün ertəsi – sentyabrın 19-da ölməz sənətkarın Şuşada ev-muzeyi bərpadan sonra istifadəyə verildi. Bu xüsusda onu qeyd etmək yerinə düşər ki, Üzeyir Hacıbəylinin evi XIX əsrdə inşa olunub, 1959-cu ildən Şuşa işğal edilənədək həmin binada ev-muzeyi fəaliyyət göstərib. Muzeydə Hacıbəylilər ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar – ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırıb, eksponatları talanıb, binası isə dağıdılıb, mövcud 1700 eksponatdan yalnız 136-nı qorumaq mümkün olub. Ev-muzeydə Heydər Əliyev Fondu tərəfindən 2022-ci ilin aprel ayından bərpa işləri aparılıb. Bu məqamda onu xüsusilə vurğulamalıyıq ki, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu həm xaricdə, həm də ölkəmizin hər yerində, o cümlədən də işğaldan azad olunan torpaqlarda tarixi missiyasını uğurla aparır, mədəni irsimiz bərpa olunur, bayramlar, əlamətdar günlər yüksək səviyyədə qeyd edilir. Məhz Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpası da ermənilərin hər vəchlə özününküləşdirməyə çalışdığı milli musiqimizin qorunub yaşadılmasına xidmət nümunəsi olmaqla işğaldan azad edilən torpaqlarda tarixi-mədəni irsimizə, mənəvi dəyərlərimizə qayıdışa mühüm töhfə kimi vurğu gərəkdirir...

Ümumi fikir olaraq onu demək olar ki, Dövlət Suverenliyi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günlərinin qeyd olunduğu tarixi gündə Prezidentin Qarabağ səfəri həm təhsil, iqtisadi, mədəni, turizm səmərəsi, həm də eyni zamanda ictimai-siyasi əhəmiyyəti ilə seçildi, erməniyönümlü bəzi siyasi dairələrə ünvanlanan tutarlı mesajlarla yadda qaldı. Eyni gündə Böyük Qələbəmizin rəmzi sayılan Şuşada Bayraq Meydanının istifadəyə verilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmininin əyani göstəricisi olan Xankəndidə Qarabağ Universitetinin açılması da bu baxımdan təsadüfi deyildi. Səfərin əsas mesajı isə ölkə Prezidenti tərəfindən Qarabağ Universitetinin müəllim və tələbələri ilə görüş zamanı xalqımızın canında, qanında cövlan edən vətənpərvərliyin, milli ruhun, mənəvi hazırlığın hər şeydən üstün olduğu təlqin edilərək bu vacib amillərin qorunub yaşadılmasının vacibliyi aşılanmaqla ötürüldü. “Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz” – sitatın sonu...

Nail ƏSGƏROV

Nəşr edilib : 23.09.2024 18:32