Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb ...
18:30 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Hərbçi övladı olmaq şərəfli olduğu kimi də çətindir. Günlərlə ata üzü görə bilməmək, təhsilini ayrı-ayrı məktəblərdə davam etdirmək məcburiyyətində qalmaq, gecə gələn zənglərdən sonra işə tələsən atanın getdiyi yollara həsrətlə baxmaq. Onun gəlişini səbirsizliklə gözləmək. Ən çətin olanı isə onun getdiyi yerlərdən günlərlə gəlməməsi. Ayları, həftələri atasız keçirmək. Onun səsini duymaq üçün gözü telefonda qalmaq. Və ən çətini isə onun Vətəni səndən çox sevdiyini görmək. Çətini və şərəflisi. Dünyada hər kəsdən çox sevdiyin atanın Vətən bayrağına bükülü tabutunu qucaqlayıb onu son mənzilə yola salmaq.
Bunları yaşamaq nə qədər çətin olsa da, onun Vətən fədaisi kimi bir ada sahib olduğunu bilmək hər bir hərbçi övladına qürur yaşadır. Mən də onlardan biriyəm – şəhid Mais Məhərrəmovun qızı Funda. Atam 14 iyul 1982-ci ildə Şahbuz rayonunda anadan olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 17 il Vətənin keşiyində dayanıb.
19 sentyabr 2023-cü il tarixdə Qarabağda Azərbaycan silahlı qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma zamanı, 24 saat davam edən hərbi əməliyyatlar nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyi, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Mən atamla fəxr edirəm, çünki o bu dünyanın ən uca zirvəsində dayanıb. Tez -tez gedirəm məzarı başına, göz yaşımla yuyuram baş daşını. Həmin vaxt baxışlarımız toqquşan zaman gözlərindən oxuduğum “Qızım, səbrli ol, fəxr et atanla, mən ömrümü Vətən yolunda, sizin gözəl gələcəyiniz üçün qurban verdim” – deyir. Bu Vətənin övladları başı dik alnı açıq böyüsün deyə. Bu xalqın qadınlarının namusu hifz olsun deyə kəlimələr mənə sakitlik verir.
Düşünürəm ki, şəhid məzarı bir ovuc torpaq deyil, bütöv bir Vətəndir, azad Azərbaycandır. Gələcəyə işıq salan əbədi məşəldir.
Ramiyyə Əkbərova
Digər xəbərlər