Zəngəzur dəhlizi üzərində Babək rayonu
14:08 31.10.2026
0
0
0
NAXÇIVAN :
31 Oktyabr 2026, Şənbə
Bütün dövrlərdə inkişafın, yüksəlişin və uğurların başlıca şərtlərindən biri olan təhlükəsizlik həm də davamlı sabitliyin, əmin-amanlığın təminatıdır. Təhlükəsizliyin olmadığı yerdə dayanıqlı inkişafdan, əldə olunan nailiyyətlərin qorunmasından danışmaq mümkün deyil. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin üzləşdiyi çətinliklər də bunu bir daha təsdiqləyir.
Yetmiş illik sovet əsarətindən qurtularaq müstəqilliyini bərpa edən Azərbaycan həm Ermənistanın hərbi təcavüzü, həm də daxili siyasi çəkişmələr səbəbindən ağır sınaqlarla üz-üzə qaldı. Dövlət müstəqilliyinin və ölkənin gələcəyinin təhlükə altına düşdüyü həmin mürəkkəb dövrdə Azərbaycanın müxtəlif bölgələrində xaos və özbaşınalıq hökm sürürdü. Belə bir şəraitdə, 1991-ci il sentyabrın 7-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Ali Məclisin sessiyasında Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bununla Naxçıvanda müdafiə qüvvələrinin təşkili və ordu quruculuğu istiqamətində mühüm addım atıldı.
Dahi rəhbər xalqı Vətənin müdafiəsi naminə birliyə və ordu quruculuğuna dəstək verməyə çağırdı. Xalq bu çağırışa böyük həmrəyliklə cavab verdi, hər kəs əlindən gələni əsirgəmədi. Həmin illərdə neçə-neçə ananın, qız-gəlinin sandığı açıldı. Məğrur qadınlarımız ailə yadigarı kimi qoruyub saxladıqları zinət əşyalarını, toy-düyün xatirələrini, ən əziz əmanətlərini silah alınması üçün Dövlət Müdafiə Komitəsinə bağışladılar. Bu, sadəcə, maddi yardım deyildi. Bu, xalqın öz rəhbərinə inamının, Vətən sevgisinin və müstəqilliyi qorumaq əzminin ifadəsi idi. Naxçıvanda yaranan milli birlik və həmrəylik ordu quruculuğunun möhkəm təməlinə çevrildi.
1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin qorunması ilə yanaşı, ordu quruculuğunu da prioritet istiqamət kimi müəyyənləşdirdi. Naxçıvanda əsası qoyulan bu strateji xətt ölkə miqyasında davam etdirildi, nizami ordunun formalaşdırılması və möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüldü. Dahi rəhbərin müəyyənləşdirdiyi ordu quruculuğu siyasəti onun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yeni mərhələyə yüksəldildi. Nəticədə, Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin etibarlı təminatçısına, xalqımızın güvənc yerinə çevrildi.
Ötən illər ərzində Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi müdafiə sahəsinə ayrılan vəsaitin artırılmasına, ordunun maddi-texniki bazasının gücləndirilməsinə və hərbi potensialın müasir tələblərə uyğun yenilənməsinə imkan yaratdı. Torpaqlarımızın bir hissəsinin işğal altında olduğu dövrdə güclü orduya sahib olmaq ölkəmiz üçün həyati əhəmiyyət daşıyırdı. Buna görə də hərbi potensialın artırılması ilə yanaşı, müdafiə sənayesinin yaradılması və inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirildi.
Bu gün Azərbaycanda müxtəlif növ silahların, döyüş sursatlarının, hərbi texnikanın və pilotsuz uçuş aparatlarının istehsalı müdafiə qabiliyyətimizin gücləndirilməsində mühüm rol oynayır. Milli müdafiə sənayesinin inkişafı ordunun təchizat imkanlarını genişləndirməklə yanaşı, ölkənin bu sahədə xarici mənbələrdən asılılığının azaldılmasına da xidmət edir. İstehsal potensialının genişləndirilməsi Azərbaycanın hərbi məhsullarının beynəlxalq bazarlara çıxarılması üçün də imkanlar yaradır.
Müasir silah və texnika, peşəkar hərbi kadrlar, döyüş hazırlığının yüksəldilməsi, qabaqcıl texnologiyaların tətbiqi və strateji tərəfdaşlıqlar Azərbaycan Ordusunun gücünü müəyyənləşdirən əsas amillərdəndir. Uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimiz müasir dövrün çağırışlarına cavab verən hərbi potensiala yiyələnib.
Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etdi. Bu tarixi hadisələr dövlətçilik salnaməmizdə yeni mərhələnin başlanğıcı oldu. Qazanılan uğurların arxasında yalnız hərbi güc deyil, həm də uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, iqtisadi inkişaf, fəal diplomatiya, ordunun müasirləşdirilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi dayanırdı. Otuz ilə yaxın müddətdə beynəlxalq ictimaiyyətin bir çox üzvü Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanısa da, münaqişənin həlli istiqamətində göstərilən səylər nəticə vermirdi. Beynəlxalq hüququn norma və prinsiplərinə münasibətdə nümayiş etdirilən ikili standartlar, qəbul olunan qərarlarla real addımlar arasındakı ziddiyyətlər ədalətin bərqərar olmasını ləngidirdi. Azərbaycan xalqı bu illər ərzində səbir və qətiyyətlə öz haqqını müdafiə etdi. Nəhayət, xalqımızın birliyi və ordumuzun gücü sayəsində tarixi ədalət bərpa olundu. “Dəmir yumruq” ətrafında birləşən xalqımız Vətən müharibəsində Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünün bərpasına nail oldu.
Qarabağ Zəfəri Azərbaycanın siyasi iradəsinin, milli birliyinin və dövlət gücünün vəhdətinin təntənəsi idi. Bununla belə ərazi bütövlüyünün və suverenliyin bərpası təhlükəsizlik məsələlərinin aktuallığını aradan qaldırmır. Əksinə, dəyişən beynəlxalq münasibətlər, dünyada və regionumuzda davam edən münaqişələr, yeni təhlükəsizlik çağırışları müdafiə qabiliyyətinin daim gücləndirilməsini zəruri edir.
Bu gün də Azərbaycanın təhlükəsizlik siyasətində güclü ordu quruculuğu prioritet istiqamətlərdən biri olaraq qalır. Dövlətimizin başçısı hərbi potensialın davamlı inkişafını, ordunun müasir silah və texnika ilə təchiz edilməsini, hərbi qulluqçuların peşəkarlığının artırılmasını ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinin mühüm şərtləri kimi müəyyənləşdirib.
Son illərdə müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılan vəsaitin artırılması da bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir. 2026-cı ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün, təxminən, 8,7 milyard manat vəsait nəzərdə tutulub. Bu göstərici ölkəmizin təhlükəsizliyinin təmin edilməsinə, ordunun döyüş qabiliyyətinin yüksəldilməsinə və müdafiə sənayesinin inkişafına verilən əhəmiyyətin ifadəsidir.
Dövlətimizin başçısı ordu quruculuğunun və müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayaraq deyib: “Biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən, 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur”.
Güclü ordu ölkəmizin müdafiə qabiliyyətini möhkəmləndirməklə yanaşı, regionda sülhün və sabitliyin qorunmasına da töhfə verir. Çünki dövlətin təhlükəsizliyinin etibarlı təminatı mümkün təhdidlərin qarşısını almaq, müharibə riskini azaltmaq və sülhün davamlılığı üçün əlverişli şərait yaratmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını qorumağa qadirdir. Müzəffər Ordumuz xalqımızın güvənc yeri, müstəqilliyimizin və təhlükəsizliyimizin əsas təminatçılarından biridir. Güclü dövlət, qüdrətli ordu və milli birlik Azərbaycanın gələcək inkişafının, sabitliyinin və təhlükəsizliyinin başlıca dayaqlarıdır.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər