NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

Heydər Məscidinin sənətkarlıq nümunələri

...

Dekorativ-tətbiqi sənətin geniş yayılmış növlərindən biri də bədii oyma sənətidir. Azərbaycanda bədii oyma sənətinin ən qədim nümunələri Gəmiqaya və Qobustan qayaüstü təsvirləridir. Adətən, sümük, daş, ağac və  digər materiallar üzərində işlənən bu sənət nümunələri, əsrlər boyu ustad sənətkarlarımızın hazırladığı rəsmlər və fiqurlar öz rəng çalarları, işləmə texnikası və keyfiyyəti ilə zövqümüzü oxşayır. Hər biri bir tarix olan bu nümunələr Azərbaycan dekorativ-tətbiqi sənətini xeyli zənginləşdirmişdir. Yaxşı haldır ki, bu sənət bu günümüzdə də davam etdirilir. 

Bu yazımızda uzaq keçmişdə deyil, bu günümüzdə yaşadılan bəhs etdiyimiz qədim xalq sənəti yaradıcılığının daş oyma və ağacoyma üzərindəki nümunələrinə toxunmaq istəyirik. Həmin nümunələr muxtar respublikamızda kifayət qədərdir. Bu da ölkəmiz müstəqillik qazandığı illərdə unudulmaqda olan müxtəlif sənət sahələrinin inkişafına şərait yaradılması ilə bağlıdır. Bunun ifadəsini Naxçıvan şəhərinin bir neçə ünvanında fəaliyyət göstərən sənət adamlarının yaratdığı nümunələrdə görmək olar. Bu baxımdan paytaxt şəhərimizdə yerləşən və Şərq üslubunda işlənmiş Cənubi Qafqazın ən böyük ibadət ocaqlarından biri olan Heydər Məscidindəki bədii oyma naxışları diqqətimizi çəkir. Məscidin həyətindəki daş sütunların baza və kapitellərindəki oyma ornamentlər, eləcə də ikitərəfli daş oyma elementləri olan keçidlərdəki bəzəklər Şərq memarlıq üslubunun izlərini özündə ehtiva edir. 
Məscidin daxili interyerində isə mehrab hissənin tamamilə xüsusi olaraq gətirilmiş cəviz ağaclarından hazırlanması diqqətimizi çəkir. Ağacdan hazırlanmış oyma bəzəkləri daş oymada olduğu kimi, birüzlü və ikiüzlü texnika ilə yonulub. 4 ilə başa gələn ağacişləmələr naxçıvanlı ağacoyma ustası mərhum Akif Həsənov tərəfindən həyata keçirilib. Naxışların Əcəmi memarlıq məktəbi abidələrində olduğu kimi, şəbəkələrdən ibarət hazırlanması interyerə daha də Şərq elementlərinin orientalizmini qatıb. Mehrabın hər iki tərəfində dairəvi formalı naxışlar içərisində xüsusi xəttatlıq üslubunda oyulmuş ərəbcə “Allahu Əkbər” (Allah böyükdür) sözləri yazılıb. Onu da qeyd edək ki, həndəsi və nəbati motivlərin həkk olunduğu ağacoyma nümunələrinin yaratdığı estetik gözəllik həm də bir-birini təkrar etmir. Bu da sənətkarın yaradıcılıq dünyasının zənginliyindən xəbər verir. 
Qeyd etmək istərdik ki, tarixən sənət beşiyi sayılan qədim diyarımızda vaxtilə mövcud olmuş müxtəlif sənət növlərinə qayıdış təbiidir. Çünki bu torpağın yetişdirdiyi sənət dahilərinin əsərlərinin bu gün də zamanın boranına, çovğununa, bir sıra təbii fəlakətlərinə dözməsi o əsərlərin dəyərlərinin göstəricisidir. 
Milli mədəniyyətimizin ayrılmaz hissəsi olan dekorativ-tətbiqi sənətin bu qolu da bu gün yaşadılaraq gələcəyimizə bir töhfə kimi öz mədəni izini buraxmaqdadır. 

Aidə İBRAHİMOVA
 

Nəşr edilib : 13.10.2024 10:01