NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Prezident İlham Əliyev: “Dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”

...

COP29 – Azərbaycanın beynəlxalq arenadakı fəal rolunun dəyərləndirilməsi

Azərbaycan siyasəti, diplomatiyası bu günlərdə ən böyük tarixi uğurlarından, nailiyyətlərindən birini yaşayır. Dünyanın 200-ə yaxın ölkəsinin yekdil qərarı əsasında paytaxt Bakı şəhəri ən nəhəng ictimai-siyasi platformalardan sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) müvəffəqiyyətlə ev sahibliyi edir. Konfrans yüksək səviyyədə təşkili, dünya dövlət başçılarının etimadı, rəğbəti, yeni əməkdaşlıqların qurulması ilə bir ilə yaxındır, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan, müxtəlif dezinformasiyalarla beynəlxalq sessiyaya kölgə salmağa çalışanlara ən tutarlı, sanballı cavabları ünvanlamaqdadır. Noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev dövlətimizin uğurla reallaşdırdığı “yaşıl enerji” siyasətindən, yaşıl gündəlikdən söhbət açdı, Qərbin çirkin siyasi oyun aparanlarına mühüm siyasi mesajlar verdi...
COP29-un ev sahibliyi məsələsini dar düşüncədən, düşmən mövqeyindən gündəmə gətirən, ölkəmizə qarşı ittihamlarla danışan iftiraçı dairələr yaxşı olardı ki, bir qədər keçmişə nəzər salıb Azərbaycanın hansı beynəlxalq tədbirləri necə yüksək səviyyədə təşkil etdiyini görsünlər. Azərbaycan indiyə kimi “IV İslam Həmrəyliyi Oyunları 2017”, “IV Bakı Beynəlxalq Humanitar Forumu”, “Bakı-2015” birinci Avropa Oyunları”, “Beynəlxalq Astronavtika Konqresi” və “Formula 1” kimi beynəlxalq səviyyəli tədbirlərin timsalında əsl etibarlı ev sahibliyi nümunəsi yarada bilib. Həmçinin 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməklə beynəlxalq münasibətlərin möhkəmləndirilməsinə əvəzsiz töhfələr verən Azərbaycan 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edən ölkəmiz BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edir. Xülasə, Cənubi Qafqazın lideri həm regional, həm də beynəlxalq müstəvidə çoxtərəfli əməkdaşlıqların qurulmasında, tərəfdaşlıqların möhkəmləndirilməsində mühüm rola malikdir. Məhz bütün bu amillər  200-ə yaxın ölkə rəhbərinin tərəddüdsüz Azərbaycana növbəti etimadına, etibarina səbəbiyyət yaratdı. Ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi siyasi, iqtisadi faydalar inam yaradır ki, COP29 vəsiləsiylə qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə dövlətlərarası körpülərin qurulmasında əhəmiyyətli addımlar atılacaq, müsbət nəticələr əldə olunacaq. Prezident İlham Əliyev sessiyanın Liderlər Sammitinin açılış mərasimində bu məsələlərə xüsusi toxunaraq verilən yekdil qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenadakı fəal rolumuzun dəyərləndirilməsi olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycanı təkcə coğrafiya baxımından deyil, əməkdaşlığa töhfə cəhətdən də  Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkə adlandırdı: “Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib".
Azərbaycanın Avropa məkanında etibarlı enerji, ticarət tərəfdaşı kimi tanınmasından möhkəmcə təlaşlanan Qərbin bəzi dairələrinin növbəti qarayaxma kampaniyaları – muzdlu medianı işə salaraq neft, qaz məsələsini qabartmaqla aparılan iqlim dəyişiklikləri ilə mübarizəyə, “yaşıl enerji” siyasətinə kölgə salmaq cəhdləri də uğursuz və tutarsızdır. Həmin dairələrə və onların əlaltılarına belə həssas, ümumbəşəri mövzu üzərindən ölkəmizə iftira atmadan öncə gözlərini yaxşı-yaxşı açıb COP-un qısa tarixinə nəzər salmaqlarını tövsiyə edərdik. Və görsünlər ki, bizdən öncə ev sahibliyini yerinə yetirmiş iki ölkə (Misir, Birləşmiş Ərəb Əmirlikləri) Azərbaycandan qat-qat çox neft hasilatına malikdir. Görməli olduqları digər məqam – COP30 Brazilyada keçiriləcək və həmin ölkənin də neft ixracatında reytinqi yüksəkdir... İkrah doğuran hal isə ölkəmizi ittiham edənlər arasında ən çox neft və qaz hasil edən ölkənin media qurumunun da yer almasıdır. Prezident İlham Əliyev də sessiyanın Liderlər Sammitinin açılış mərasimində dezinformasiya yayan həmin mediaya düzgün, faktlı informasiya verməklə doğru istiqamət göstərdi: “Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik”.
COP29-un əhəmiyyətinə gəldikdə isə Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizə, “yaşıl dünya naminə”, “yaşıl enerji” barədə gündəliyi, hədəfləri bəllidi. Ölkə başçısının 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bu məsələ xüsusilə diqqətdə saxlanılıb. Sosial-iqtisadi inkişafa dair beş Milli Prioritetdən biri kimi müəyyən olunan “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetləri üzrə ötən dövrdə bir sıra layihələrə imza atılıb. Şərqi Zəngəzur, Qarabağ və Naxçıvanın “yaşıl enerji zonaları" elan edilməsi və bu istiqamətdə görülən işlər sözügedən prioritetlərin icrası baxımından xüsusilə diqqəti çəkir. Nümunə üçün işğaldan azad olunan ərazilərdə, o cümlədən Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının tikintisi, eləcə də Naxçıvanda bərpa olunan enerji mənbələrinə dair mövcud infrastruktur, muxtar respublikada “yaşıl enerji” istehsalı üçün dövlət tərəfindən 1000 hektar ərazinin ayrılması və bunlara müvafiq digər tədbirlərin həyata keçirilməsini qeyd edə bilərik. Ölkəmizdə “yaşıl enerji”yə uğurlu keçidin nəticəsidir ki, əvvəlki illərlə müqayisədə 2023-cü ildə Azərbaycanda bərpa olunan enerji mənbələrinin gücü 373,6 meqavat artıb. Naxçıvandakı stansiyaların hazırkı generasiya gücü isə 244.8 MVt-dır və yaxın illərdə bu göstəricinin 6 dəfə artırılması, 1500 MVt güc əlavə olunması nəzərdə tutulur. Bu tədbirlərin davam kimi, COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi də ölkəmizin ümumbəşəri hədəflərə doğru inamla irəlilədiyini göstərir... Dövlətimizin başçısı COP29-un Liderlər Sammitinin açılış mərasimində ölkəmizin yaşıl gündəliyi haqqında zəngin məlumatlar verdi, 2030-cu ilə qədər, təxminən, altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırıldığını, 10 giqavatlıq bərpa olunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumlarının imzalandığını bildirdi. Yaşıl gündəliyin gələcək perspektivlərindən danışan Prezident görüləcək işlərin bu sahədə hələ başlanğıc olduğunu vurğuladı: “Biz həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu bizə Avropaya "yaşıl enerji"ni ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu yalnız başlanğıcdır”.
Ümumilikdə, onu vurğulamaq olar ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində dünyanın aparıcı liderlərinin ölkəmizə səfərləri, müxtəlif siyasi ekspertlər tərəfindən səslənən fikirlər tədbirin yüksək səviyyədə təşkilindən xəbər verir. Və beləliklə, Azərbaycanın beynəlxalq səviyyədə böyük diplomatik uğurunu, faydalı əməkdaş, etibarlı tərəfdaş imicini gözü götürməyən dairələrin apardığı qarayaxma kampaniyaları, sessiyanı boykot etmək planları fiyaskoya uğramaqdadır. Ölkə başçısının dəqiqələr, saniyələr içərisində ünvanladığı tutarlı siyasi mesajlar bir ildir boykota təşviqlə məşğul olan qüvvələrin çətin ki, yaddaşlarından tez zamanda silinər: “Mənim sonuncu mesajım, təxminən  bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”

Nail ƏSGƏROV

Nəşr edilib : 13.11.2024 15:54