Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 29 sentyabr Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd olunur.
Turizm dünyanın bir çox ölkələrində ümumdaxili məhsulun formalaşmasında, yeni iş yerlərinin yaradılmasında və əhalinin məşğulluğunun təmin edilməsində, xarici ticarət balansının gücləndirilməsində iqtisadiyyatın əsas sahəsi kimi götürülür. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resurslara malik olan Azərbaycanda da bu sahənin inkişafı diqqət mərkəzindədir.
Azərbaycanda turizmin inkişafı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafını diqqətdə saxlamışdır. Ötən əsrin 70-ci illərində Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmış, 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. “Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ümummilli liderimizin siyasi xətti bu gün də uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, son illərdə ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının imzaladığı sərəncamlar, qəbul edilən Dövlət proqramlarının uğurlu icrası Azərbaycanı dünyada turizm ölkəsinə çevirmişdir. 2011-ci ilin “Turizm ili” elan edilməsi isə respublikamızda bu sahənin inkişafına göstərilən diqqətin daha bir ifadəsi olmuşdur.
Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edən “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə ölkə Prezidenti tərəfindən 2022-ci il 18 fevral tarixdə Fərman imzalanıb. Turizm sahəsində normativ-hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun yaradılması, ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması turizm xidmətlərinin keyfiyyətinin artırılması və bu kimi yeniliklərin Azərbaycan turizm bazarında tətbiqi bu sahənin inkişafı istiqamətində atılmış uğurlu addımlardır. Azərbaycan Respublikası regionlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bütün sahələrin inkişafı ilə yanaşı, turizmin inkişafı da prioritet sahələrdən biri kimi qeyd olunmuşdur. Muxtar respublikanın duz yataqları, mineral suları, tarixi və dini abidələrindən, ekoturizm üçün təbii əlverişli şəraitindən yararlanmaqla, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş tədbirlərin görülməsi nəzərdə tutulur. Sağlamlıq turizminin imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsi də Dövlət Proqramında qeyd olunan əsas tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artırılması və tarixi memarlıq abidələrinin beynəlxalq səviyyədə qorunması məqsədilə həmin abidələrin UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün işlərin aparılması, eyni zamanda regionun turizm potensialının gücləndirilməsinə əhəmiyyətli təsir göstərəcək turizm və rekreasiya zonalarının yaradılması, turizm potensialının təbliği ilə bağlı layihələrin həyata keçirilməsi və turizm atlasının hazırlanması istiqamətində tapşırıqlar ön plana çəkilmişdir.
Ötən dövrdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Dövlət Proqramının icrası istiqamətində işlərə başlanılmışdır. Belə ki, muxtar respublikada bir sıra görüşlərin və turizm rekreasiya zonaları üçün turizm potensiallı ərazilərə baxış keçirilməsi, həmçinin Naxçıvan Muxtar Respublikasının turizm resurslarının qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun rəhbər heyəti və işçi qrupunun muxtar respublikaya səfəri təşkil edilmişdir. Səfər müddətində işçi qrupu muxtar respublikanın bir sıra rayon və kəndlərində olmuş, burada yerləşən turizm resurslarına yerində baxış keçirmişdir.
Həmçinin, Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planının hazırlanması məqsədilə ərazilərin qiymətləndirilməsi istiqamətində bir sıra iş aparılmışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə bir sıra görüşlər keçirilmişdir. Görüşlər zamanı muxtar respublika ərazisində turizm potensialına malik olan ərazilərin imkanlarından daha geniş və səmərəli istifadə olunması məqsədilə turizm ehtiyatlarının qiymətləndirilmə prosesinin həyata keçirilməsi, muxtar respublikanın ekoloji və tarixi-mədəni turizm klasterlərinin formalaşdırılması üçün fikir mübadiləsi aparılmışdır. Qiymətləndirmənin məqsədi muxtar respublika ərazisində turizm potensialına malik olan ərazilərin imkanlarından daha geniş və səmərəli istifadə olunmasıdır. Müəyyən olunmuş meyarlar üzrə qiymətləndirmə hansı ərazinin çox və hansı ərazinin az turizm imkanına malik olduğunu üzə çıxarmaq imkanı verir. Qiymətləndirmə 5 bal üzərindən aparılmışdır. Qiymətləndirmə zamanı nəticəsi 3 baldan yuxarı qiymət verilənlər cəlbedici turizm destinasiyaları kimi dəyərləndirilmişdir. Həmçinin, 3 baldan aşağı qiymət verilən destinasiyalar üçün isə çatışmazlıqların sayı nəzərə alınmaqla onların turizmin dəyər zəncirinə qazandırılması üçün çəkiləcək xərclərin miqdarına görə növbəti inkişaf planlarında strategiyanın müəyyənləşdirilməsi üçün istifadə olunacaqdır.
Muxtar respublika ərazisində turizm klasteri formalaşdırılan zaman müəyyən coğrafi ərazidə cəmlənmiş, birbaşa və ya dolayı yollarla turizmə cəlb olunmuş resurslar və məkanlar, biznes və müxtəlif müəssisələr qrupu nəzərə alınmışdır. Turizm məhsullarının cazibədarlığı, turizm klasterinin destinasiya kimi idarə olunması gələcəkdə rəqabət potensialı və inkişafı nəzərə alınaraq muxtar respublika ərazisində müəyyən coğrafi bölgədə yerləşən, ümumi infrastruktura malik ərazilər komplektləşdirilərək 2 ekoloji və 4 tarixi-mədəni turizm klasterinin xəritə üzərində ilkin sərhədləri müəyyən edilmişdir.
Bundan başqa Ordubad və Şahbuz rayonlarında, eləcə də Naxçıvan şəhərində Dövlət Proqramının 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq hazırlanmış Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planının maraqlı tərəflərlə müzakirəsi aparılmışdır. İnkişaf Planının maraqlı tərəflərlə növbəti müzakirəsi sənaye nümayəndələrinin təklifləri, irəli sürülən məsələlər təhlil edilərək təkmilləşdirildikdən sonra cari ilin noyabr və dekabr aylarında aparılması nəzərdə tutulur.
Həmçinin, ötən dövrdə “Şahdağ Turizm Mərkəzi” QSC-nin 6 nəfərdən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilmişdir. Səfər çərçivəsində Departamentin əməkdaşları ilə birgə nümayəndə heyəti Batabat yaylağına və Ağbulaq İstirahət Mərkəzinin ərazilərinə baxış keçirmişlər. Batabat gölləri ətrafında qiymətləndirmə işləri aparılmış, müxtəlif turizm növlərinin inkişaf imkanları dəyərləndirilmişdir.
Naxçıvan Muxtar Respublikası bu gün turistlərin ən çox sevdiyi məkanlardandır. Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, zəngin mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, özünəməxsus mətbəxi, yüksək qonaqpərvərlik ənənələri və müasir tərəqqisi muxtar respublikada turizmin inkişafını şərtləndirən başlıca amillərdir. 200-dən çox mineral bulağı, nadir fauna və florası olan muxtar respublikamızın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaratmışdır. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Bu gün diyarımızın ən ucqar dağ kəndlərinə belə rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infrastruktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilmişdir. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs kimi əksər yaşayış məntəqələrində kənd turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Həmin kəndlərdə asudə vaxtını səmərəli keçirmək istəyən turistlər həm də onlarla çeşiddə təmiz ekoloji məhsullarla tanış olmaq imkanı əldə edirlər. Muxtar respublikada Ağbulaq Xizək Mərkəzinin fəaliyyət göstərməsi ənənəvi turizm növlərinin inkişaf etdirilməsi ilə yanaşı, yeni turizm istiqamətlərinin formalaşması üçün də geniş imkanlar yaradır.
Naxçıvan ən qədim yaşayış məskənlərindən biri olmaqla bərabər, həm də tarixin, demək olar ki, bütün dövrlərinə aid izləri özündə saxlayan zəngin diyardır. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu qədim diyara cəlb edən əsas amillərdəndir.
Ötən dövrdə Azərbaycan Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq media və turizm sənayesi nümayəndələrinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyevin izi ilə” Naxçıvan turunun təqdimatı tədbiri keçirilmişdir.
Muxtar respublikanın milli mətbəxi, dadlı təamları burada qastronomiya turizminin inkişafına zəmin yaradır. Muxtar respublika ərazisində qastronomiya turizminin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan “Milli dadlar” layihəsinin reallaşdırılması üçün birgə əməkdaşlıq çərçivəsində işlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşkilati dəstəyi ilə layihənin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyətləri ilə əlaqələrin yaradılması və koordinasiyanın təşkili istiqamətində işlər aparılmışdır. Layihə milli mətbəx nümunələrinin inqrediyentlərini oxuculara təqdim etməklə, ölkənin biomüxtəlifliyini nümayiş etdirə biləcək. Layihənin həyata keçirilməsi üçün müvafiq sorğular hazırlanmışdır. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və 7 inzibati rayonunda müvafiq sorğuların keçirilməsi üçün Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlarından ibarət işçi qrupu muxtar respublikaya səfər etmişdir. İşçi qrupu Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşlarının da daxil olduğu dörd komanda şəklində muxtar respublikanın şəhər və rayonlarında sorğuların toplanılmasını həyata keçirmişdir.
Muxtar respublikada ənənəvi turizm növlərinin inkişafı ilə bərabər qeyri-ənənəvi turizm fəaliyyətlərinin də inkişafı diqqətdə saxlanmışdır. Belə ki, cari ilin fevral ayında Türkiyə Dağçılıq Federasiyasının İğdırdakı Nümayəndəliyi və İğdır Dağçılıq Axtarış-Xilasetmə İdman Klubunun bir qrup nümayəndəsi Naxçıvan Muxtar Rsepublikasında səfərdə olmuşlar. “Xocalı Qətliamını Anma Dırmanışı” adlı səfərdə qonaqların Haçadağa zirvə yürüşü təşkil edilmişdir.
Qədim diyarda müalicə turizminin inkişafı üçün də geniş imkanlar var. Dünyanın bənzərsiz təbii şəfa mənbəyi olan Duzdağ Müalicə Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait mövcuddur. “Darıdağ” Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Hazırda tikintisi davam edən “Darıdağ” Arsenli Su Müalicə və İstirahət Kompleksi, həmçinin ərazidə “Darıdağ” Termal Hotelin inşası bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən səmərəli şəkildə istifadəyə şərait yaradacaqdır. Naxçıvan Muxtar Respublikasında dini turizmin inkişafı dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, həmçinin pirlər, imamzadələr, qədim məscidlər dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilmişdir. Bütün bunlar onu göstərir ki, Naxçıvanda dini turizmin inkişafı üçün də real imkanlar mövcuddur. Naxçıvanın son illərdə beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması və ölkəmizin Gənclər Paytaxtı seçilməsi, həmin ilin sentyabrında Naxçıvan şəhərində “Avropa günləri”nin keçirilməsi və Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin, Finlandiya, Danimarka, Yunanıstan, Macarıstan, Bolqarıstan və Belçika Krallığının ölkəmizdəki səfirlərinin, həmçinin Avropa ölkələrinin Azərbaycanda akkreditlə olunmuş nümayəndələrinin bu tədbirdə iştirak etməsi, turizm imkanlarımızı nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malik olmuşdur. Görülən işlərin nəticəsidir ki, Londonda nəşr olunan “Wanderlust” jurnalında Naxçıvan Muxtar Respublikası dünyanın ən yaxşı 50 turizm mərkəzindən biri kimi qeyd edilmişdir.
Naxçıvanın mübarizliyinin, əyilməzliyinin simvolu olan Əlincəqala Perudakı Machu Picchu qala şəhəri ilə müqayisə olunur. Bütün bunlar muxtar respublikamızın geniş və zəngin turizm potensialından xəbər verir. Bu gün muxtar respublikada fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrdən 5 ulduz kateqoriyasına malik “Təbriz” və “Duzdağ” hotelləri, “Saat Meydanı” Turistik İstirahət Mərkəzi, Ağbulaq İstirahət Mərkəzi və digər turizm obyektlərində yüksəkkeyfiyyətli xidmətlər təklif olunur. Turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla bağlı olduğu kimi, həm də sabitliklə bağlıdır. Bu iki amilin muxtar respublikada mövcudluğu, qədim diyarın cinayətsiz region kimi tanınması turistlərin bu bölgəyə gəlməsi üçün daha bir üstünlük yaradır. Turist məmnunluğunu səciyyələndirən xüsusiyyətlərdən biri də nəqliyyat xidmətləridir. Muxtar respublikada müasir standartlara cavab verən nəqliyyat infrastrukturu qurulmuşdur. Uzunoba gölündəki çimərliyə, Ağbulaq İstirahət Mərkəzinə, Duzdağ Müalicə Mərkəzinə və digər turizm potensiallı obyektlərə mövsümi marşrutların fəaliyyəti təmin edilir.
Muxtar reslublikada turist məmnunluq indeksinin ölçülməsi və turist məmnunluq səviyyəsinin öyrənilməsi məqsədilə Azərbaycan və İngilis dillərində sorğular hazırlanmışdır. Naxçıvan şəhərində fəaliyyət göstərən mehmanxanalarda, turistlərin ən çox üz tutduğu məkanlardan biri olan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində, Duzdağ Müalicə Mərkəzində və Xan Sarayında “Naxçıvanın turizm könüllüləri” ilə birgə turistlər arasında sorğular keçirilmişdir.
Turizmin inkişafını stimullaşdıran məsələlərdən biri də təbliğat və təşviqat işləridir. Belə ki, departament tərəfindən hazırlanmış reklam informasiya materialları ölkə və beynəlxalq miqyaslı turizm sərgilərində nümayiş olunur və turistlərə təqdim edilir. Bundan başqa muxtar respublikanın turizm potensialının təbliği, eyni zamanda istehlakçılara əlçatanlığının təmin edilməsi məqsədilə muxtar respublikanın turizm resursları haqqında informasiyalar sosial platformalarda yerləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikasının beynəlxalq turizm bazarında tanınması və regiona daha çox turistin cəlb edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə muxtar respublikanın turizm potensialı haqqında çəkilişlər aparmaq məqsədilə Euronews telekanalının çəkiliş qrupunun Naxçıvana səfəri təşkil edilmişdir.
Zəngin təbiət və ekoloji tarazlığın qorunması bu diyarda ekoturizmin bir çox yarımnövünün inkişafına şərait yaradır. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları tərəfindən dağ cığırları əsasında piyada marşrutlarının müəyyənləşdirilməsi üçün araşdırmaların aparılması, yeni dağ cığırlarının (hiking route) xəritələrinin hazırlanması istiqamətində aparılmış işlər bu turizm növünün muxtar respublikada inkişafının stimullaşdırılması məqsədilə atılmış addımlardandır.
Turizm sahəsində kadr hazırlığı mühüm məsələlərdəndir. Hazırda Naxçıvan Dövlət Universitetində "Turizm işinin təşkili" ixtisası üzrə kadr hazırlığı aparılır, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində, eləcə də Naxçıvan Şəhər Peşə Liseyində "Turizm agenti" ixtisası üzrə peşə kursları fəaliyyət göstərir. Tədris ili boyunca tələbələrlə mütəmadi görüşlər keçirilir, onların Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə, tarixi abidələrə, müalicə mərkəzlərinə və xüsusi mühafizə olunan təbiət ərazilərinə ekskursiyaları təşkil edilir, hotel və turoperatorluqlarda təcrübə keçmələri təmin olunur. Həmçinin, onların "Naxçıvanın Turizm Könüllüləri" layihəsində iştirak etmələri üçün şərait yaradılır.
Son illərdə muxtar respublikamızda ümumi turizm infrastrukturunun yaradılması, kənd, müalicə, ziyarət və digər turizm növlərində əldə edilən nailiyyətlər, həyata kecirilən tədbirlər, yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün bundan sonra da geniş üfüqlər açacaqdır.
Naxçıvan Muxtar Respublikasının
Turizm Departamenti
Digər xəbərlər