14 min ton tutumlu 32 soyuducu anbar: Şərurda payı...
13:24 24.10.2026
0
0
1
NAXÇIVAN :
24 Oktyabr 2026, Şənbə
Qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının ilk paytaxtı olmuş Qəbələ şəhərinin ərazisində 1926-cı ildən başlayaraq müəyyən fasilələrlə, artıq 100 ildir ki, arxeoloji tədqiqatlar aparılır.
"Şərq qapısı" xəbər verir ki, builki çöl-tədqiqat mövsümündə professor Qafar Cəbiyevin rəhbərliyi ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyası üç ay ərzində şəhərin Qala ərazisində tədqiqatları davam etdirib.
Ekspedisiya rəhbərinin sözlərinə görə, ötən əsrin 60-cı illərində görkəmli qəbələşünas alim Saleh Qazıyevin rəhbərliyi ilə tədqiqinə başlanılan, lakin müəyyən səbəblərdən yarımçıq qalan III qazıntı sahəsi cənub və şərq istiqamətlərində genişləndirilərkən burada Albaniya dövrünə aid saray tipli ictimai binanın qalıqları aşkar edilib. Binanın inşasında iriölçülü yonulmuş daşlardan istifadə olunub.
Professor Qafar Cəbiyev bildirib ki, diqqətçəkən məqamlardan biri yaxınlıqdakı 35-40 kilometr radiusda bu növ daşların çıxarıldığı yatağın mövcud olmamasıdır. Deməli, tikintidə istifadə edilən daşlar uzaq məsafədə yerləşən yataqdan gətirilib. Bu isə alimin fikrincə, tikintidə dövlət resurslarından istifadə olunduğunu göstərir. O qeyd edib ki, bu amil yeni aşkar edilən binanın dövlət əhəmiyyətli ictimai tikili olduğunu deməyə əsas verir.
Qafar Cəbiyevin sözlərinə görə, erkən orta əsrlərin sonlarına doğru daxili və xarici təsirlər nəticəsində bina ciddi dağıntıya məruz qalıb. VIII əsrin sonu – IX əsrdə isə həmin tikilinin qarşısında və onun bünövrəsi üzərində bişmiş kərpicdən yeni, memarlıq baxımından daha möhtəşəm bina inşa edilib.
Professorun bildirdiyinə görə, qarşısında üç kərpic platforma və bir kərpic sütun aşkar edilən bu tikili də bütün xüsusiyyətlərinə görə ictimai bina təsiri bağışlayır. O, kompleksin ətrafının bişmiş kərpicdən hörülmüş divarlarla əhatə olunmasının da bunu təsdiqlədiyini vurğulayıb.
Qeyd edək ki, Qəbələ şəhərinin Səlbir və Qala adı ilə tanınan, ümumilikdə 30 hektar ərazini əhatə edən hissəsində ilk dəfədir ki, bu cür möhtəşəm tikili qalıqları aşkar olunur.
Ekspedisiya üzvü Elmira Abbasova bildirib ki, 500 kvadratmetr sahədə aparılan tədqiqatlar zamanı Qəbələ sakinlərinin təsərrüfat həyatı və məişəti, ayrı-ayrı sənət sahələrinin inkişaf və tənəzzül dinamikası, şəhərin memarlıq xüsusiyyətləri, eləcə də ticarət və mədəni əlaqələrdə iştirakı barədə məlumat əldə etməyə imkan verən çoxsaylı və müxtəlif çeşidli maddi mədəniyyət nümunələri aşkar edilib.
Onun sözlərinə görə, tapıntılar arasında növü, bədii-texniki və texnoloji xüsusiyyətləri ilə seçilən zəngin keramika məmulatları xüsusi yer tutur. Bunlar əsasən inşaat keramikasından, şirli və şirsiz məişət qablarından ibarətdir. Həmin nümunələr Qəbələnin qədim sakinlərinin məişət və mədəniyyətini, yerli sənətkarların zövqünü, maraq dairəsini və peşəkarlıq səviyyəsini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.
Ekspedisiya rəhbəri, professor Qafar Cəbiyev sonda qeyd edib ki, hazırda öyrənilən ərazidə tədqiqatlar hələ ilkin mərhələdədir. Onun sözlərinə görə, yeni aşkar edilmiş saray tipli ictimai binanın tarixi dövrü, plan quruluşu, konstruktiv xüsusiyyətləri və təyinatı barədə qəti fikir söyləmək üçün gələcəkdə tədqiqatların davam etdirilməsi vacibdir.
Professor vurğulayıb ki, araşdırmaların bu istiqamətdə davam etdirilməsi 2500 illik tarixə malik qədim paytaxt şəhəri Qəbələnin, eləcə də bütövlükdə Qafqaz Albaniyasının tarixindəki bir çox qaranlıq məqamlara aydınlıq gətirəcək.
Digər xəbərlər