NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan Dövlət Universitetində tələbəyönümlü siyasət: 42 adda təqaüd

...

Təhsil yalnız bilik qazanmaq, diplom əldə etmək deyil, həm də gənclərin sosial təminatının, həyat keyfiyyətinin yüksəldilməsinin vacib mərhələsidir. Bu gün ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri tələbələrin oxumağa həvəsləndirilməsi, onların sosial vəziyyətinə dəstək göstərilməsi, ən əsası isə yüksək nəticələrə nail olan gənclərin mükafatlandırılmasıdır. Bu baxımdan Naxçıvan Dövlət Universiteti ölkənin ali təhsil sistemində özünəməxsus yer tutur. Universitet tələbələr üçün geniş təqaüd imkanları yaratmaqla həm də onların sosial rifahını yaxşılaşdırır, elmə, təhsilə marağı daha da artırır.

Universitetin monitorinq və qiymətləndirmə sektorunun müdiri Elgün Tağıyevin sözlərinə görə, hazırda NDU-da tələbələr üçün, ümumilikdə, 42 adda təqaüd mövcuddur. Bu rəqəm təkcə statistik göstərici deyil, eyni zamanda ali təhsil müəssisəsinin tələbəyönümlü siyasətinin bariz nümunəsidir.

Universitetə qəbul olan prezident təqaüdçüləri aylıq 350 manat məbləğində təqaüd alırlar. Bununla yanaşı, 600 baldan yüksək nəticə göstərərək dövlət sifarişi əsasında qəbul olunan tələbələr dövlətin müəyyənləşdirdiyi 200 manat əlaçı təqaüdü ilə təmin edilirlər.

Elgün Tağıyev deyir ki, pedaqoji profilli ixtisaslara üstünlük verən gənclər üçün də xüsusi dəstək tədbirləri nəzərdə tutulub. Belə ki, qəbul imtahanında 500-dən yuxarı bal toplayaraq birinci və ya ikinci seçimində müəllimlik ixtisasını göstərən tələbələr dövlətin təsis etdiyi “Gələcəyin müəllimi” adlı 100 manatlıq təqaüdlə mükafatlandırılırlar. Bu, təkcə maddi dəstək yox, həm də gələcəyin müəllimlərinə göstərilən böyük mənəvi dəyərin göstəricisidir.

Universitetin öz təşəbbüsü ilə təsis etdiyi xüsusi təqaüd isə tələbələrə əlavə stimul yaradır. Belə ki, 650 baldan yuxarı nəticə göstərənlər 250 manat, 600-649 arası bal toplayanlar isə 200 manat məbləğində universitet təqaüdü alırlar. Bundan əlavə, ilk seçimində Naxçıvan Dövlət Universitetini seçərək 600-700 bal intervalında nəticə əldə edən tələbələr üçün yataqxana tamamilə ödənişsizdir.

Beləliklə, qeyd edilən bütün şərtlərə uyğun olan tələbələr həm yüksək məbləğdə – 900 manatadək təqaüd, həm də pulsuz yataqxana imkanı qazanırlar. Bu isə ölkənin heç bir ali məktəbində rast gəlinməyən nadir fürsətlərdən biridir.

Hər bir üzvünə qayğı göstərmək NDU-nun əsas prinsiplərindən biridir. Bu baxımdan valideyn himayəsindən məhrum olan tələbələrə xüsusi diqqət yetirilir. Onlar 23 yaşına qədər, əgər təqaüd alırlarsa, həmin məbləği ikiqat əldə edirlər. Hətta akademik borcları olduqda belə, adi təqaüdün iki misli onlara ödənilir. Bu,universitetin sosial yönümlü siyasətinin ən həssas nümunələrindən biridir.

Elgün Tağıyev onu da diqqətimizə çatdırır ki, universitetin sabah qruplarına qəbul olunan tələbələr də müxtəlif güzəştlərdən yararlanırlar. Belə ki, həmin tələbələr ilk semestrdə 50 manat məbləğində təqaüd alırlar. Növbəti semestrlərdə isə akademik göstəricilərinə uyğun olaraq, həvəsləndirici təqaüd alanlara əlavə 50, əlaçı təqaüdü qazananlara isə əlavə 70 manat ödənilir.

Universitetin Elmi Şurasının qərarı ilə hər fakültədən bir tələbə Heydər Əliyev adına məqsədli təqaüd alır. Bu təqaüdün məbləği 150 manatdır. Bundan başqa, hər fakültədən 3-4 tələbəyə digər görkəmli şəxslərin adını daşıyan  təqaüdlər təqdim olunur. Bu təqaüdlərin məbləği 50 manat təşkil edir.

Eyni zamanda, universitet yalnız dövlətin və özünün təsis etdiyi təqaüdlərlə kifayətlənmir. Müxtəlif sahibkarlar da tələbələrə dəstək məqsədilə fərqli məbləğlərdə təqaüdlər təsis edirlər. Bu məbləğlər bəzən sosial vəziyyəti ağır olan tələbələrə yönəldilir, bəzən isə yüksək göstərici nümayiş etdirən gənclərə verilir.

Təqaüdlərin müddəti və davamlılığı isə fərqlidir. Prezident təqaüdü yalnız bütün qiymətləri “A” olan tələbələr üçün təhsil müddəti boyunca qüvvədə qalır. Əlaçı təqaüdü ilk semestr qəbul balına görə verilsə də, sonrakı dövrlərdə tələbənin akademik göstəriciləri əsas götürülür. “Gələcəyin müəllimi” təqaüdü də tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi 71 və daha yuxarı olduğu halda təhsilinin sonuna qədər davam edir. Universitetin təsis etdiyi 600-dən yuxarı bal nəticələrinə görə verilən təqaüdlər isə bir il müddətinə ödənilir.

Seçim meyarları da təqaüdün növünə görə dəyişir. İlk semestrlərdə, əsasən, qəbul imtahanındakı nəticə nəzərə alınırsa, növbəti illərdə akademik göstəricilər və ictimai fəallıq ön plana keçir. Xüsusilə Heydər Əliyev adına və digər görkəmli şəxslərin adını daşıyan təqaüdlərin verilməsində tələbələrin həm qəbul balı, həm də universitetdəki ictimai fəallığı mühüm rol oynayır. Sahibkarların təqdim etdiyi təqaüdlərdə isə tələbələrin sosial vəziyyəti və akademik nailiyyətləri nəzərə alınır.

Elgün Tağıyevin sözlərinə görə, bu qədər adda və məbləğdə təqaüd proqramlarının mövcudluğu ölkənin digər ali məktəblərində müşahidə edilmir. NDU-da həyata keçirilən təqaüd siyasəti həm yüksək ballı abituriyentlərin universiteti seçməsinə stimul verir, həm də tələbələrin sosial rifahına xidmət edir. Eyni zamanda bu yanaşma gənclərin şəxsi inkişafını, onların müxtəlif kurslarda, təlimlərdə iştirakını təmin etməyə imkan verir.

Naxçıvan Dövlət Universitetində tələbəyönümlülük prinsipi hər zaman diqqət mərkəzində saxlanılır. Bu da, öz növbəsində, tələbələrin daha yaxşı oxumasına, rəqabətliliyin artmasına və təhsil keyfiyyətinin yüksəlməsinə şərait yaradır.

Universitetin strateji planlarında təqaüd siyasətinin daha da genişləndirilməsi nəzərdə tutulur.  Belə ki, gələcək illərdə tələbələr üçün yeni təqaüd imkanlarının yaradılması planlaşdırılır.

            Elnurə CƏFƏROVA

Nəşr edilib : 01.09.2025 10:39