NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Prezident Tokayev: Trans-Qazaxıstan dəmir yolu dəhlizinin inkişafını sürətləndirmək lazımdır

...

Yüklərin daşınması üzrə beynəlxalq rəqabətdə bizim böyük üstünlüyümüz tranzitdir. Bu üstünlükdən tam və səmərəli istifadə edilməlidir.

"Şərq qapısı" Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin geniş tərkibdə iclasında deyib.

Onun sözlərinə görə, Trans-Xəzər marşrutunun əsas halqasına çevriləcək Trans-Qazaxıstan dəmir yolu dəhlizinin inkişafını sürətləndirmək lazımdır. Tokayev əlavə edib: “Bu istiqamətdə bəzi mühüm layihələr həyata keçirilir, lakin biz gələcəyə doğru fəaliyyətimizi davam etdirməliyik. Mən “Moyıntı-Kızıljar” yeni dəmir yolu xəttinin tikintisinə başlanılması və Kızıljar stansiyasından Aktau limanına qədər avtomobil yolunun xüsusilə sıx olan hissələrinin müasirləşdirilməsi ilə bağlı göstəriş verirəm”.

Kasım-Jomart Tokayev qeyd edib ki, Çin və Mərkəzi Asiya arasında nəqliyyat dəhlizinin potensialını əhəmiyyətli dərəcədə artıracaq Altınkol-Jetıqen sahəsinin də genişləndirilməsi lazımdır.

O vurğulayıb: “Eyni zamanda, dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması ilə bağlı layihələrin vaxtında başa çatdırılması vacibdir. Bütün nəqliyyat növləri ilə daşımaların inteqrasiyasına imkan verən multimodal nəqliyyat qovşaqlarının inkişafına diqqət yetirilməlidir. Cari və növbəti illərdə bu istiqamətdə sıçrayış baş verməlidir”.

Nəşr edilib : 28.01.2025 12:22