Naxçıvanlı TIR sürücüsünü İranda avtomobil vurub...
12:15 16.01.2025
0
0
0
NAXÇIVAN :
16 Yanvar 2025, Cümə axşamı
Vətən müharibəsi şəhidi Ülvi Cəfərovun əziz xatirəsinə
Vətən sevgisi elə bir duyğudur ki, Allah onu hər qəlbə salmır. Vətən sevgisini ən layiqli daşıyanlar şəhidlər olur. Vətənini, yurdunu sevən biri olaraq bəzən düşünürəm ki, bəs mən?.. Sualımın cavabını elə özüm də tapıram. Mən, əslində, xoşbəxt insanam. Allah mənə həm Vətən sevgisi bəxş edib, həm də bu sevginin ən layiqli daşıyıcıları olan şəhidlərin sevgisini salıb qəlbimə. Şəhid sevgisi daşıyan qəlblər mərhəmətlə, sevgi ilə dolu olar. Məhz elə şəhid analarının kövrək, mərhəmətli qəlbi kimi.
Bəzən mənə sual verirlər ki, niyə məqalələrdə, şeirlərdə anaların dilindən müraciət edirsən? Niyə şəhid oğullarını ataların yox, anaların dilindən tərənnüm edirsən?
Çünki övladını ən yaxşı tanıyan, doğulduğu gündən onun hər saniyəsinə şahidlik edən anadır. Onun ilk addımına, ilk sözünə, ilk cümləsinə atadan əvvəl ana şahidlik edir. Onun ilk müəllimi də, ilk həkimi də, ilk sevgisi də anasıdır. Belə analardan biri də Xok kənd sakini, şəhid Ülvi Cəfərovun anası Cavan xanımdır.
Onu da deyim ki, şəhidlərdən yazanda ruhumun nə qədər rahatlıq tapdığını sözlərlə ifadə edə bilmirəm. Yazdıqca çözələnib gələn cümlələr, danışdıqca xatirələrdən doğan duyğular qarşısında nöqtə qoymaqda aciz qalırsan. Bu zaman qürur hissi ilə yanaşı, içimdə həzin notlar köklənir. Şəhid anasının səsindəki titrəyişi hiss etdikcə, qəlbinin dərinliklərindən gələn o ahları dinlədikcə “Yarasını təzələdin”, – deyə özümü qınayıram.
Bu söhbətimiz də belə alındı. Cavan anaya Ülvi haqqında yazmaq istədiyimi deyəndə necə qürurlandığını və eyni ilə necə kövrəldiyini izah edə bilmirəm. Ülvi ilə bağlı nə qədər xatirələri varsa, danışmağını xahiş etdim. Artıq bir neçə dəqiqə içində acılı-şirinli xatirələr telefonumda idi. Arabir özünü cəmləyib səs də göndərir, lakin tez də kövrəlib susurdu.
Cavan ana: “Ülvinin xatirələri kitablara sığmayacaq qədər çoxdur. Çox qürurlu, vətənpərvər idi balam. Həmişə uşaqlarla döyüş oyunları oynayardılar. Məftildən özlərinə avtomat oyuncaq düzəldərdilər. Elə ən çox sevdiyi oyuncağı da həmin avtomat idi.
Yeddi yaşı olanda sol qolunun biləyində qəpik böyüklüyündə ləkə xal əmələ gəldi. Zaman keçdikcə tündləşdi və üzərində yeddi dənə balaca xal əmələ gəldi. Görən hər kəs “mübarək xaldır”, – deyirdi. Bir gün əmisi oğlu bizə gəlmişdi. Coğrafiya kitabını gətirib açdı. Kitabdakı şəkildə Ay bürcü necə düzülmüşdüsə, Ülvinin qolundakı xallar da eyni elə düzülmüşdü. Çox adam deyirdi ki, qolundakı bu nişanəni kimsə görməsə yaxşıdır. Lakin Ülvi qolundakı xalları hamıya göstərirdi. Bir gün Ülvi yıxıldı və qolu həmin yerdən sındı. Sağalandan sonra özünə söz verdi ki, daha heç kəsə göstərməyəcəyəm. Böyüdükcə xalı da tündləşirdi. Ülvi şəhid olduqdan sonra nəşini götürməyə getmişdilər. Qoluna baxın, dedim. Əgər qolunda xal görməsəniz, deməli, o mənim balam deyil”.
Cavan xanım deyir ki, Vətən müharibəsində Xok kəndi 7 şəhid verdi. Düzdür Ülvidən əvvəl şəhid olanlar var idi, lakin kəndə ilk gətirilən Ülvi oldu. Sonralar anladım ki, Ülvinin qolundakı yeddi xalın mənası məhz elə yeddi şəhid imiş. Sən demə, balam körpəliyindən şəhidliyin nişanını daşıyırmış. Həmin o yeddi şəhidin hər birinin dəfn olunduğu gün kəndimizə göyərçindən böyük ağ quşlar gəlirdi. Şəhidin dəfn mərasimi bitdikdən sonra quşlar çəkilib gedirdilər. Başqa insanlar dünyasını dəyişəndə həmin quşlar olmurdu. Allah-taalanın bir möcüzəsi idi, nə idisə, heç kim anlaya bilmirdi. Amma şəhidlər üçün gəldikləri açıq-aydın görünürdü.
– Mən uşaqlığımdan çox əziyyətlərlə böyümüşəm. Çiynimdə daşıya biləcəyimdən ağır yüklər olub. Ailə qurduqdan, Ülvi dünyaya gəldikdən sonra sanki bütün əziyyətlərimi mənə unutdurmuşdu. Ülvi çox zarafatkeş, deyib-gülən biri idi. İşdə də hamı xətrini istəyər, hörmətini saxlayardı. Heç unutmaram. Cağazirdə işləyirdi. Bir gün mənə zəng vurdu. Telefonu açdım. Hal-əhval tutduqdan sonar dedi: Anacan dedi: “Çox sevdiyim bir qız var, elçi gedib razılığını alın”. Bu qəfil söhbətdən duruxmuş kimi oldum. Çox israr etdi. “Maşın danışmışam ana, küçədə sizi gözləyir. Xahiş edirəm bu gün gedin”. Qəlbini qıra bilmədim. Elə həmin gün atası ilə Ülvinin sevdiyi qıza elçi düşüb razılığını aldıq. Amma ailəsi Bakıda olduğu üçün qızı nənəsindən istəməli olduq. 2020-ci ildə dünyanı bürüyən virus xəstəliyinə görə toyu edə bilmirdik. İki il idi ki, nişanlanmışdılar. Öz aralarında qərarlaşdırırdılar ki, elə toyun tarixini də nişan gününə müəyyənləşdirək. Çox sevincli idik. Axı balama toy edəcəkdim. Bundan böyük xoşbəxtlik ola bilərdimi? Yatsam yuxuma da girməzdi ki, qəfil gələn hicran məni balamdan ayıra, toyumuzu yasa çevirə bilər.
2020-ci ilin payızı hələ qədəm qoymamışdı yurdumuza. Bir gün işdən nişanlısını da götürüb birlikdə evə gəlmişdilər. Rəngi qaralmış, bulud kimi dolmuşdu. Deyib-gülən balamdan əsər-əlamət yox idi. Söhbət əsnasında toydan söz saldım.
“Nə toy, ana. Müharibə başlayıb, şəhidlərimiz var. Belə bir vəziyyətdə toydan söhbət açmaq düzgün deyil. Getməli, bu torpağın bir oğlu kimi, kişi kimi vuruşmalıyıq”.
Evdə ağlamaq səsləri ucaldı. Nişanlısını güc-bəla ilə sakitləşdirdik. Lakin Ülvi son sözünü demişdi artıq. Elə həmin gün komandirinə zəng edib onun da adını Qarabağa gedənlər siyahısına yazmağını xahiş etdi. Yerlərin dolduğunu, yığımın bitdiyini eşidəndə “bir nəfərin adını silin, mənim adımı yazın” dedi.
Cavan ana söhbətinə davam edir: “Heç cür razı ola bilmirdik getməyinə. Elə bütün bunlara görə getməyini də bizdən gizlətmişdi. Xəbər tutanda isə artıq Qarabağa doğru yola çıxmışdılar.
Oktyabr ayının 24-də Qarabağa gedəcəkdi, amma Ülvi bu vaxtı oktyabrın 17-nə dəyişməyi bacarmışdı. Şuşa uğrunda gedən döyüşlərdə, Daşaltıda qəhrəmanlıq göstərən Ülvi kimi oğullarımızın sayəsində həmin ərazilər azad olundu. Lakin düşmən geri alınmış ərazilərimizi əldən vermək istəmədiyi üçün yeni həmlələr edərək artilleriya atəşi açır. Bu zaman yanına düşən minomyot qəlpələri Ülvinin bütün bədənini yaralayır. Ən ağır yarasını boyun nahiyəsindən alması nəticəsində oğlum şəhadətə ucalır. Oktyabr ayının 31-də şəhadətə ucalan balamın şəhidlik xəbərini noyabr ayının 1-də aldıq. Ülvi ilə bağlı bütün xəyallarımız, ümidlərimiz hamısı 2020-ci ilin oktyabr ayının 31-də donub qaldı. Beş il ötür artıq şəhadətindən. Amma ətri burnumdan, səsi qulağımdan, o şən, gülərüz siması gözümün önündən getmir, getməyəcək də. O ağır günlərin yaşatdığı ağrı-acını heç cür arxada qoya bilmirik. Amma Ülvi kimi bir oğlumuz olduğu üçün həmişə qürur duyur, şəhid balamızla fəxr edirik. Allah bütün şəhidlərimizə rəhmət etsin, biz valideynlərə isə bu dərdə dözmək gücü versin”.
Hər şəhid bir kitab, qəhrəmanlıq salnaməsi, igidlik dastanıdır. Onların keçdiyi şərəfli ömür yolu isə gələcək nəsillərə örnəkdir. Bu yazını bitirərkən başlayanda olduğu kimi, yenə eyni hissləri, eyni duyğuları yaşayıram. Qəlbimdə hüzn, qürur qarışıq bir hiss var. Bu hiss əbədiyyən qəldən-qəlbə keçib yaşayacaq. Biz xalq olaraq şəhidlərimizlə hər zaman qürur duyacağıq. Onlara olan xalq sevgisi qəlbdən-qəlbə keçib yaşayacaq.
Xuraman CƏFƏRLİ
Kəngərli Rayon MKS-nin Qabıllı kənd kitabxana filialının müdiri
Digər xəbərlər