NAXÇIVAN :

02 May 2026, Şənbə

NDU-da Azərbaycan dili ilə bağlı respublika konfransı keçirilib

...

Naxçıvan Dövlət Universitetində “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransının açılış mərasimi keçirilib.

"Şərq qapısı" xəbər verir ki, NDU-nun təşkilatçılığı ilə baş tutan konfrans Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və AMEA Naxçıvan Bölməsinin tərəfdaşlığı ilə reallaşıb.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
NDU-nun rektoru Elbrus İsayev çıxışında bildirib ki, konfransın əsas məqsədi Azərbaycan dilinin müasir inkişaf mərhələsində qarşıya çıxan nəzəri və praktiki məsələlərin müzakirəsi, elmi fikir mübadiləsinin aparılması və yeni əməkdaşlıqların qurulmasıdır. O, Prezident İlham Əliyevin dövlət dilinin qorunması ilə bağlı Fərmanına diqqət çəkərək Azərbaycan dilinin tədrisində innovativ yanaşmaların tətbiqi, rəqəmsal resurslarda ana dilindən istifadənin genişləndirilməsi və yeni tədris proqramlarının hazırlanmasının vacibliyini vurğulayıb.
AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinin tarixi əhəmiyyətindən danışıb. 
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev konfransın milli kimliyin qorunması baxımından önəmini qeyd edib, universitetdə fəaliyyət göstərən süni intellekt əsaslı dil laboratoriyası barədə məlumat verib.
ADPU-nun prorektoru Asəf Zamanov isə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsinin milli kimliyin möhkəmlənməsində mühüm rol oynadığını bildirib.
Tədbirdə “Dövlət dili strategiyasına elmin dəstəyi”, “Dil iqtisadiyyatı” və “Dil və milli kimlik” mövzularında məruzələr dinlənilib. Sonda konfransın təşkilində əməyi olan şəxslər təltif edilib.
Qeyd edək ki, iki gün davam edəcək konfrans çərçivəsində 20 elm və təhsil müəssisəsindən 110 əməkdaşın 97 məruzəsi 12 bölmədə təqdim olunacaq.

Nəşr edilib : 01.05.2026 17:58