“Özü öpsün həsrət dolu üzümdən”
17:26 31.10.2026
0
0
0
NAXÇIVAN :
31 Oktyabr 2026, Şənbə
Elə şəhərlər var ki, onların gözəlliyi gur küçələrində, hündür binalarında, bitib-tükənməyən hərəkətində üzə çıxır. Elə şəhərlər də var ki, özünü sakitliyi, rahatlığı və insana yaşatdığı doğmalıq hissi ilə sevdirir. Naxçıvan mənim üçün daha çox ikinci qəbildəndir. Küçələrinin səliqəsi, həyatın özünəməxsus ahəngi, insana rahatlıq bəxş edən mühiti bu qədim yurdun xarakterini göstərir. Burada gözəllik bəzən dağların şəhərlə qovuşduğu mənzərədə, bəzən də insana rahatlıq bəxş edən mühitində gizlənir. Bu şəhərin sübh çağlarının ayrı bir sehri var. Günəş üfüqdən yüksəldikcə şəhər işığa bürünür. Dağların ətəyinə, küçələrə, binaların üzərinə yayılan şəfəqlər Möminə xatun türbəsinin üzərinə düşdüyü an şəhərin minillik tarixi sanki yenidən canlanır. Abidənin kərpic divarlarında bərq vuran gün işığı həndəsi naxışları üzə çıxarır, əsrlərin yadigarı olan memarlıq nümunəsinə yeni bir canlılıq verir. Elə bil təbiətin işığı ilə sənətkarın yaratdığı gözəllik bir nöqtədə qovuşur. Bu mənzərə insanı istər-istəməz düşündürür: əsrlər əvvəl ucaldılmış bir abidə bu gün də öz əzəmətini qoruyur, hər yeni səhərdə sanki tarixini yenidən danışır.
Azərbaycan memarlıq məktəbinin görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin yaradıcılığının parlaq nümunələrindən olan və XII əsrdə inşa edilmiş Möminə xatun və Yusif Küseyir oğlu türbələri memarın yüksək sənətkarlıq bacarığını, həndəsi dəqiqliyini və bədii təfəkkürünü əks etdirir. Naxçıvanqala, Xan sarayı və şəhərin digər tarixi-memarlıq nümunələri də bu qədim yurdun çoxəsrlik inkişaf yolundan xəbər verir. Bu abidələrin qorunması yalnız qədim tikililəri saxlamaq deyil, onların daşıdığı mədəni dəyərləri gələcək nəsillərə ötürmək deməkdir. Buna görə də tarixi irsin mühafizəsi ilə bağlı atılan addımlar Naxçıvanın bu gününə olduğu qədər, sabahına da xidmət edir. Bu baxımdan, Prezident İlham Əliyevin 2025-ci ilin 18 sentyabrında Naxçıvan şəhərində Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında imzaladığı Sərəncam və ya 2026-cı il 16 mart tarixli Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında Sərəncam Naxçıvan memarlıq məktəbinin qiymətli nümunələrinin qorunmasına, onların gələcək nəsillərə çatdırılmasına dövlət səviyyəsində göstərilən diqqəti əks etdirir.
Lakin qədim şəhərin dəyəri yalnız keçmişdən qalan abidələrlə müəyyənləşmir. Şəhər həm də insanların gündəlik həyatını yaşadığı, dəyişən ehtiyacların qarşılandığı və gələcəyin qurulduğu məkandır. Naxçıvanın bugünkü simasında bu iki istiqamətin qovuşmasını görmək mümkündür. Müasir yaşayış binaları, təhsil və səhiyyə müəssisələri, abadlaşdırılan küçələr, parklar və ictimai məkanlar şəhərin gündəlik həyatını formalaşdırır. Həmçinin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu məsələlərə xüsusi aktuallıq qazandırır. Qədim və zəngin memarlıq irsinə malik Naxçıvan üçün bu il şəhərin tarixi kimliyinin qorunması ilə gələcək inkişafının uzlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə Orta Dəhlizin strateji əhəmiyyətli hissəsi olan Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafını nəzərdə tutan yeni Baş Planın hazırlanması və təqdim olunması da xüsusi əhəmiyyət kəsb edir. Sənəd şəhərin məkan inkişafının, yaşayış ərazilərinin, nəqliyyat sisteminin, sosial infrastrukturunun və mühəndis-kommunikasiya təminatının gələcək istiqamətlərini müəyyənləşdirir. Yeni layihələr həyata keçirilərkən bu özünəməxsusluğun qorunması şəhərin simasının itirilməməsi baxımından vacibdir.
Bu baxımdan, hər il oktyabrın 31-də qeyd olunan Ümumdünya Şəhərlər Günü də şəhərlərin dayanıqlı inkişafına, insanların həyat keyfiyyətinin yüksəldilməsinə və əlverişli yaşayış mühitinin yaradılmasına diqqət çəkir. Bu günün mahiyyəti şəhərlərə yalnız tikililərdən ibarət məkan kimi deyil, insanın həyatını, mədəniyyətini və gələcəyini formalaşdıran canlı mühit kimi yanaşmaqdan ibarətdir. Naxçıvan şəhərinin timsalında isə bu yanaşma keçmişin qorunması ilə müasir ehtiyacların qarşılanması arasında tarazlığın nə qədər vacib olduğunu göstərir.
Axşam yaxınlaşdıqca şəhərin görünüşü yenidən dəyişir. Günəş yavaş-yavaş gözdən itir, şəhərin küçələrində axşam işıqları yanır. Naxçıvan gecənin sakitliyinə qovuşarkən onun qədim abidələri, müasir məkanları və doğma mənzərələri vahid bir şəhər mənzərəsində birləşir. Sabah yenə günəş doğacaq, yenə öz şəfəqləri ilə Naxçıvanın müasir simasını işıqlandıracaq. Şəhər öz tarixindən güc alaraq gələcəyə doğru yoluna davam edəcək. Əsas məsələ bu yolda onun memarlıq irsini, özünəməxsus ruhunu və insanlara bəxş etdiyi rahatlığı qorumaqdır. Çünki Naxçıvanın gələcəyini qurmaq, eyni zamanda əsrlərin bizə əmanət etdiyi gözəlliyi yaşatmaq deməkdir.
Səmayə RƏHİMQIZI
Digər xəbərlər