NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Naxçıvan FHN-də Anım Günü ilə bağlı tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən, üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda dalğalandıran şəhidlərimiz əziz xatirəsi dərin ehtiramla yad olunub.
"Şərq qapısı" xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyümüz, dövlət müstəqilliyi uğrunda canından keçən Vətən oğul və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri general-mayor Şahin Mirzəyev mübariz oğul və qızlarımızın Vətən müharibəsində göstərdiyi şücaətindən, qəhramanlığından danışıb, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günə yazığı Şanlı Tarixin sabahımız üçün möhkəm bünövrə olduğunu diqqət çatdırıb.
Qeyd olunub ki, Prezident cənab İlham Əliyev 27 sentyabr-Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncamı şəhidlərimizə ali ehtiramın göstəricisidir. Müzəffər xalqımız hər zaman bu günü böyük ehtiram və hörmətlə yad edəcək. Onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Vətən Müharibəsində qələbəmizi təmin edən şəhid və qazilərimiz haqq, ədalət, milli birlik yolunun yolçuları kimi daim gələcəyimizi aydınladacaq.
Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi daxili xidmət polkovnik-leytenatı Razim Vəliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsinin qazanılmasında bütün xalqımız bir daha öz birliyini, həmrəyliyini göstərdi. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, öz sözünü deyən, azadlıq, müstəqillik, inkişaf yolu ilə uğurla gedən Azərbaycan kimi dövləti və bu dövlətin mənafeləri naminə həmrəylik göstərən xalqı var.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan, Böyük Qələbəmizdən bəhs olunan videomateriala baxış olunub.
Qeyd edək ki, Anım Günü ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyin kollektivi tərəfindən Naxçıvan Şəhər Qəbiristanlığında Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan qəhrəmanların məzarları ziyarət olunaraq gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib. Şəhidlərimizin ruhuna dualar oxunub.

Nəşr edilib : 27.09.2024 15:00