Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliy...
14:13 24.04.2025
0
0
0
NAXÇIVAN :
24 Aprel 2025, Cümə axşamı
Dövlət İmtahan Mərkəzi (DİM) ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi (MQİM) arasında Anlaşma Memorandumu imzalanıb.
"Şərq qapısı" xəbər verir ki, mərasimdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin direktoru Nino Tsereteli və digər rəhbər şəxslər iştirak ediblər.
Bildirilib ki, Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin nümayəndə heyəti Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə Azərbaycana səfər edib.
24 - 27 aprel tarixlərini əhatə edən səfərin əsas məqsədi qurumlar arasında fəaliyyət istiqamətlərinə uyğun təcrübə mübadiləsi aparmaq və daha əvvəl tərəflərin imzaladığı digər Anlaşma Memorandumunun müddətinin uzadılmasından ibarətdir.
Səfər çərçivəsində Məleykə Abbaszadə və Nino Tseretelinin iştirakı ilə hər iki təşkilatın nümayəndələri arasında görüş keçirilib.
Qonaqları salamlayan Məleykə Abbaszadə Mərkəz tərəfindən həyata keçirilən işlər haqqında danışıb:
“Bizim sistem bütün növ imtahanlar üçün xüsusi olaraq yaradılmış avadanlıq, proqram təminatı və metodologiyanı özündə birləşdirən dəqiq işləyən mexanizmdir. Uzun illərdir tətbiq olunan və bütün imtahan prosesini avtomatlaşdırmağa imkan verən açıq sosio-texniki sistemin əsas mahiyyəti ondan ibarətdir ki, qərar qəbul edən şəxs yalnız texnoloji, metodiki və texniki cəhətdən bu imkana malik olsun və onun qərarı konkret şəxsin nəticəsinə təsir göstərə bilməsin. Həmçinin, kütləvi proseslərin idarə olunması zamanı qərarların qəbulu prosesi sistematik və ardıcıl qaydalar – alqoritmlər vasitəsilə həyata keçirilir. Biz beynəlxalq standartlar əsasında qiymətləndirmə aparmaqla Azərbaycanda təhsil və dövlət idarəetməsi xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə veririk”.
Mərkəzin ölkədə informasiya kommunikasiya texnologiyalarını kütləvi proseslərin idarə olunmasına tətbiq edən ilk dövlət qurumu olduğunu xatırladan sədr imtahan prosesinin əksər mərhələlərinin avtomatlaşdırılmasına nail olunduğunu söyləyib.
Bundan əlavə, DİM-in elektron imtahanlar korpusunun istifadəyə verilməsi biliyin qiymətləndirilməsi prosesinin rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilib və orada yaradılan innovativ platforma, xüsusi proqram təminatı və texnoloji infrastruktur vasitəsilə binadan kənarda da bütün ölkə üzrə elektron imtahanların keçirilməsinə imkan yarandığı vurğulanıb.
Daha sonra çıxış edən MQİM-in direktoru Nino Tsereteli DİM-in fəaliyyəti ilə yaxından tanış olmaq üçün yaradılmış imkana görə öz təşəkkürünü bildirib və burada tətbiq olunan innovativ həllərin onların fəaliyyəti üçün də faydalı ola biləcəyini qeyd edib.
Görüşdə, həmçinin qurumlar arasında ilk dəfə 2020-ci ildə imzalanmış Azərbaycan və gürcü dillərində dilin qiymətləndirmə alətlərinin hazırlanması və təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu çərçivəsində aparılmış işlərdən məmnunluq ifadə olunub və yeni əməkdaşlıq istiqamətlərinin nəzərdə tutulduğu memorandumun imzalanması məqsədəuyğun hesab edilib.
Xatırladaq ki, memorandum çərçivəsində Azərbaycan və gürcü dili fənləri üzrə müxtəlif imtahanlarda istifadə olunan test tapşırıqlarının qarşılıqlı nəzərdən keçirilməsi və təkmilləşdirilməsi işləri aparılır.
Digər xəbərlər