NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Miniatür Kitab Muzeyi: Kiçik kitabların böyük dəyəri

...

Paytaxt Bakı şəhərində ezamiyyətdə olarkən, demək olar ki, hər gün yeni məkanlar və maraqlı muzeylər axtarışında idim. Elə oldu ki, mən həmin məkanı deyil, həmin məkan məni tapdı... İçərişəhərdə gəzişərkən gözüm Miniatür Kitab Muzeyi yazısına sataşdı. Bu muzeyə daxil olarkən sanki nağıllar aləminə keçid alan bir qapıdan keçirdim.

Bu muzeyi ziyarət edərkən heyranlığımı gizlətmək mümkün olmadı. Hər vitrin, hər kitab bu məkanın nə qədər bənzərsiz olduğunu bir daha sübut edir.

Muzeyin bələdçisi muzey və vitrindəki kitablar haqqında məlumat verir, hər verilən yeni məlumatda vitrindəki kitabları daha diqqətlə seyr edirdim...

Kitab Muzeyi 20 aprel 2000-ci il Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq qeydiyyata alınmışdır. İki il sonra, 23 aprel 2002-ci ildə isə muzey Azərbaycanın paytaxtı Bakı şəhərinin tarixi ürəyi olan İçərişəhərdə, Şirvanşahlar sarayının yaxınlığında fəaliyyətə başlayıb. Bu muzey dünyada ilk və hazırda yeganə olan şəxsi Miniatür Kitab Muzeyi kimi unikal statusa malikdir. Bu tarixi məkan həm nadir kolleksiyası, həm də yerləşdiyi məkana verdiyi mədəni dəyər ilə xüsusi əhəmiyyət kəsb edir.

Muzeyin qapısından içəri girən andan insanı tarixin və mədəniyyətin dərinliklərinə aparan bir aura hiss olunur. Zərifə Salahovanın 20 ildən artıq səylə topladığı və nəticədə, dünyanın ən böyük miniatür kitab kolleksiyası olan 10 mindən çox bənzərsiz kitab burada sərgilənir. Bu kolleksiya Ginnes Rekordlar Kitabı tərəfindən 2014-cü ildə qeydə alınaraq rəsmən tanınıb. Həmin vaxt muzeydə 2913 kitab sərgilənməkdə idi.

Muzeyin müxtəlif bölmələri tarixi, dini, ədəbi və mədəni dəyərləri özündə əks etdirir. İkinci vitrində sərgilənən mikrokitablar, üçüncü vitrindəki dini miniatür kitablar və zalın mərkəzindən sağ və sol tərəfə düzülmüş nadir nəşrlər oxucuları özünə cəlb edir. “Azərbaycanda nəşr olunmuş miniatür kitablar” bölməsi xüsusilə maraq doğurur. Bu yerdə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyevin neft strategiyası” miniatür kitabı diqqəti cəlb edir.

Miniatür kitaba Ulu Öndər Heydər Əliyevin 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanma mərasimindəki nitqi və Prezident İlham Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasının 10 və 15 illiklərinə həsr olunmuş mərasimlərdəki nitqləri daxil edilmişdir.

Kitab qızıl basmanaşla işlənmiş ağ dəri üzlüklə,  60x75 millimetr ölçüdə yerləşdirilmişdir.  Üz qabığının ön tərəfində kitabın adı, əks tərəfində Qız qalası, kitabın vərəqlərini bir-birinə bağlayan sol kötük xaricində “20.IX.1994-20.IX.2009” yazılmış, onların arasında isə neft platforması təsvir olunub.

Muzeyi gəzdikcə insan sanki bu dünyadan ayrılaraq başqa bir dünyaya keçid edir.

Muzeydə nümayiş olunan kitabların əksəriyyətinin ölçüsü 75x75 mm-dən kiçikdir və Ginnes standartlarına uyğun gəlir. Muzeydəki ən kiçik kitab Yaponiyadan gətirilən 2x2 mm ölçüdəki üç mikrokitabdır. Hətta bu kitabların oxunması üçün xüsusi lupa da təqdim olunur. İncəliklə hazırlanmış bu kitabların cildləri qoyun dərisindən hazırlanıb və hər biri cəmi 16 səhifədən ibarətdir.

Muzeydə sərgilənən 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan Quran, XVII əsrə aid dini kitablar, eləcə də A.S.Puşkinin sağlığında çap edilmiş əsərlər oxucuları keçmişin sehrinə aparır. Hətta burada məşhur “Beatles” qrupunun mahnı sözlərini ehtiva edən və cəmi 5 nüsxəsi olan kitab da yer alır.

Miniatür Kitab Muzeyi təkcə Azərbaycanın deyil, dünya mədəni irsinin bir parçasıdır. Burada ABŞ, Yaponiya, İngiltərə, Fransa, Almaniya, Ukrayna və digər ölkələrdə çap olunmuş kitablar sərgilənir. 62 ölkədən gətirilmiş nadir kitablar muzeyə beynəlxalq əhəmiyyət qatır.

Miniatür Kitab Muzeyi bu gün 10 mindən çox unikal kitabı ilə dünyanın ən böyük miniatür kitab kolleksiyasını nümayiş etdirir. Muzeyin fəaliyyət dairəsi təkcə Bakı ilə məhdudlaşmır. 2014-cü ildə Naxçıvan şəhərində yerləşən Məmməd Səid Ordubadi adına kitabxanada muzeyin filialı yaradılmışdır. Bu filialda 100-ə yaxın  miniatür kitab sərgilənir ki, bu da Azərbaycanın tarixi və mədəni dəyərlərini ölkənin digər bölgələrində tanıtmaq məqsədi daşıyır. Bu addım muzeyin kolleksiyasını daha geniş auditoriyaya çatdırmağa xidmət edir və miniatür kitabların dünyadakı unikal irs kimi tanınmasına töhfə verir.

İçərişəhərdə yerləşən bu kiçik, amma möhtəşəm muzeyi ziyarət etmək mənim üçün unudulmaz bir təcrübə idi. Burada sərgilənən hər bir kitab həm zərgər dəqiqliyi ilə hazırlanmış sənət əsəri, həm də tarixin bir parçasıdır. Azərbaycana gələn hər kəsin bu muzeyi görməsini tövsiyə edirəm, çünki bu, kitab və mədəniyyət həvəskarları üçün əsl cənnətdir.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 05.02.2025 09:50