NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvanda 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib

...

Bu gün Naxçıvanda Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və “Günəş” Uşaq Akademiyasının birgə təşkilatçılığı, həmçinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə tədbir keçirilib.
Naxçıvan Dövlət Milli Dram Teatrında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya 23 aprel tarixinin Türkiyə Cümhuriyyəti üçün önəmindən danışıb, uşaqların cəmiyyətin gələcəyi kimi böyük dəyər daşıdığını vurğulayıb. Qeyd edib ki, bu əlamətdar günün Naxçıvanda böyük coşqu ilə qeyd olunması sevindirici haldır. O həmçinin tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Təhminə Mustafayeva 23 aprel – Milli Suverenlik və Uşaq Bayramının Mustafa Kamal Atatürkün uşaqlara göstərdiyi qayğı və diqqətin bariz təcəssümü olduğunu bildirib. O eyni zamanda vurğulayıb ki, bu torpaqların ən uzunömürlü sahibləri məhz uşaqlardır.
"Günəş" Uşaq Akademiyasının direktoru Ulduz Əliyeva da çıxış edərək bu günün önəm və mahiyyətindən bəhs edib. 
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra “Günəş” Uşaq Akademiyasının üzvləri, “Şərur” gimnastları, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarının uşaqları bir-birindən rəngarəng, möhtəşəm bədii kompozisiyalarla çıxış ediblər. Həmçinin Ümummilli Lider Heydər Əliyevin, dahi öndər Mustafa Kamal Atatürkün aforizmləri səsləndirilib, o cümlədən görkəmli dramaturq Hüseyn Cavidin “Qız məktəbində” şeiri, incəsənət nümunələri nümayiş olunub. Türk sənətçisi Ahmet Şafakın "Azərbaycan-Türkiyə" mahnısı möhtəşəm rəqs şousu ilə səsləndirilib.
Sonda tədbirdə iştirak edən bütün uşaqlar birlikdə "23 nisan kutlu olsun" və “Hayat bayram olsa” mahnılarını ifa ediblər.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 26.04.2026 17:24