NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ombudsman Günay Rzayeva: "Dövlət gənclər siyasəti hüquqi əsaslarla, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir"

...

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə “Gənclər və hüquq: dövlət siyasəti və prioritet istiqamətlər” mövzusunda tədbir keçirilib.
Ombudsman Günay Rzayeva, Müvəkkil aparatının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondu Naxçıvan filialının əməkdaşları, gənclər və media nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ombudsman Günay Rzayeva Beynəlxalq Gənclər Günü münasibətilə gəncləri təbrik edərək ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin hüquqi və institusional əsaslarının Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edildiyini, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən ardıcıl və uğurlu şəkildə davam etdirildiyini vurğulayıb.
O, dövlət gənclər siyasətinin hüquqi əsaslarla, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini vurğulayaraq ötən dövr ərzində gənclərin hüquqlarının müdafiəsi istiqamətində mühüm qanunvericilik bazasının formalaşdırıldığını, ölkə başçısı tərəfindən qəbul olunmuş Dövlət proqramlarının muxtar respublikada uğurla icra edildiyini və gənclərin sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsində sistemli tədbirlərin icra olunduğunu diqqətə çatdırıb.
Sonra Müvəkkil aparatının əməkdaşı Samir Tarverdiyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Gənclər Fondunun Naxçıvan filialının əməkdaşı Fatimə Yusifli mövzu ilə bağlı çıxışlar ediblər.
Daha sonra Ombudsman aparatı tərəfindən hazırlanmış ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edən videoçarx nümayiş olunub.
Sonda muxtar respublikada fəallığına görə fərqlənən gənclərə müvəkkil tərəfindən təbriknamələr və hədiyyələr təqdim edilib.

Nəşr edilib : 12.08.2025 18:32