NAXÇIVAN :

07 Oktyabr 2026, Çərşənbə

Xanbulağın gileyi

...

Qanlıgöl sututarı artıq su tutmur

Ötən həftələrdə qəzetimizin saytında Şahbuz bulaqlarını gözəlləmə edəndən sonra redaksiyamıza və şəxsi ünvanımıza xeyli sayda xoş fikirlər gəldi. Adət üzrə həftəsonu Küküyə, alma bağlarına baş çəkməyə gedəndə kənddə rastlaşdığımız, ömrünü Dərələyəz dağlarını gəzib-dolaşmaqda keçirmiş ağsaqqallardan biri isə Gurbulağın şənindən sonra Qanlıgölün, Xanbulağın dərdindən də danışdı. Sən demə, Xanbulaq bir-iki ildir, elə bil yetim qalıb, hər üstündən keçənə giley-güzar edirmiş. Və bu giley də bizə gəlib çatdı.

Biz də bu gileydən bərk pəjmürdə olub istədik ki, məsələni araşdıraq. Məsələ də o oldu ki, çox şükür, Xanbulağa heç nə olmayıb. Amma bizim bu təbiət gözəli Qanlıgöl, yaxud Naxçıvan Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəsmi adı ilə desək, Qanlıgöl sututarı artıq su tutmurmuş.

Onu mütləq qeyd edim ki, qışda bu dağlara yağan iki metrdən artıq qarın əriməsindən yaranan sular  və Xanbulaqla  qidalanan Qanlıgöl adi bir su tutarından əvvəl tarixi əsərdir. El təbirincə desək, köhnə kişilərdən olmuş, xalq arasında pulu ilə yanaşı, hörməti və nüfuzu ilə də tanınmış tarixi şəxsiyyət Kalbalı xan Kəngərlinin himayəsi ilə hələ 1864-cü ildə tikilmiş Qanlıgöl, təxminən, 1 milyon kubmetr su tutumuna və geniş sahəyə malikdir. Dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşən bu gölün bugünkü vəziyyəti ilə əlaqədar rəsmi sorğu göndərdiyimiz və opreativ cavab aldığımız həmin idarənin də məlumatında qeyd olunur ki, Şahbuz rayonundakı ümumi sututarların, təxminən, 20 faizi, yəni beşdə biri məhz bu gölün payına düşür.

Bu isə o deməkdir ki, Allah eləməsin, gələcək illərdə builki kimi yağıntı bol olmasa, Kükü çayı hövzəsində yaşayan hər beş nəfərdən birinə içməli su, hər beş ağacdan birinə suvarma suyu çatmayacaq. Qızıl Qışlağın, Ayrıncın bağ-bostanı yanıb məhv olacaq, Sələsüzün üzümlükləri quruyacaq.

Sorğumuza aldığımız cavabda da bu fikir bilavasitə təsdiqlənir: Qanlıgöl sututarı Şahbuz rayonu üçün həm içməli su mənbəyi, həm də suvarma məqsədilə böyük əhəmiyyət daşıyır və ümumilikdə, 350 hektar ərazinin yayın isti vaxtında suvarılmasında həyati əhəmiyyət daşıyır. Eləcə də sorğumuzda irəli sürdüyümüz fikirlərin təsdiqi kimi, adıçəkilən qurum tərəfindən Qanlıgölün bölgənin ekosisteminin qorunmasında və turizm baxımından da əhəmiyyəti qeyd olunur.

Bəs təkcə Şahbuzun yox, Naxçıvanın bu təbiət incisinin dolmama səbəbi nədir? Yerli camaatın dediyinə və sorğumuza aldığımız cavaba görə, Qanlıgölün bəndində yaranmış problemlər son illərdə burada suyun toplanılmasını qeyri-mümkün edir. Şübhəsiz, üzərindən 160 ildən artıq vaxt keçəndən sonra ozamankı texniki imkanlarla, demək olar ki, qol gücünə inşa olunmuş bir bəndin indiyə qədər salamat qalması və güclü aşındırıcı təbii proseslərə qarşı dayanıqlılıq göstərməsi özü bir möcüzədir. Amma bir məsələ də var: vaxtilə ağır texnika olmadan inşa edilən bu bənddə yaranmış nasazlıqlar müasir texniki imkanlarla aradan qaldırıldıqdan cəmi 1 il 6 ay sonra yenidən ortaya çıxıb. Bu isə nə möcüzədir, nə də adi məsələ. Belə ki, qurumdan aldığımız rəsmi cavabda qeyd olunur ki, 2024-cü ildə Qanlıgöl sututarının suburaxıcı qülləsində təmir-bərpa işləri aparılıb. Ancaq nədənsə bu təmir-bərpa işlərinin kim tərəfindən və necə aparılması, nə qədər vəsait xərclənməsi, yaxud qəza nəticəsində yaranması ehtimal olunan risklər haqqında sorğumuza cavab verilmədi. Amma bizə məlumdur ki, bu təmir-bərpa işləri üçün 74 min 877 manat dövlət vəsaiti sərf olunub.

Başa düşürük. Amma o da var ki, bənd inşaatı abadlıq idarəsinin yollarda düzdüyü əyilmiş bordürlər, binaların fasadından tökülən üzlük daşları, yaxud suvağı qopmuş şəhər hasarları deyil ki yola verəsən. Bənd işi diqqət, qayğı və məsuliyyət tələb edən oğul işidir, mürəkkəb mühəndislik sənətidir. Elə Xanbulaq da buna görə küsür. Elə haqlı olaraq bizdən də küsür.       Qanlıgölün bəndi dağılandan sonra daha media qurumları, heç əslən bu kənddən olan jurnalistlər də onu yada salmır. Hanı o günlər? Yaylaqdakı təndir kababı, Xanbulağının buz kimi suyu… Bəlkə də, Xanbulağın gileyi elə bundan ötrüdür.

 Əli  CABBAROV 

Nəşr edilib : 07.10.2026 19:18