NAXÇIVAN :

03 Yanvar 2025, Cümə

Kazan sammiti: Azərbaycan növbəti siyasi qələbəni – sülhü yaxınlaşdırır

...

XVI BRICS Sammiti Azərbaycanın dünya iqtisadiyyatında, beynəlxalq ticarət-logistika sistemində rolunun mühümlüyünü göstərməklə yanaşı, bölgədə sülhə, dialoqa xidmət missiyasının növbəti uğuru kimi də yadda qaldı. Belə ki, sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında səmərəli görüş keçirildi, dialoq zamanı tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər. Eyni zamanda iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verildi. Sammitdən sonra hər iki ölkə Prezidenti tərəfindən Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamənin təsdiq edilməsi əvvəlki platformalardan fərqli olaraq Kazan görüşünün daha səmərəli, məhsuldar keçdiyindən xəbər verməklə atılan addımların yaxın gələcəkdə müsbət praktik nəticələr göstərəcəyinə əminlik yaratdı...

Azərbaycan zamanında Ermənistanla dinc şəkildə ədalətli sülhə nail olmaq, bölgədə barışıq yaratmaq üçün kifayət qədər çalışsa da, təəssüf ki, qarşı tərəf bunun tam əksinə, ziddinə getdi. Və nəhayət, otuzillik danışıqların nəticəsizliyindən sonra əks-hücumla başlanılan 44 günlük Vətən müharibəsi, 24 saata yaxın lokal xarakterli antiterror tədbirləri ilə müzəffər xalq-dövlət-ordu birliyi əzəli torpaqların azadlığını, ölkənin suverenliyini tam təmin etməklə “Ən böyük müdafiə hücumdur” tendensiyasının həqiqiliyini bir daha ortaya çıxartdı. Nəticə etibarilə, Prezident İlham Əliyevin siyasi qətiyyəti, iradəsi əsasında bu gün diplomatiya sahəsində daim hücumda yer alan Azərbaycan regionun geosiyasi mənzərəsini öz xeyirinə dəyişməklə artıq addım-addım növbəti siyasi qələbəni – sülhü də yaxınlaşdırır. Dövlət başçısı dəfələrlə çıxışlarında ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunmasının regionda sülhə, barışığa töhfə verdiyini, başqa sözlə sülhə müharibə yolu ilə nail olduğumuzu vurğulayıb: “...biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik. Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü”.

Otuzillik müsbət nəticə verməyən danışıqlar prosesi göstərdi ki, Qərbin siyasi oyunbazları dırnaqarası tarixi ənənələrindən, yəni hər bir bölgədə münaqişə ocağı yaratmaqla oranı istədikləri kimi idarə etmək iddialarından əl çəkən deyillər. Onları nə milyon yarımdan artıq qaçqın və məcburi köçkünün taleyi, nə də bir ölkənin maddi-mədəni sərvətlərinin xaincəsinə talan edilməsi maraqlandırır.  Müstəqil Azərbaycanın güclənməsini, regionda söz sahibi olmasını istəməyən bu çirkin diplomatiyanın müəllifləri üçün, əslində, zəif, onun-bunun qoltuğuna qısılan Ermənistanın düşdüyü səfil vəziyyət də maraqlı deyildi. Əlqərəz, “görünən kənd bələdçi istəməz”. Ancaq təəssüf ki, “bu kəndin” “başbilənləri” həmin mənzərəni çox gec gördü, gerçəkliyi gec anladı və artıq bu müddətdə Azərbaycanın bölgə üçün yaratdığı onlarla fürsəti qaçırmaqla bütün uğurlu işlərə 30 il geridən başlamaq məcburiyyətindədir. Nəhayət, bu gün bölgədə tərəqqiyə, yüksəlişə nail olmağın Azərbaycanla münasibətlərin normallaşmasından keçdiyini dərk edən Ermənistan əməli addımlar atmağa başlayır. Bu ilin əvvəlində Qazaxın 4 kəndinin dinc şəkildə azad edilməsi ilə praktik start götürən sərhədlərin delimitasiyası, demarkasiyası prosesi artıq addım-addım ən əsas məsələyə – sülh sazişinə doğru gedir. Ölkə başçısı İlham Əliyev də Azərbaycanın bu nailiyyətini yüksək qiymətləndirərək Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınlaşdığımızı, Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülhün bu qədər yaxın olmadığını vurğulayıb. Ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə də bu məsələyə xüsusi toxunaraq Qarabağın 30 illik işğaldan azad edilməsi ilə Cənubi Qafqazda uzunmüddətli sülh üçün unikal şans yarandığını deyib. Türkiyə lideri Ankaranın qardaş Azərbaycanın və Ermənistanın səmimi addımlarını diqqətlə izlədiyini qeyd edib: “Biz ümid edirik ki, ən tez zamanda yaxşı xəbərlər alacağıq”.

Bəli, qarşı tərəf, nəhayət ki, Qərbin oyunlarından uzaq düşməyə, haqq-ədalət yoluna qayıtmağa, daha doğrusu, qaytarılmağa yaxındır. Əgər belə olmasaydı, ötən günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu media vasitəsilə açıq şəkildə bəyan etməzdi: “Mən başa düşürəm ki, hər bir sözdən yapışıb, bunun üzərində tezislər qurmaq, nəyi isə sübut etməyə çalışmaq olar, amma fakt faktlığında qalır: bizim haqqında danışdığımız ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir”. Məhz bu baxımdan oktyabrın 24-ü  Avropa Parlamentinin “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı sərsəm qətnaməni qəbul etdiyi vaxtda Kazanda iki ölkə arasında sülhə nail olmaq yolunda səmərəli görüşün baş tutmasını Qərbin növbəti fiaskosu kimi dəyərləndirmək olar.

Ölkə başçısının qeyd etdiyi kimi, otuzillik toqquşmadan sonra Ermənistan aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər. Bəli, ümidvarıq ki, Ermənistan BRICS sammitindəki addımını daha da irəli aparacaq, yalançı havadarlarının oyununa getməyəcək, keçmişdəki səhvlərdən dərs çıxararaq sülhdən başqa yolunun olmadığını tam mənada dərk edəcək. Və beləliklə, uzun zamandır, regionda gözlənilən növbəti ədalətli qələbə-sülh əldə olunacaq. Azərbaycanın ev sahibliyi ilə reallaşan, ümumbəşəri, qlobal məsələnin həlli üçün sülhə çağırış missiyası daşıyan COP29 bu baxımdan əla fürsət ola bilər...

Nail ƏSGƏROV

 

Nəşr edilib : 30.10.2024 11:27