“Zayed İnsan Qardaşlığı Mükafatı": strateji müdrik...
16:25 20.01.2026
0
0
0
NAXÇIVAN :
20 Yanvar 2026, Çərşənbə axşamı
Ölkəmizdə idmanın inkişafı üçün dövlət səviyyəsində böyük işlər aparılır və bu işlər öz bəhrələrini verir. Bu sırada voleybol idman növünü və qazanılan uğurları da qeyd etmək yerinə düşər. Heç uzağa getmədən bunu muxtar respublikanın timsalında da görmək olar. Qürurvericidir ki, Naxçıvan komandası olaraq Azərbaycan U16 millisində çıxış edərək çempionluq qazanılıb. Yarış müddətincə böyük əzm və iradə sərgiləyən Naxçıvanın istedadlı qızlarının oyunu, doğrudan da, təqdirəlayiq idi. Komandanın üzvü Kəmalə Mahmudlu deyir ki, Azərbaycan çempionu olmaq bizim üçün çox böyük bir qələbədir. İl ərzində çox çalışdıq, çətin anlarımız oldu, amma bir-birimizə güvəndik və bu uğura imza atdıq. Bu qalibiyyət yalnız meydanda oynayanların deyil, həm məşqçilərimizin, azarkeşlərimizin, həm də bizi dəstəkləyənlərin qələbəsidir. Gələcək hədəflərimiz daha böyükdür. Voleybola uşaqlıqdan böyük marağım olub. İlk dəfə məktəbdə məşqlərə qatıldım və zamanla bu idman həyatımın ayrılmaz hissəsinə çevrildi. Ən böyük uğurum Azərbaycan U16 millisində çıxış edərək MDB Oyunlarında bürünc medal qazanmağımız olub. Bundan başqa, Naxçıvan komandası olaraq Azərbaycan çempionluğunu da əldə etmişik. Kəmalə diqqətimizə çatdırır ki, ilk dəfə milliyə çağırıldığım an və beynəlxalq arenada komandamla birgə meydana çıxmaq hissi mənim üçün unudulmazdır. Final setində son xalı qazandığımız an göz yaşlarımızı saxlaya bilmədik. Qürur, sevinc və məsuliyyət bir aradaydı. Hər dəfə meydana çıxanda düşünürəm: “Mən yalnız özüm üçün deyil, bölgəm və ölkəm üçün oynayıram”. Bu böyük məsuliyyətdir. Bu qələbə mənim üçün başlanğıcdır. Növbəti hədəfim A milli komandaya yüksəlmək və beynəlxalq turnirlərdə ölkəmizi təmsil etməkdir. Son illərdə Naxçıvanda idmana, xüsusilə də qızların idmana cəlb olunmasına göstərilən dəstək bizi daha da motivasiya edir. Mənim tövsiyəm budur: heç vaxt arzularınızdan vaz keçməyin. Çalışın, inanın və səbirli olun, hər zəhmətin sonunda mütləq uğur gəlir: “Hər setdə sonadək inanmaq qalibiyyətin açarıdır.
Komandanın digər oyunçusu Ülviyyə Orucova isə bildirdi ki, ilk yarışım Naxçıvanda keçirilən Muxtariyyət Kuboku olub və orada ikinci yeri tutmuşuq. Növbəti yarışım Bakıda təşkil olunmuş respublika birinciliyi idi, burada qızıl medal qazandıq. Daha sonra mən milli komandaya seçildim və MDB Oyunlarında iştirak edərək üçüncü yerə layiq görüldük. Respublika birinciliyi zamanı final oyununda 3-cü setdə 14:4 hesabı ilə geridə idik, amma ruhdan düşmədik. O seti çevirdik və qalib gəldik. Bu an bizim üçün unudulmaz oldu. MDB Oyunlarında Özbəkistan komandası ilə 3:1 hesabı ilə qalib gəldik. Həmin an böyük qürur hissi yaşadım, çünki Azərbaycanı təmsil edirdik. Bu yarış mənə yeni dostlar, yeni təcrübələr qazandırdı. Naxçıvanı və ölkəmizi layiqincə təmsil etdiyim üçün çox sevincliyəm. Hər qələbə bizə daha çox güc və inam verir. Növbəti hədəfim daha güclü oyun sərgiləmək və Naxçıvanı beynəlxalq arenada uğurla təmsil etməkdir. Bu gün Naxçıvanda təkcə voleybola deyil, bütün idman növlərinə böyük diqqət yetirilir. İnsanların, müəllimlərin və azarkeşlərin bizə göstərdiyi dəstək çox önəmlidir. Onlara minnətdarlığımı bildirirəm, çünki onların inamı bizi irəli aparır. İdmanla yeni başlayanlara demək istəyirəm ki, idman insan sağlamlığı üçün çox vacibdir. Əgər həvəsiniz varsa, gecikmədən başlayın. Əvvəldə hər şey çətin görünə bilər, amma davam etsəniz, getdikcə hər şey asanlaşacaq. Heç vaxt bacara bilməyəcəyəm deməyin sadəcə hələ bacarmıram deyin və çalışın.
Biz də gənc voleybolçulara uğurlar arzu edib sağollaşdıq.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər