Ceyhun Bayramov serbiyalı həmkarını Ermənistanla s...
14:02 23.12.2024
0
0
0
NAXÇIVAN :
23 Dekabr 2024, Bazar ertəsi
Vitraj sənəti əsrlər boyu memarlıq və bədii ifadənin ən möhtəşəm nümunələrindən biri olub. Bu sənət adi şüşəni işıqla rənglərə bürüyərək insanın daxili aləmini əks etdirən bir yaradıcılıq növünə çevrilib. Vitraj yalnız binaları bəzəmir, həm də tarix, mədəniyyət və inanclar haqqında səssiz bir danışıq vasitəsidir.
Azərbaycanda şüşə ilə işləmə sənəti qədim dövrlərdən mövcuddur. Xüsusilə Şəki Xan Sarayının rəngli pəncərələri – şəbəkə sənəti – Azərbaycanın bu sahədəki zəngin ənənəsini nümayiş etdirir. Şəbəkə sənəti ilə vitraj arasında müəyyən bənzərliklər olsa da, hər ikisi fərqli texnikalar və ifadə vasitələri ilə seçilir.
Müsahibim Magistratura və doktorantura mərkəzinin Texnologiyanın tədrisi metodikası və metodologiyası ixtisası üzrə 2 kurs tələbəsi Gülnar Qəmbərli söhbətimiz zamanı bildirdi ki, ilk vitraj nümunələri eramızdan əvvəl Misirdə və Roma İmperiyasında ortaya çıxsa da, bu sənətin ən parlaq dövrü orta əsrlərə təsadüf edir. Geotik memarlığın yüksəlişi ilə bu sənət əsl zirvəsinə çatıb. İşığın rəngli şüşələrdən keçərək yarada bildiyi təsir insanların mənəvi dünyasına toxunmaq üçün istifadə edilirdi. Vitraj sənətində ən önəmli element işıqdır. Şüşə parçalarının hər biri yalnız bir rəng deyil, həm də bir hiss, bir duyğu daşıyır. Günəş işığı rəngli şüşələrdən keçərək divarlara düşəndə o an artıq təkcə sənət deyil, həm də bir möcüzə yaranır. Bu, insanların həyatın qaranlıq tərəflərinə rəğmən, işığa və ümidə doğru baxmasını simvolizə edir.
Günümüzdə vitraj sənəti yalnız dini məbədlərlə məhdudlaşmır. İctimai binalar, hotellər, restoranlar və hətta fərdi evlər bu sənətin estetik gözəlliyindən faydalanır. Müasir vitraj ustaları ənənəvi texnikaları qoruyub saxlayaraq onları yeni texnologiyalar və dizaynlarla birləşdirirlər.
Vitraj sənəti zamanın, mədəniyyətin və insan zəkasının birləşməsindən yaranan unikal bir sənət növüdür. İşıqla rəqsdə olan bu sənət hər dövrdə insanları heyran qoymağa və ruhları işıqlandırmağa davam edir. Gələcək nəsillərin də bu sənətin sirli və gözoxşayan dünyasını kəşf etməsi üçün vitraj sənətinin yaşadılması və təbliği olduqca vacibdir.
Aygün RÜSTƏMOVA
Digər xəbərlər