Azərbaycan və Efiopiya XİN-ləri arasında siyasi mə...
22:39 16.01.2025
0
0
0
NAXÇIVAN :
17 Yanvar 2025, Cümə
Nicat Yaqubovun “Naxçıvan ədəbi mühiti: mövzu-ideya və dil-üslub xüsusiyyətləri” adlı dərs vəsaiti çapdan çıxıb
Cari ildə Naxçıvanda nəşr olunmuş kitabların əksəriyyətinin Naxçıvan Muxtar Respublikasının 100 illiyinə ithaf olunduğunu görürük. Nəzərə alsaq ki, övladlar öz analarının yubileylərində ona adətən gül buketləri, çələnglər hədiyyə edirlər, bir alimin də ana Vətənin 100 illik yubileyinə ən gözəl hədiyyəsi, şübhəsiz ki, sözlərdən toxunmuş çələngdir. Bu çələng isə kitabdır.
Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş, yenicə nəşr edilən kitablardan, obrazlı desək, söz çələnglərindən biri də “Naxçıvan ədəbi mühiti: mövzu-ideya və dil-üslub xüsusiyyətləri” adlı dərs vəsaitidir. Bəhs etdiyimiz kitabın müəllifi Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakultəsinin Dilçilik kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nicat Yaqubovdur. Filologiya elmləri doktorları, professorlar Akif İmanlı və Sədaqət Həsənovanın rəy verdikləri kitabın elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Elbrus Vəliyevdir. Dərslik Naxçıvan Dövlət Universitetinin “Universitet nəşriyyatı”nda çap olunmuşdur.
Kitabda Naxçıvan ədəbi mühitinin yetirməsi olan şairlərin, dəyərli söz adamlarının yaradıcılığı tədqiqat obyekti kimi nəzərdən keçirilmiş və onların dil-üslub xüsusiyyətləri dilçilik elminin prizmasından təhlil edilmişdir. Eyni zamanda, həmin nümunələrə mövzu və ideya aspektindən də toxunulmuşdur.
Dərslik altı fəsildən ibarətdir. I fəsil “Naxçıvanlı şairlərin şeirlərində Azərbaycan mövzusu: Vətən, yurd, torpaq sevgisi” adlanır. Müəllif vurğulayır ki, kitabda 30-a yaxın naxçıvanlı şairin külliyyatından nümunələr tədqiqata cəlb olunmuşdur. Bu baxımdan ilk fəslin, müəllifin sözləri ilə desək, ölməz Məmməd Arazın misraları ilə başlaması təəccüb doğurmur. Məmməd Arazın bir neçə şeirinə dilçilik nöqteyi-nəzərdən diqqət yetirən N.Yaqubov silahların əridilib körpülərə çevrilməsi, yerin bərəkətinin artırılması, insanın Ay və Ulduzları yerə gətirə biləcəyi kimi obrazlar vasitəsi ilə sülhəmin-amanlıq şəraitinin insan potensialını necə inkişaf etdirəcəyini oxuculara çatdıran şairin bədii dilinin təkrarsız xüsusiyyətlərinin gözəlliyindən danışır. Daha sonra müəllif Vaqif Məmmədovu Məmməd Araz xislətli şair adlandıraraq, onun "Azərbaycan" şeirində sadə və anlaşıqlı dillə ifadə olunan dərin mənanı yüksək qiymətləndirir.
Nicat Yaqubov rəngarəng yaradıcılıq diapazonunun qırmızı xəttini Vətən sevgili motivli şeirlər təşkil etdiyini vurğulayaraq Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın yaradıcılığına da toxunur. Şairin, bu kitabda bir neçə Vətən mövzulu şeiri tədqiqata cəlb olunub.
Həmin başlıq altında naxçıvanlı şairlərdən Zeyqəm Vüqar, Şəbnəm Bahar, Rahilə Nuriyeva, Vidadi Loğmanoğlu, Zeynalabdin Novruzoğlu və başqalarının vətən-yurd mövzulu şeirləri təhlil edilib.
Dərsliyin ikinci fəsli "Naxçıvanlı şairlərin şeirlərində Ulu Öndərə məhəbbət mövzusu" adlanır. Təbii ki, kitabda bu mövzuya bir fəslin ayrılması heç də təəccüb doğurmur. Tədqiqat obyekti kimi nəzərdən keçirilən şeirlər şairlərin subyektiv fikri deyil, xalqın öz dahi oğluna bəslədiyi ümumxalq sevgisinin simvoludur. Vaqif Məmmədovun "Böyük xilaskar" adlı şeirini məharətlə təhlil edən Nicat Yaqubov öz dəsti-xətti ilə seçilən Asif Atəşli, Xanəli Kərimli, Asim Yadigar, Adıgözəl Azərinin bu mövzuya həsr etdiyi sənət nümunələrini də dərs vəsaitində tədqiqat obyektinə çevirmişdir. Nicat müəllim Xanəli Kərimlinin yaradıcılığında Heydər Əliyevlə bağlı "Tanrı elçisi", "Göy adamı", "Sahibi Zaman" kimi ifadələri diqqət mərkəzinə çəkərək şairin zəngin obrazlı dilini yüksək qiymətləndirir.
Bu baxımdan Nicat müəllimin kitabının üçüncü paraqrafını "Dünyada ən uca zirvə anadır" adlandırmağı da təbii haldır. Adından da göründüyü kimi, bu başlıqda naxçıvanlı şairlərin yaradıcılığında ana mövzusu ilə bağlı nümunələr dil-üslub xüsusiyyətləri baxımından araşdırılmışdır. Bu mövzuda ilk olaraq Məmməd Arazın "Bacım Gülsümə məktub"una diqqət yetirilir. Şeirin ümumi təhlili ilə yanaşı, "İlk dəfə anamsız açdım səhəri", "Başqa nəğməlidir bulaqlar indi", "Qoz ağacının dibindəki cəhrə", "Yarpız tamı", "Nanənin ətri" kimi ifadələrin təhlilinə xüsusi olaraq yer verilmişdir. Növbəti nümunə kimi Qanun Ümmanın "Ana haqqı - Tanrı haqqı" şeiri tədqiq olunmuşdur. Eyni zamanda alim ana mövzusuna müraciət etmiş şairlərdən Şəbnəm Bahar, Adıgözəl Azərinin bədii yaradıcılıq örnəklərinin dil-üslub xüsusiyyətlərinin mahiyyətinə aydınlıq gətirmişdir.
Dördüncü fəsildə naxçıvanlı şairlərin əsərlərində Naxçıvan mövzusu araşdırılmışdır. Asim Yadigarın "Naxçıvan - göz nurum", "Duzdağ", Vaqif Məmmədovun "Sədərək qalası", "Dəyanət dəmiydi, qeyrət dəmiydi", Xanəli Kərimlinin "Naxçıvanım mənim", Asif Novruzovun "Mərhəmnamə", Zeynalabdin Novruzoğlunun "Naxçıvan", "Batabatda", Əbülfəz Muxtaroğlunun "Şahbuz", Rahilə Nuriyevanın "Naxçıvan", Həsənəli Eyvazlının "Naxçıvana gəl", Əbülfəz Zeynaloğlunun "Şahbuzum mənim" şeirləri dil və üslub xüsusiyyətləri aspektindən geniş şəkildə təhlil edilib. Müəllifin sözləri ilə desək, inkaredilməz faktdır ki, hər bir şair ilk yaradıcılığında gileyli-güzarlı məhəbbətdən söz açır. Bir az sonra bu və ya digər şair dar çərçivəli sevgi sərhədini aşır, ana, Vətən, torpaq, yurd məhəbbətindən yazır.
Elə bununla bağlıdır ki, "Naxçıvan ədəbi mühiti: mövzu-ideya və dil-üslub xüsusiyyətləri" kitabının beşinci fəsli "Naxçıvanlı şairlərin şeirlərində saf məhəbbət, ülvi sevgi mövzusu" adlanır. Qanun Ümmanın "Axa-axa yaşayım" şeirinə nəzər salan alim onu saf və dərin məhəbbət hissinin poetik üslubda ifadə olunduğu nümunə kimi qiymətləndirir. Müəllifin "Köçüb ürəyində yaşayacağam" şeiri isə yüksək bədii ifadə vasitələri, bənzətmə, metafora, mübaliğə ilə zəngin əsər olaraq oxucuların diqqətinə çatdırılır. Gənc yaşlarında nakam məhəbbətin “gülləsinə” tuş gələn müəllim-şair Əbülfəz Muxtaroğlunun bu mövzudakı şeirlərini təhlil edən Nicat Yaqubov bədii vasitələrdən məharətlə istifadə edən şairin duyğularını mübaliğə, metafora və simvolizmin köməyi ilə daha güclü şəkildə oxucuya çatdırdığını qeyd edib. Daha sonra Şəbnəm Baharın "Nakam məhəbbət" adlı şeirini təqdim edərək gənc şairin yaradıcılığından məhəbbət duyğuları bu nümunə əsasında bir daha vurğulamışdır. Tural Atəşin "Mən belə məhəbbət istəməmişdim" şeirini dərin və emosional bir əsər olaraq təqdim edir. Müəllif Z.Vüqarın məhəbbət mövzulu şeirləri üçün sadə, lakonik və təsirli dilini, sevginin dərinliyini və onun müxtəlif yönlərini vurğulamaq baxımından əhəmiyyətli sayır. Sonra isə hələ uşaq yaşlarından bədii yaradıcılıqla məşğul olan şair Ramiz Babayevin şeirlərini alim araşdırma mövzusuna çevrir, şairin poetik dilini və təsvirlərini əsərlərinin emosional yükünü artıran vasitə olaraq dəyərləndirilir.
Kitabının altıncı - sonuncu fəsli “Naxçıvanlı şairlərin əsərlərində didaktik məzmunlu şeirlər” adlanır. Didaktika sözünün mənası və mənşəyini izah edən alim Məmməd Arazın eyni məzmunlu bədii nümunələrinə nəzərə yetirərək onların dərin məna və hikmətlərlə dolu olduğunu oxuculara çatdırır. Həmin şeirlərdəki “birlik dirlikdədir”, “tək əldən səs çıxmaz” kimi xalq dilindən poeziya dilinə axan dəyərli ifadələri xüsusi olaraq vurğulayır. Vaqif Məmmədovun mənəvi tərbiyə aşılayan şeirlərindən “Ağlama, bacı, ağlama” onun yazdığı didaktik məzmunlu nümunə kimi qiymətlidir. Müəllif özünəxas üslubu ilə fərqlənən şair Elxan Yurdoğlunun yaradıcılığını yüksək qiymətləndirərək onun didaktik-mənəvi tərbiyəyə həsr olunmuş şeirlərini təhlilə cəlb edir. Şairin yaradıcılığının dil-üslub xüsusiyyətləri baxımından spesifik cəhətləri kimi onun bənzətmələri: metonimiya, metafora, təşbehlərinin tamamilə fərqli, unikal özəlliklərə malik olduğunu yazır. Eyni zamanda Asim Yadigarın “Vur, komandir” şeiri haqqında naraqlı təhlillər ortaya qoyulur. Həmçinin şairin “Qisas qiyamətə qalmaz” poemasının didaktik məzmun nöqteyi-nəzərdən daha çox diqqət cəlb etdiyi qənaətinə gəlir.
Sonda ümumiləşdirmə apararaq demək mümkündür ki, kitab dilçilik elminə dair aparılmış maraqlı araşdırmaların təzahürü kimi bu elm və onun mütəxəssisləri, o cümlədən, həmin sahə üzrə təhsil alan tədqiqatçılar üçün xüsusi əhəmiyyətə malik faktlar məcmusudur. Bu baxımdan Azərbaycan dilçilik elmi, o cümlədən Naxçıvan dilçilik məktəbinin hazırkı və gələcək nümayəndələrinin araşdırmalarına işıq tutmaq məqsədi ilə ərsəyə gətirilmiş kitab Nicat Yaqubovun müvəffəqiyyətlə öz məqsədinə çatdığının göstəricisidir. Biz də öz növbəmizdə dilçi alimi bu münasibətlə təbrik edir, ona uğurlar arzulayırıq.
Rüzgar CAMAL,
AMEA Naxçıvan Bölməsi,
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun əməkdaşı
Digər xəbərlər