Türkiyənin tanınmış müğənnisi vəfat edib
22:10 02.01.2025
0
0
0
NAXÇIVAN :
03 Yanvar 2025, Cümə
Dünyanın ayrı-ayrı yerlərində yaşayan, fəaliyyət göstərən hər bir azərbaycanlının dilindən qopan sözünü, könlündən duyulan səsini, əməlini bir ideya altında, vahid amal uğrunda birləşdirməklə xalqımız qarşısında əvəzolunmaz tarixi xidmətini həyata keçirdi Ümummilli Liderimiz Heydər Əliyev. “Bizim hamımızın bir vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq Azərbaycançılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”, – deyən dahi şəxsiyyət Azərbaycançılıq ideologiyasını, milli həmrəyliyi inamlı sabahlar, işıqlı gələcək naminə hər bir həmvətənimizin həyat qayəsinə çevirə bildi. Bu ideologiya, birlik Ulu Öndərin 1969-1982-ci illərdə ölkəmizə birinci rəhbərliyi dövründə reallaşdırdığı onilliklərə bərabər misilsiz işlərində, 1990-cı ildə doğulduğu torpağa tarixi qayıdışında, 1990-1993-cü illərdə Naxçıvandan başlayan xilaskarlıq missiyasında pərvəriş tapdı. Azərbaycançılıq öz təntənəsini muxtar respublikada SSRİ kimi nəhəng imperiyaya qarşı çıxaraq mütərəqqi tarixi addımlar atan şəxsiyyətin qətiyyətində, qışın şaxta-boranına rəğmən sərhəd dirəklərini söküb, bahar təravətli “Ümid” körpüsü çəkməklə həsrət buzlarını qıran dəmir biləklərdə, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul olunan tarixi Qərarda yaşayıb, yaşayır, yaşayacaq...
Milli həmrəyliklə milli qurtuluşa
Bəli, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1991-ci il dekabrın 16-da keçirilən Ali Məclisin sessiyasında qəbul edilən tarixi Qərarla 31 dekabr günü muxtar respublikada ilk dəfə olaraq həmrəylik bayramı kimi qeyd edildi, bu qətiyyətli addım dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında mühüm rol oynadı. Dünya azərbaycanlılarının vahid ideologiya ətrafında təşkilatlanması və birləşməsi istiqamətində Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət həm də müstəqil Azərbaycanın gələcək inkişafına əsaslı zəmin yaradan faktorlardan biri kimi tarixə düşdü.
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycanın qurtuluş, özünə qayıdış dövrü kimi xarakterikdir. Bunun birinci səbəbi, sözsüz ki, həmin dövrdə muxtar respublikada görülən işlərdə prinsip etibarilə milli birlik və həmrəyliyin ön sırada dayanmasıdır. Bəli, işğal təhlükəsi ilə üz-üzə, dünyadan, demək olar ki, təcrid vəziyyətdə qalmış Naxçıvanın sabaha gedən yolu, məhz muxtar respublika sakinlərinin Ümummilli Liderimizin ətrafında sıx birləşməsi, milli həmrəylik nümayiş etdirməsi sayəsində mümkün idi və belə də oldu. Bu mənada, təsadüfi deyildir ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyasının əsas ideoloji xətti də məhz milli birlik və həmrəylik, Azərbaycançılıq ideologiyası üzərində bərqərar edildi.
Naxçıvanda atılan tarixi addımlar uçurumun kənarında dayanan ölkəmizin ictimai-siyasi, iqtisadi-mədəni həyatında dönüş nöqtəsinə çevrilməklə xalqımızı əbədi nicat yoluna çıxardı. 1993-cü il 15 iyunda milli həmrəylik Milli Qurtuluşa yol açdı, intibaha rəvac verdi, xalqın təkidli tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldi və bundan sonra Azərbaycan diasporunun, lobbisinin formalaşdırılması istiqamətində ardıcıl, məqsədyönlü işlər aparıldı. Dünya azərbaycanlılarının təşkilatlanması və ümummilli ideyalar ətrafında birləşdirilməsi yolunda həyata keçirilən mühüm tədbirlərdən biri görkəmli dövlət xadiminin “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli Sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabrında Bakıda təşkil edilən qurultay oldu. Bu qurultay milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvəsi olmaqla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda diaspor quruculuğunun təkmilləşdirilməsi işinə öz böyük töhfəsini verdi. Ümummilli Lider həmin qurultayda çıxışı zamanı dünya azərbaycanlılarının həmrəyliyini vacib vəzifə kimi önə çəkərək bunun üçün zəruri istiqamətləri diqqətə çatdırdı. Məhz bu mühüm tədbirdən sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, dünya azərbaycanlılarını birləşdirən təşkilatlar daha aktiv fəaliyyət göstərməyə başladılar.
Tarixi Zəfərə, Zəfər Qurultayına...
1993-cü ildə xalqımızı Milli Qurtuluşa, ölkəmizi müstəqillik yoluna çıxaran Azərbaycançılıq ideologiyası, milli həmrəylik ideyası 2003-cü ildən sonra beynəlxalq əlaqələr sistemində daha böyük hədəflər uğrunda mübarizəyə mayak oldu. Dövlət başçısı cənab İlham Əliyevin bu sahədə gördüyü işlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Vətənə bağlılıqlarının artırılmasına mühüm töhfələr verdi. Eyni zamanda keçirilən qurultaylar ölkədən kənarda yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrində mühüm rol oynadı. Prezident cənab İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi ilə diaspor quruculuğu işi yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkə başçısının 2008-ci il noyabrın 19-da imzaladığı Fərmanla isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı, dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi. Bundan 3 il sonra – 2011-ci il iyulun 5-də Dünya Azərbaycanlılarının III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayları keçirildi. Bu qurultaylarda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, sahibkarlar iştirak etdilər. Qurultaylar düşmən təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynayaraq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin təntənəsinə çevrildi...
Ölkəmiz Azərbaycançılıq və milli həmrəylik ideologiyasının ən böyük təntənəsini isə 2020-ci ildə yaşadı. Sentyabrın 27-dən etibarən dünyanın müxtəlif yerlərində yaşayan böyükdən-kiçiyə hər bir azərbaycanlının ürəyi anbaan Vətənimizlə, haqq, ədalət savaşına çıxan oğullarla döyündü. 44 gün davam edən Zəfər yürüşümüz xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının dəstəyindən də güc alaraq xalq-ordu-lider həmrəyliyi sayəsində Böyük Qələbə, Tarixi Zəfərlə yekunlaşdı. II Qarabağ müharibəsində qazandığımız Zəfər milli dövlətçilik salnaməmizdə ona görə müstəsna əhəmiyyətə malikdir ki, bu Böyük Qələbə yeni möhtəşəm tarixi günlərimizin yazılmasına, yeni qələbələrə vəsilə olur, qürurun ardınca qürur gətirir. Bu baxımdan 2022-ci il aprelin 22-də Zəfərimizin simvolu sayılan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi də dünyanın ən müxtəlif məkanlarında yaşayan həmvətənlərimizə fəxarət hissi yaşatmaqla illərlə aparılan təbliğat işlərinin, təşviqat kampaniyalarının hədər getmədiyini göstərdi. Bu möhtəşəm tədbir tarixə dünya azərbaycanlılarının Zəfər Qurultayı kimi yazıldı. Ölkə başçısı cənab İlham Əliyevin həmin qurultaydakı çıxışında dediyi kimi: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər Qurultayıdır... Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün...” Milli birliyimizin ən mühüm nailiyyətlərindən biri də Böyük Qələbəni mükəmməl şəkildə tamamlayan, ötən il sentyabrın 19-20-də reallaşdırılan lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin tam bərpa olunmasıdır...
Milli həmrəylikdən qlobal həmrəyliyə
Bu gün dünya miqyasında milli həmrəylik modeli ortaya qoyan Azərbaycan həm də xalqlar, dinlər, ölkələrarası sülhə, dialoqa körpü salmaqla qlobal həmrəyliyə layiqli töhfələr verir. Ölkəmiz Qoşulmama Hərəkatına dördillik uğurlu sədrliyi dövründə bunu bariz şəkildə göstərməyə nail oldu. Bildiyimiz kimi, BMT-dən sonra ikinci ən böyük təsisat sayılan Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən, hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Bu baxımdan fərqli və mürəkkəb coğrafiya üzərindən birləşdirici, effektiv və nəticəyönümlü sədrlik missiyasını icra etmək məhz Prezident cənab İlham Əliyevin, Azərbaycan dövlətinin əsl tarixi-siyasi uğurudur. Xüsusilə də 2019-2020-ci illərdə dünyada tüğyan edən koronavirusla mübarizəyə dair birgə fəaliyyətlə bağlı Azərbaycanın atdığı qətiyyətli addımlar beynəlxalq səviyyədə yüksək qiymətləndirildi. Belə ki, 2020-ci ildə baş tutan Qoşulmama Hərəkatının Zirvə görüşündə Prezident cənab İlham Əliyev BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif etdi. Bu təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. Pandemiya zamanı beynəlxalq həmrəyliyin artırılmasına töhfə kimi “peyvənd millətçiliyi”nə qarşı 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında iki qətnamənin qəbuluna nail olunması mühüm əhəmiyyətə malik idi. Daim haqlının yanında olan, kiçik ada dövlətlərinin hüquqlarını müdafiə edən ölkə başçımız bu barədə deyib: “Biz bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik. Nəticədə, Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi”.
Ümumiyyətlə, Azərbaycan istənilən beynəlxalq təşkilatın tribunasından, istənilən platformadan dünya ölkələrini sağlam, etibarlı gələcək naminə həmrəy olmağa səsləyir, birgə fəaliyyətə çağırış edir. Həm 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi mühüm təşəbbüslər irəli sürərək, həm də BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum keçirməklə, eyni zamanda ölkəmizdə yaşayan xalqlara məxsus bayramların geniş qeyd edilməsinə şərait yaratmaqla, tarixi günlərdə birgəlik nümayiş etdirməklə, tolerantlıq mühiti formalaşdırmaqla milli həmrəylik prinsiplərini ən gözəl formada ortaya qoyur. 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) yüksək səviyyədə keçirməklə, xüsusilə kiçik ada dövlətlərinin mənafeyinə uyğun mühüm tarixi qərarların qəbuluna nail olmaqla Azərbaycan həm də iqlim diplomatiyası sahəsində əsl dönüş, əsl həmrəylik nümunəsi yaratdı...
Həmrəyliyimizin ən bariz göstərici bir neçə ildir, Şuşada keçirilən “Xarıbülbül” Musiqi Festivalında, qurultayda, konfranslarda, əzəli torpaqlarımızda ucalan Qarabağ şikəstəsində, Xankəndidəki Qarabağ Universitetində, tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin, elm, təhsil ənənələrinin bərpasındadır. Bu ümumbəşəri ideya Qərbi Azərbaycana qayıdış missiyasında, Xocalıda eşidilən toy sədalarında, Zəngilandan gələn körpə səsində, Laçının qoynundan süzülən Həkərinin zümzüməsində, Vaqif Poeziya Günlərində, Xurşidbanu Natəvanın incə ruhlu misralarında, Üzeyirin ölməz sənətində, Bülbülün təkrarsız nəğməsindədir. Birliyimizin rəmzidir daim başımız üzərində dalğalanan üçrəngli bayrağımız, həmrəylik ölkəmizin əldə etdiyi siyasi, iqtisadi qələbələrdə, elmdə, təhsildə, idmanda qazanılan nailiyyətlərdə işıq saçır, nurlandırır gələcəyimizi. Milli Həmrəylik bayramımızın sədalarını Zəngəzur dəhlizindən keçməklə Naxçıvandan-Zəngilana gedən qatarda, avtomobildə eşitmək diləyi ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günümüz mübarək olsun!
Nail ƏSGƏROV
Digər xəbərlər