NAXÇIVAN :

07 Oktyabr 2026, Çərşənbə

Aqrar sahə haqqında qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

...

Milli Məclisin Aqrar siyasət komitəsinin ictimai dinləmə formatında iclası keçirilib. İclasda birinci oxunuşda olan iki məsələ - “Aqrar sahə haqqında” və “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitarnəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələri müzakirəyə çıxarılıb.
“Şərq qapısı” xəbər verir ki, komitə sədri Tahir Rzayev Prezident İlham Əliyevin hazırkı dövrdə aqrar sektorun dayanıqlı inkişafını, ərzaq təhlükəsizliyinin təmin edilməsini, kənd təsərrüfatı torpaqlarından istifadənin səmərəliliyiniartırmaqla aqrar məhsulların istehsalı və emalı üçün lazımi şəraitin yaradılmasını, məhsuldarlığın yüksəldilməsini başlıca vəzifə kimi qarşıya qoyduğunu vurğulayıb.
O, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edildiyini, “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” qanunların qəbul edildiyini, “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirədən keçdiyini söyləyib.
Tahir Rzayev bu gün təqdim olunan “Aqrar sahə haqqında” qanun layihəsinin sözügedən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən irəli gələrək hazırlandığını bildirib. O, sənədin aqrar sahədə dövlət tənzimlənməsi və dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən etdiyini deyib. Qeyd edib ki, aqrar sahədə müxtəlif və çoxsaylı qanunlar mövcud olsa da, müasir dövrdə onların sistemləşdirilməsi, bu istiqamətdə vahid qanunvericilik bazasının yaradılması və hüquqi çərçivədə vahid yanaşmanın tətbiqi zəruridir. Bu baxımdan, müzakirəyə çıxarılan qanun layihəsi baza qanunu kimi xarakterizə olunur. Qanunun qəbulu ilə “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv olunur, onların aktual müddəaları yeni qanuna daxil edilir.
Komitə sədri dövlətimizin başçısı tərəfindən həyata keçirilən mühüm tədbirlərin, əldə olunan nəticələrin, imzalanan sənədlərin və qəbul edilən qanunların geniş təşviq olunmasının əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çağırışını xatırladaraq, Azərbaycan reallıqlarının, ölkədə görülən işlərin və mövcud müsbət ab-havanın daim ictimai müzakirələrdə saxlanılmasının vacibliyini vurğulayıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında müzakirəyə təqdim edilən qanun layihəsinin aqrar sahənin, ərzaq təhlükəsizliyinin və kənd yerlərinin dayanıqlı inkişafı, sahənin iqlim dəyişikliklərinə adaptasiyası və torpaqlardan səmərəli istifadə üçün dövlət tənzimləməsi və dəstəyinin hüquqi əsaslarını müəyyən etdiyini bildirib.
Nəzərə çatdırılıb ki, sənəddə 47 əsas anlayış qanun səviyyəsində vahid sistem şəklində təsbit olunur. İlkin emalla sənaye emalı arasındakı sərhəd konkret texnoloji əməliyyatlarla müəyyən edilir.
Daha bir mühüm yenilik dövlət dəstəyi ilə bağlıdır. Belə ki, aqrar məhsul istehsalçıları sahibkarlıq məqsədli fermerlər və ailə-kəndli təsərrüfatlarını əhatə edən digər istehsalçılar olmaqla iki kateqoriyaya ayrılır. Subsidiyadan güzəştli kreditə, sığortadan dövlət-özəl tərəfdaşlığına qədər 12 dəstək aləti ilk dəfə olaraq qanunda təsbit edilir. Bildirilib ki, dəstək informasiya sistemindəki məlumatlar və istehsalçıların reytinqi əsasında göstəriləcək. Layihədə dövlətin aqrar sahədəki 32 istiqamət üzrə vəzifələri müəyyən edilir. Bunların sırasınavergi intizamı və maliyyə şəffaflığı, qeyri-formal məşğulluğunazaldılması, qadınların və gənclərin aqrar fəaliyyətə cəlb edilməsi və sair daxildir.
Nazir bildirib ki, sənəddə torpaq dövlət tərəfindən qorunan əsas istehsal vasitəsi elan olunur. Xırdalanmanın vahid əkin, konsolidasiya və kooperativləşmə yolu ilə azaldılması nəzərdə tutulur. İstifadəyə yararlı torpaqların istifadəsiz saxlanılmasının və əkin yerlərinin yandırılmasının qarşısı alınır. Bununla yanaşı, su itkilərini azaldan suvarma sistemləri, bitki növləri üzrə suvarma normaları və sututarların yaradılması tənzimlənir. Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinin təsirinin azaldılması və adaptasiya tədbirləri tənzimlənir.
Layihədə kənd yerlərinin inkişafına da xüsusi yer ayrılır. Aqroparklar və aqroklasterlər, logistika infrastrukturu və aqroturizm kompleks yanaşma əsasında tənzimlənir. Bazar, yarmarka, fermer mağazası, səyyar satış yerləri, elektron platformalar kimi satış yerlərinin növləri müəyyən edilir. Aqrar kooperativlərə satış yerləri təşkil etmək hüququ verilir.
Qeyd edilib ki, qanunun qəbulu aqrar sahədə normativ tənzimləmənin vahidləşdirilməsini, dövlət dəstəyinin ünvanlı və şəffaf olmasını, resurslardan səmərəli istifadəni təmin edəcək.
Çıxışlarda sənədin əhəmiyyəti, gətirdiyi yeniliklər və sahənin gələcək tənzimlənməsi barədə söhbət açılıb. Həmçinin ölkəmizdə kənd təsərrüfatının mövcud vəziyyəti, aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan ardıcıl islahatlara toxunulub. Qanun layihəsinin torpaq və su resurslarından səmərəli istifadə, bərpaolunan enerji, ekoloji tarazlıq, istehsalın davamlılığı, kəndlərin tərəqqisi, eləcə də "yaşıl" texnologiyaların tətbiqi baxımından xüsusi önəm kəsb etdiyi vurğulanıb.
Sonra komitədə “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda nəzərdən keçirilib.
Bildirilib ki, layihə “Aqrar sahə haqqında” qanun layihəsinə uyğun olaraq hazırlanıb və onun normalarının, o cümlədən həmin qanunda istifadə olunan anlayışların müvafiq sahəvi qanunlarda əks etdirilməsi məqsədi daşıyır.
Müzakirəyə çıxarılan hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Nəşr edilib : 07.10.2026 18:49