NAXÇIVAN :

31 Oktyabr 2026, Şənbə

“Özü öpsün həsrət dolu üzümdən”

...

... Həyətin qapısı açılanda ailə üzvlərinin baxışları bir anlıq böyük qapıya yönəlir. Yenə bir ümidlə gözləyirlər. Bəlkə illərdir, intizarında olduqları xəbəri kimsə gətirib? Bəlkə bir vaxtlar Vətənin müdafiəsinə yollanan oğulları geri dönüb? Amma qapıdan yenə başqa insanlar kimi biz daxil oluruq içəri. İllər keçir, günlər bir-birini əvəzləyir. Hər qapı taqqıltısında, hər ayaq səsində onların saçlarına bir az da dən düşür. İntizar isə dəyişməz iç səslərinə çevrilir. “İtkin şəhid ailələrinin həyatında zamanın yolu tam fərqli istiqamətdən axır”, – deyirlər. İllər bir-birini əvəz etsə də, onların yaddaşında hər şey son telefon danışığında, son sözdə, bir daha görə bilmədikləri doğmalarının simasında donub qalır. Bəzən bir əşya, bir foto illərin danışa bilmədiyi həqiqətləri, duyğuları, hissləri söyləyir. Özü də səssiz-səmirsiz. Bəzən isə bu səssizlik ən ağır fəryada çevrilir.
Onlar üçün Vətən, sadəcə, doğulduqları torpaq deyildi. Vətən ailələri, doğmaları, böyüdükləri küçələr, uşaqlıq xatirələri, gələcək nəsilləri azad yurdda görmək üçün yaşadıqları duyğu idi. Həyatda elə adlar var ki, zaman keçdikcə yaddaşlardan silinmir, əksinə, daha da ucalaraq ailələrinin, doğmalarının və bütöv bir xalqın qəlbində yaşamağa davam edir. İbrahim Vəlizadənin adı da belə adlardandır. O, Vətən qarşısında öz borcunu yerinə yetirmək üçün döyüşə yollanan, taleyini Azərbaycanın taleyi ilə bağlayan igid oğullardan idi. Onun həyatında uşaqlıq xatirələri, ailəsi, doğmaları, arzuları, ən əsası gələcəyə dair planları vardı. Lakin ölkənin ağır günləri bütün bunlardan daha böyük bir məsuliyyəti önə çıxardı: Vətəni qorumaq.
“Bir ana, ata üçün oğlunun olması qürurdur, yoxluğu isə böyük həsrətdir. Həqiqətən də, İbrahimin həsrəti çox çətindir, ağırdır, acıdır. Çəkmək olmur, dözmək olmur. Amma dözürük. Bir şey var: Vətən uğrunda gedən oğullar həmişə ölməzdir, qəhrəmandır. Bütün şəhidlərimiz qəhrəmandır” – məğrur duruşunun titrək səsindən eşidirik Xurşud ananı. Bəli, bu gün İbrahimdən danışarkən insanın dilinə ilk olaraq “itkin” sözü gəlir. Amma onun ailəsi üçün İbrahim yalnız itkin deyil. O, illərdir, yolu gözlənilən bir övlad, qardaş, doğma, əziz insandır.   İtkinlik bəzən ölüm xəbərindən də ağır olur. Çünki burada hər qapı döyüləndə “bəlkə...” deyərək yenidən ümidlənən bir ana ürəyi, bir ata qəlbi var.
Deyilən son sözlər, son telefon danışığının təfərrüatları ailənin yaddaşında silinməz iz buraxıb. Heç kim bilməzdi ki, həmin danışıq illərlə davam edəcək bir intizarın başlanğıcı olacaq. Atası Səməd kişi ona “dədə” deyərdi, ata adının hörmətinə görə. “Başına dönüm, bala, qurban olum” deyə-deyə nəsə hiss etmişdi sanki anası: “Amma İbrahim heç bir sirri bizə verməzdi. Son danışığında da üzündə başqa bir mimika yox idi, gülüşü doğulduğu gün kimi yadımdadı. Balaca oğlum yanımda idi. Dedi, Vurğun, yaxşı oxu dərslərini. Atamın, anamın sözünə bax, üzlərindən öp, görüm mən də. Oğlumun yoxluğu məni çox üzür. Həqiqətən, amma içimdə bir hiss var ki, oğlum bu dəqiqə xidmətdədir, onu xidmətdə hiss edirəm. Allah xeyirli bir xəbərini yetirsin mənim balamın. Özü öpsün həsrət dolu üzümdən”. İlahi, bu qədər ağır cümlə olar?! Bir atanın dilindən çıxan bu sözlərdə necə böyük bir həsrət, necə bitməyən ümid var?! İtkinlik yalnız yoxluq deyil. Bu, cavabı bilinməyən suallarla yaşamaq, ümidlə qorxu arasında qalmaq, hər qapı döyülməsini bir qayıdış arzusu kimi qarşılamaq hər gün eyni sualı özünə verməkdir: Görəsən, nə baş verdi? Vəliyevlər ailəsi üçün də ən ağır olan təkcə zamanın keçməsi deyil, qeyri-müəyyənlikdir. Çünki cavab olmadıqda hər ehtimal insanın düşüncəsində yaşayır, ümid isə elə bu qeyri-müəyyənliyin içində özünə yer tapır. 
Bəzən ailənin susqunluğu bütün sözlərdən daha çox danışır. İbrahim Vəlizadənin həyat hekayəsinin arxasında uşaqlıq xatirələri, ailə sevgisi, Vətənə bağlılıq və yarımçıq qalmış arzular dayanır. Hər il onun yoxluğu daha dərindən duyulur, onunla bağlı xatirələr isə ailəsi üçün həm kədərə, həm də qürura çevrilir.
Bu gün ailənin səssiz otağında İbrahimdən yadigar qalan əşyalar qorunur. Onları 2022-ci ildə atası axtarışlar zamanı tapıb. Səməd Vəliyev həmin günləri belə xatırlayır: “Axtarışlarda özüm iştirak etmişəm. Zərbə almış telefonunu tapdım. Nə qədər çalışsaq da, telefon işlək vəziyyətə düşmədi. Sonra ayağına kəmərlə bağlanan tapançasını tapdıq, güllə dəymişdi. Ən axırda avtomatını atmışdı, maqazini boş idi. Və şəxsi əşyasını tapdım, onu da evdə, burada saxlayırıq”.
Bu hekayələr yalnız keçmişdən danışmır. Onlar bu günümüzə də səslənir. “Canın o torpaqdan dəyərlidirsə, üstündə gəzdiyin torpaq sənin Vətənin ola bilməz”. Bəli, bu fikirləri İbrahim döyüşə getməmişdən qabaq yazmışdı. “Murov qartalı”nın adını bu gün qardaşının övladı daşıyır. “Bu mənə böyük qürur, fəxr verir. Qardaşı olaraq qardaşımın istəyini, arzusunu yaşatmaq üçün öz övladıma qardaşımın adını qoymuşam. Ümid edirəm ki, mənim qardaşımın döyüşdüyü o torpaqlarda, onun adını daşıyan övladım Vətən qarşısında öz borcunu yerinə yetirər, xidmət göstərər və əmisinin adını yaşadar”, – deyir qardaşı İlkin Vəliyev. Bəzi insanlar tarixə öz adları ilə yazılır, bəziləri isə taleləri ilə. “Üstündə gəzdiyin torpaq sənə Vətən ola bilməz”, – deyən İbrahim yaddaşımızda yaşayan bir tarixdir. Şəhidimizin adı çəkiləndə yalnız bir insan xatırlanmır. Həmin adla birlikdə bir ailənin ağrısı, bir xalqın yaddaşı, Vətən uğrunda mübarizənin ağır səhifələri yada düşür.
Şəhidlik Vətən uğrunda göstərilən ən böyük fədakarlığın ifadəsidir. İbrahim Vəlizadənin həyat hekayəsi bir ailənin ağrısı ilə qəlbimizə toxunur, xalqımızın yaddaşında isə Vətənə bağlılığın, sədaqətin və yarımçıq qalmış arzuların rəmzi kimi yaşayır. Onun haqqında danışmaq yalnız keçmişi xatırlamaq deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk etməkdir. Çünki Vətən yalnız torpaqdan ibarət deyil. O həm də uğrunda mübarizə aparan insanların xatirəsi, doğmalarının həsrəti, ailələrin illərdir, yolunu gözlədiyi ümiddir.
Bəzi insanlar itkin düşür, amma adları heç vaxt itmir. İbrahim Vəlizadə kimi...

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 31.10.2026 17:26