NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Heyvanların sağlamlığını qoruyaq

...

Heyvanlar həyatımızın ayrılmaz parçasıdır. Çünki hələ qədimlərdən insanlar onları əhilləşdirərək müxtəlif işlərdə istifadə etmiş, yaxud sevərək, əzizləyərək  ev heyvanına çevirmişlər. Müasir dövrdə də evində  it, pişik, quş, balıq, hemster kimi heyvanlar saxlayan insanlar az deyil. Kimiləri üçün hobbi, kimiləri üçün terapiya, kimiləri üçün, sadəcə, heyvansevərlikdən irəli gəlir bu məsələ.

Heyvanlar üzərində  aparılan araşdırmalar göstərir ki, ən sədaqətli, sahibinə bağlı heyvanlardan biri, bəlkə də, birincisi itlərdir. Bunun səbəbi  onların ilk əhliləşdirilən  heyvanlar sırasında olmasıdır. Genetik araşdırmalara görə, itlər 30, pişiklər isə 20 min  il əvvəl əhliləşdirilməyə başlanılıb. Hər bir canlının olduğu kimi, sevimli dostlarımızın da qayğıya ehtiyacı var. Əgər evimizdə heyvan saxlayırıqsa, ona vaxtlı-vaxtında yemək, su vermək, yaşayışı üçün şərait yaratmaq, sağlamlığına nəzarət etmək ən mühüm vəzifəmiz olmalıdır.

Təbii ki, hər birimiz evimizdə bəslədiyimiz heyvanın sağlamlığından əmin olmaq istəyirik. Bu həm heyvan üçün, həm də bizim üçün önəmlidir. Çünki  heyvanlardan insanlara keçən bir çox xəstəliklər  var. Məsələn, quduzluq, pişik cırmağı,  mal  çiçəyi, salmonella və sair zoonoz xəstəliklər insanlar üçün təhlükəlidir. Naxçıvan şəhər sakini Saleh İbrahimov da evində it və tutuquşu bəsləyir. Müsahibim hələ uşaqlıqdan heyvanlara xüsusi maraq duyduğunu, onları bəsləməyi, əzizləməyi sevdiyini söyləyir. O deyir: “Harada yaralı və ya bala it, pişik gördümsə, dərhal evə gətirər, onlara yatmaq üçün yer hazırlayar, əgər gətirdiyim heyvan körpədirsə, süd alaraq pipet və ya digər onu içirə biləcəyim vasitələrlə  süd içirər, çimizdirər, bir sözlə, sağlam böyüməsi üçün əlimdən gələni edərdim. Bu sevgi illər keçsə də, bitmədi, hətta indi bir növ özümə dost hesab etdiyim itimlə birlikdə daha da artdı. Mən onu əldə etdikdə o, çox balaca idi. Demək olar ki artıq 3 ildir, mənim sədaqətli dostum olub. Onun sağlamlığının qayğısına qalmaq mənim borcumdur. Bunun üçün baytar həkimləri ilə əlaqə saxlasam da, təəssüf ki, daimi  aparıb yoxlada biləcəyim bir qurum yoxdu. Ümid edirəm ki, gələcəkdə belə bir qurum yaradılar və biz ev heyvanlarımızı mütəmadi yoxlanışdan keçirərik. Çünki bu həm bizim, həm də onların sağlamlığı üçün vacibdir”.

  Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti kafedrasının müəllimi  Mürsəl Karabacak heyvanlarda peyvəndləmənin önəminə diqqət çəkərək deyir: “İt və ya pişiklərin peyvəndlənməsi üçün, ilk növbədə, süddən kəsilməyi lazımdır. Təxminən, 2 aylıq bir zamandan bəhs edirik. Peyvənd olunacaq heyvan ən az bir kiloqram  olmalıdır. Lakin pişiklərdə inkişaf itlərə nisbətən zəif olduğuna görə bəzən çəki bir kiloqramdan az olduqda belə, peyvəndləmə aparmaq mümkündür. Peyvənd heyvanın it və ya pişik olmasına görə fərq edir. Çünki bu heyvanların hər birinin ayrı-ayrı xəstəlikləri var.  Peyvənd  olunmadan öncə baytar həkimi iç və çöl mikroblarına  qarşı dərman təyin etməlidir. Əgər bu edilməzsə, peyvənd xəstəliklərdən qorunma göstərməz. Peyvəndlər həkim məsləhəti ilə ildə bir dəfə təkrar olunmalıdır. Əgər itimiz və ya pişiyimiz sərbəst şəkildə bayıra  gedib-gəlirsə, iç  və çöl  mikrob  dərmanları iki ayda bir, əgər çıxmırsa üç ayda bir verilməlidir. Təbii ki, bizə təkcə it və ya pişiklər üçün müraciət edilmir. Tutuquşu kimi ev quşları üçün  də müraciətlər olur və onları müayinə edib resept yazırıq.  Bütün heyvanlardan  insanlara keçən  200-dən çox xəstəlik var. Əsasən,  it və pişiklərdə quduzluq peyvəndi mütləq olunmalıdır”.

                                                                                 Türkanə ƏSƏDOVA

Nəşr edilib : 30.11.2024 11:10