NAXÇIVAN :

02 Fevral 2025, Bazar

Həsrətin 77-ci ili

...

İslam kişi yurduna qayıdacağı günü səbirsizliklə gözləyir

Naxçıvan şəhərində yaşayan İslam Cabbarov Zəngibasar mahalının Dəmirçi kəndindəndir. 98 illik ömrünün 77 ilinə Vətən, yurd həsrəti yazılan müsahibim gördüklərini, yaşadıqlarını ürək ağrısı ilə danışır. Babası Kəlbə Cabbar ağa 1927-ci ildə öldürülüb. Atası Seyid Mirqafar ağa isə 1937-ci ildə mənfur ermənilərin fitnəsinə tuş gəlib. Anasını da erkən itirən, “düşmən xalqın uşaqları” sayılan İslamı bacı və qardaşları ilə birgə dayısı Şərur rayonunun Aralıq kəndinə gətirir ki, təhlükəsizliklərini təmin edə bilsin. Bir müddətdən sonra öz kəndlərinə qayıdan İslam həm oxuyur, həm də işləyib bacı və qardaşlarını saxlayır: “7 yaşımdan işləmişəm. Yaşayış çətin idi. Yıxıla-dura kotan sürürdük. Qafar kişi vardı, o da kotanın macın tuturdu”, – deyə İslam kişi uşaqlıq illərinə qayıdır. O vaxt adamlar Yüzbaşiyan adlı bir ermənidən bəhs edərdilər. Danışırdılar ki, 200 atlı ilə Qərbi Azərbaycan kəndlərində qətliamlar törədib. Camaatı aldadıb məscidə yığır, od vurub yandırırmışlar. 

Dünyagörmüş ağsaqqal deyir ki, bizim kənddə erməni olmayıb, sonradan məskunlaşıblar: “1942-ci ildə bir erməni ailəsi gəldi bizim kəndə, tövlədə mala baxırdılar. Xaçik idi adı. Bir gün yerli camaatla mübahisəsi oldu. Dedi ki, vaxt gələcək yetim Əlinin evi oğlum Norikin, Nəcəfin evi Zalbekin olacaq. Bunlar təlimatlandırılıb içimizə göndərilən ermənilər idi”.
Danışdıqca keçmiş xatirələri çözələnən İslam kişi İrəvanda ikiillik Müəllimlər İnstitutunda təhsil illərini də yada salır: “Həmin dövrdə bütün vəzifələrdə ermənilər idi. Təhsil alıb qayıtdıqdan sonra kolxozda işləyirdim. Rayon Partiya Komitəsinin büro iclası idi. Fikir verdim ki, ermənilərə ayrı, bizə ayrı iclas keçirilir. Buna etirazımı bildirdim”.
Ayrı-seçkilik məsələlərinə və haqsızlığa qarşı çıxan İslam kişi həbs edilir. Həbsdən çıxandan sonra ailəsinin təhlükəsizliyi üçün köçüb Naxçıvana gəlir. 
Bu o vaxt baş verir ki, artıq azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsi prosesinə, daha dəqiq desək, öz ata-baba yurdlarından deportasiyasına start verilmişdi. Bu, Kür-Araz ovalığında yeni suvarılan torpaq sahələrində pambıq yetişdirmək üçün işçi qüvvəsinə ehtiyac yaranacağı ilə əsaslandırılan, əslində isə köçürmə adı altında azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiyası idi. 1948-53-cü illər deportasiyası zamanı, ələlxüsus da, İrəvan və ətraf rayonlarda azərbaycanlıların sayı yarıbayarı azaldı. O dövrün hadisələrini xatırlayan İslam kişi eyni həyəcan və qəzəb hisslərini keçirir. Deyir ki, erməniləri gətirib evimizə yerləşdirirdilər. Həyəti yarı bölürdülər. Bu vasitə ilə məcbur edirdilər ki, öz dədə-baba yurd yerlərimizdən çıxaq.
Naxçıvanda məskunlaşdıqdan sonra dövlət idarələrində çalışmağa başlayan İslam kişi 1966-cı ildə İrəvana seminara göndərilir. Bu o dövr idi ki, İrəvanı azərbaycanlılardan təmizləmək istiqamətində işləri sürətləndirmişdilər. Orada gördükləri İslam kişini dərindən sarsıdır: “Məsələlər yenidən alovlanmışdı. Samvel adlı tanış erməni ilə rastlaşdım. Evinə dəvət etdi. Binaya daxil olarkən yan qapıdan səslər eşitdim. Qeyri-ixtiyari qapını döymədən açdım. Bir erməni qadın kiçik qız uşaqlarından tutmuş yaşlı qadınlaradək otağa yığmışdı, onlara türklərin düşmən olduğu fikrini təlqin edirdi. Qəzəb, nifrət, qisas hissləri aşılayırdı. Sonra dərsliklərdə bu düşmənçilik münasibətlərinə yazılı şəkildə rast gəldim. İrəvanın mərkəzinə getdim, eyni mənzərə ilə orada da rastlaşdım. Adamlar bağa toplanmışdı. Səsgücləndirici vasitəsilə oxunan kitaba qulaq kəsilmişdilər. Yenə eyni fikirlər: türklər bizim düşmənimizdir, onlar bizdən milyon yarım qırıb, qisas almalıyıq. Axşamüstüdür, Mərkəzi Komitənin, Nazirlər Sovetinin işçiləri yoldan keçir, heç kim söz demir. Milis nəfərinə yaxınlaşdım. Dedi ki, dövlətin kitabıdır, oxunur. Mənim işim asayişi qorumaqdır”. 
Sonuncu dəfə İslam kişi doğma yurduna 1988-ci ildə, münaqişənin alovlandığı vaxtda yaxın qohumunun öldürülməsi ilə əlaqədar gedir. Və bu onun oraya son gedişi olur. Azərbaycanlıların öz doğma torpaqlarından növbəti deportasiyası baş verir. 
Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun sayəsində 44 günlük Vətən müharibəsində qazanılan zəfər, uğurlu antiterror əməliyyatı Azərbaycanın öz suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnib. Bütün bunlar, eyni zamanda qərbi azərbaycanlıların da öz əzəli ata-baba yurdlarında yaşamaq hüququnu gündəmə gətirib. Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında hazırlanan Qayıdış Konsepsiyası qərbi azərbaycanlılarda böyük ümid doğurub. Ömrünün ahıl çağında hələ də mütaliə etməkdən doymayan, xatirələrini həm nəqli, həm poetikləşdirərək vərəqlərə köçürən İslam kişi əmindir ki, Qarabağa, Şərqi Zəngəzura qayıdan soydaşlarımız kimi o da gün gələcək ata yurduna – Zəngibasarın Dəmirçi kəndinə qayıdacaqdır. 
Biz də bu müqəddəs arzunun çin olması diləyilə İslam kişi ilə sağollaşdıq, əminliyimizi bildirdik ki, müzəffər ölkə başçımızın, qüdrətli dövlətimizin yeritdiyi siyasət haqqın, ədalətin öz yerini tutmasında bizə işıq yandıracaq. O gün uzaqda deyil.

Ruhiyyə RƏSULOVA 

Nəşr edilib : 01.02.2025 16:00