Azərbaycan neftinin bahalaşması davam edir
11:16 04.06.2025
0
0
0
NAXÇIVAN :
04 Iyun 2025, Çərşənbə
Naxçıvan bazarlarında mövsümü olduğu üçün təzə yığılmış kəklikotu, adaçayı (şalfey), çobanyastığı, solmazçiçək, səhləb və sair dərman bitkiləri satılır. Ancaq təəssüflər olsun ki, bu bitkilərin faydalarından bir çox insanın xəbəri belə yoxdur. Bu bitkilər qaraciyər, ürək-damar, böyrək, sinir sistemi xəstəliklərinə faydalıdır, öskürək əleyhinə, iltihab gətirici və bir çox şəfa xüsusiyyətlərinə malikdir.
Naxçıvan Muxtar Respublikası ərazisində 1200-dən çox faydalı bitki, 700-800 növə yaxın dərman bitkisi vardır. Onlardan 132 növü yüz illərdir ki, müasir tibb aləmində istifadə edilən rəsmi (offissinal) dərman bitkisidir. Bu bitkiləri qruplaşdırdıqda 44 növü becərilən, 88 növünün isə yabanı halda yayıldığı aydınlaşıb. Yabanı bitkilərin 11 növü “Qırmızı kitab”a daxil edilib. Dərman bitkilərində mövcud olan bioaktiv maddələr, adətən, onun müəyyən bir orqanında toplanır: toxumlarında, çiçəklərində, yarpaqlarında olur.
Bazarda satılan daha çox rast gəldiyimiz səhləb bitkisi, əsasən, Batabat meşəsi, Şərur rayonunun Qaraquş, Culfa rayonunun Aracıq dağları ətrafında bitir. Çəhrayı rəngli çiçəkləri olan bitki, uşaq xəstəlikləri, bronxit, mədə-bağırsaq xəstəliklərində, sinir xəstəliklərində istifadə edilir. Hindistan təbabətində, eyni zamanda podaqrada, hemoroiddə, Qafqaz ərazilərində də bitən bu bitki zəhərlənmələr zamanı faydalıdır.
Solmazçiçək adlanan dərman bitkisi isə qastrit, qəbizlik, kolit, qaraciyər çatışmazlığı, öddaşı xəstəliklərində tətbiq edilir. Sıx çimlikli yerlərdə, bitən bu çiçək əsasən açıq limon sarı, tutqun-sarı tükcüklü çiçəklərə malikdir.
Dərman bədrənci xalq təbabətində yarpaq gövdə və çiçəklərindən taxikardiya, hipertoniya, bronxial astma, anemiya ateroskleroz xəstəliklərində tətbiq olunur. Antidepressant, spazmolitik, immomodulyator, ürəyin işemik xəstəliyində faydalı bitkidir.
Şalfey bitkisi immuniteti gücləndirir, göbələk əleyhinə vasitədir, həzmi yaxşılaşdırır, daha saymaqla bitirə bilmədiyim bir çox sinir xəstəliklərinə faydalıdır. Antimikrob və antibakterial vasitə olmaqla boğaz ağrısı və boğaz iltihabına xeyirlidir.
Kəklikotunun Naxçıvanda bir çox növü bitir. Bunu bağlarda kollarını əkib, becərənlər də olur. Soyuqdəymədə kəklikotu bitkisindən çay kimi dəmləyib içmək çox faydalıdır. Eyni zamanda mədə spazmı olan xəstələrə də çox faydalıdır.
Faydalı bitkilərlə zəngin olan Naxçıvan ərazisində çobanyastığı, həmərsün, razyana, adi yalançı cirə və adını çəkə bilmədiyimiz faydalı bitkilər çoxdur. Qeyd etmək lazımdır ki, bu bitkiləri həkim məsləhəti ilə içmək yaxşı olar. Həddən artıq istifadə xeyirdən çox insanların səhhətinə ziyan vura bilər.
Sacidə HÜSEYNOVA
Naxçıvan televiziyasının əməkdaşı
Digər xəbərlər