NAXÇIVAN :

04 Avqust 2026, Çərşənbə axşamı

Hər bir azərbaycanlının Prezidenti

...

Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri də Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Ümummilli Lider Heydər Əliyev qurduğu dövlətin taleyini etibar edəcəyi yeni Liderin seçilməsində nümayiş etdirdiyi müdrikliyin miqyası illər keçdikcə daha aydın görünmüş, bu seçimin uğuru  öz təsdiqini qəti şəkildə tapmışdır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi “Mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözləri Ümummilli Liderin uzaqgörənliyinin və seçiminin alternativsizliyinin bariz nümunəsi sayıla bilər. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, yüksək intellekti və müasir siyasi lider üçün səciyyəvi keyfiyyətləri 2003-cü il oktyabrın 15-də keçirilən  prezident seçkilərində onun inamlı qələbəsini təmin etdi. Dövlət başçısı kimi fəaliyyətə başlayarkən səsləndirdiyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” fikri sonrakı illərdə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinə çevrildi. Ötən dövr ərzində cənab İlham  Əliyev cəmiyyətin böyük əksəriyyətinin etimad və rəğbət göstərdiyi lider kimi qəbul olundu. Bu illərin reallıqları Heydər Əliyev siyasi    kursunun əsasını təşkil edən sülh, sabitlik və inkişaf yolunun alternativsizliyini bir daha sübut etdi, güclü dövlət konsepsiyasının isə ardıcıl və uğurla həyata keçirildiyini təsdiqlədi.

Müdrikliyin miqyası

Azərbaycanın 1993-cü ildən sonra keçdiyi inkişaf yolu, əldə etdiyi mühüm nəticələr və artıq 2003-cü ilə qədər özünü doğrultmuş strateji inkişaf xəttinin davam etdirilməsi zərurəti Ümummilli Liderin 1 oktyabr 2003-cü il tarixli müraciətində də dolğun şəkildə əsaslandırılmışdır. Dövlətçilik təcrübəsinin mənimsənilməsi, strateji baxışın formalaşdırılması və dövlətin inkişafının uzunmüddətli, ardıcıl proseslər üzərində qurulduğunun dərk edilməsi baxımından həmin müraciət bu gün də öz aktuallığını qoruyur və gələcək nəsillər üçün mühüm siyasi məktəb  hesab edilə bilər.
Ümummilli Lider xalqımıza müraciətində 15 oktyabr prezident seçkilərində öz siyasi varisi, o zaman Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini olan cənab İlham Əliyevi dəstəkləməyə çağıraraq deyirdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”

Şərəf və qürur dolu yolun strateji xəritəsi

Müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin böyük inam və ümidləri işığında 2003-cü il oktyabrın 15-də xalqın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə aparacaq inkişaf yolunun əsasını elə fəaliyyətinin ilk günlərindən qoydu.
O hələ andiçmə mərasimində böyük hədəflərə doğru yolu aydın nişan verərək tarixin ən qüdrətli Azərbaycanını xəyallarında yaşadan hər kəsdə bu strateji yolda birgə, çiyin-çiyinə irəliləməyə, amallarından dönməməyə, nəticələrin mütləq arzuladığımız kimi olacağına əminlik yaradırdı. 
Həmin andiçmə mərasimindəki çıxışın mətnini illər sonra tarixçi nəzəri ilə yenidən gözdən keçirdikcə, hər cümləsi üzərində düşündükcə, o kəlmələrlə müasir reallıqlar arasında paralellər apardıqca əmin olursan ki, cənab İlham Əliyev o zaman Azərbaycan xalqı qarşısında, sadəcə, and içmirmiş, tarixin ən qüdrətli Azərbaycanına gətirib çıxaracaq böyük, çətin və əzab-əziyyətli, amma şərəf və qürur dolu yolun dəqiq strateji xəritəsini təqdim edirmiş. 
Cənab İlham Əliyev dilə gətirdiyi bütün sözləri, verdiyi bütün ümidləri bu illərdə Ona inanan, ardınca addım-addım milli məqsədlərə doğru irəliləyən milyonlarla vətəndaşımızla birgə reallığa çevirdi. 
Prezident deyirdi ki, biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik – bu gün Azərbaycan müasir dünyamızın ən zəngin, qüdrətli dövlətləri sırasındadır və dayanıqlı inkişafı ilə öz mövqeyini getdikcə yüksəldir. 
Dövlət başçısı Azərbaycanın güclü orduya malik olmasının həyati əhəmiyyət daşıdığını da xüsusi vurğulayırdı. O bildirirdi ki, Silahlı Qüvvələr qarşıda duran bütün vəzifələri yerinə yetirmək iqtidarında olmalıdır. Sonrakı dövrdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan Ordusu hərbi hazırlığı, maddi-texniki təminatı və döyüş qabiliyyəti baxımından dünyanın güclü orduları sırasında yer aldı. 
Eyni zamanda Vətənə, dövlətə və milli maraqlara sədaqətli, torpaqların müdafiəsi naminə canından keçməyə hazır vətənpərvər bir nəsil yetişdirdi.
Prezident İlham Əliyev əminliklə bildirirdi ki, Azərbaycanın iqtisadi potensialı ordunun ən yüksək standartlara uyğun inkişafına imkan verəcək. Həqiqətən də, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının ardıcıl davam etdirilməsi nəticəsində Azərbaycan qısa müddətdə sosial-iqtisadi göstəricilərinə görə regionun lider dövlətinə çevrildi. Ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri, yüksələn həyat səviyyəsi, iqtisadi gücün artması ordu quruculuğuna da geniş imkanlar yaratdı.
Eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi və geosiyasi proseslərdə artan rolu Silahlı Qüvvələrin ən müasir silah və texnologiyalarla təchiz olunmasına, müdafiə potensialının daha da gücləndirilməsinə şərait yaratdı.
Azərbaycan dövləti cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə, yüksəlişə və inkişafa doğru dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir. Ötən illərin nəticələri göstərir ki, dövlət başçısı fəaliyyətini Ulu Öndərin müstəqillik, dövlətçilik və milli inkişaf ideyalarının ardıcıl həyata keçirilməsinə həsr etmiş, ölkəmizi sosial-iqtisadi inkişafı, siyasi sabitliyi, hüquqi dövlət quruculuğu və beynəlxalq nüfuzu ilə dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirmişdir.

Çoxəsrlik tariximizin ən böyük uğuru

Xalqımız öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu – bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan, təxminən, 30 il davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyünü bərpa etdi və beynəlxalq hüququn norma və prinsiplərinin icrasını öz gücü ilə təmin etdi.
Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu. İnformasiya müharibəsində Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırdı, müxtəlif beynəlxalq media orqanlarına verdiyi müsahibələrlə ölkəmizin ədalətli mövqeyini əsaslandırdı və bütün təzyiqlərə qətiyyətlə sinə gərdi. Xalq bir daha əmin oldu ki, onun Prezidenti milli maraqların müdafiəsində prinsipial və qətiyyətli mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin müharibə günlərində səsləndirdiyi “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik” fikri Azərbaycanın ədalətli mövqeyinin ən dolğun ifadələrindən biri idi.
Ermənistanın 2020-ci il sentyabrın 27-də başladığı növbəti hərbi təcavüzə cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı 44 gün sonra parlaq qələbə ilə başa çatdı. Nəticədə, işğal altındakı torpaqlar azad edildi, Ermənistan ordusu məğlub edildi və Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin olundu.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun həyata keçirdiyi “dəmir yumruq” əməliyyatı ölkəmizin və bütövlükdə, regionun müasir tarixində yeni dönəmin əsasını qoydu. Bu əməliyyat yalnız hərbi qələbə deyil, həm də Azərbaycan xalqının milli iradəsinin təntənəsi idi. Ermənistanın işğalçılıq siyasəti iflasa uğradı, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsindən sonra isə qarşı tərəf faktiki olaraq kapitulyasiya aktını imzalamağa məcbur oldu.
2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən üçtərəfli Bəyanat imzalanmış, bu sənəd Ermənistanın kapitulyasiya aktı olmaqla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinə də faktiki olaraq son qoymuşdur. Prezident İlham Əliyev bu xüsusda bəyan etmişdir: “Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında, həm də ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır”.
Bəyanatın şərtlərinə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları əlavə itki verilmədən azad edildi. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması ideyası regional əməkdaşlıq və kommunikasiya xəritəsinin dəyişməsi baxımından tarixi zərurətə çevrildi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri dövlət suverenliyinin tam təmin olunması istiqamətində həlledici mərhələ oldu. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatçı rejim özünü buraxdığını elan etdi və Azərbaycan bütün ərazisində konstitusiya quruluşunu bərpa etdi.
Bu əməliyyatla Azərbaycan Respublikasında separatçı fəaliyyət və “boz zona” anlayışına son qoyuldu, dövlətin suverenliyi tam şəkildə bərpa edildi.
Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regional sabitliyin təmin edilməsi və dayanıqlı sülhün bərqərar olunması məqsədilə Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsünü irəli sürdü. Prezidentin təklif etdiyi və qarşılıqlı şəkildə dövlətlərin ərazi bütövlüyü və suverenliyinin tanınmasını ehtiva edən beş əsas prinsip əsasında sülh müqaviləsinin hazırlanması təşəbbüsü münaqişədən sonrakı mərhələdə fundamental siyasi çərçivə kimi qəbul olundu.

Beynəlxalq proseslərə istiqamət verən ölkə:

Avropa üçün ən önəmli LİDER

Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələrin təşəbbüskarı, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan xarici əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.     
Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib.        
Ölkə Prezidenti cənab İlham Əliyevin Avropa liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərə dəvət alması, yüksək tribunalardan çıxışı, ən yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. Nəticədə, Avropa ölkələri Azərbaycanla əməkdaşlığa yüksək önəm verir, Prezident İlham Əliyevi Avropa üçün ən önəmli  LİDER hesab edirlər. 
Beynəlxalq təşkilatlara rəhbərlik etməkdə zəngin təcrübə qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu ev sahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan reytinqini getdikcə artırıb. Bütün bunlar, təbii ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət və diplomatik məharət nəticəsində mümkün olmuşdur. Bununla bərabər, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə prosesinə ciddi töhfə verən ölkə kimi tanınması onun COP29-a ev sahibliyi etmək imkanını daha da gücləndirdi. Azərbaycanın bu sahədə uzun illərdir, həyata keçirdiyi ardıcıl siyasət və layihələr, enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından ölkəmiz böyük işlər reallaşdırdı. 
COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti dəfə böyük etimad və inamın göstəricisi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında vurğuladığı kimi: “Ötən ilin dekabrında, təxminən, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi        görürük”.
Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. COP29-da 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçı, onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlərin təmsil olunması Azərbaycanın növbəti qələbəsi, nailiyyətidir. 
Bəli, COP iqlim dəyişikliyi ilə mübarizədə vacib olmağı ilə yanaşı, həm də dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın qazandığı bütün bu uğurlar isə Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsindədir. Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib.    

 Naxçıvan yeni bir strateji inkişaf dönəminə daxil olacaq

Hələ Vətən müharibəsindəki zəfərimizin ilk rəsmi təsdiqi – 10 noyabr bəyanatında Azərbaycan liderinin sülh gündəliyinə daxil etməyə müyəssər olduğu “Zəngəzur dəhlizi” layihəsi də bu missiyanın son dərəcə əhəmiyyətli parçasıdır.
Azərbaycan Prezidentinin dahiyanə gedişlərindən olan “Zəngəzur dəhlizi” təşəbbüsü ilə ilk vaxtlarda Laçın yoluna qarşı əks balansın yaradılması da nəzərdə tutulurdu. Ermənistanda isə sadəlövhcəsinə düşünürdülər ki, Azərbaycan Qarabağda öz məqsədlərinə tam nail olandan sonra Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən geri çəkiləcək. Rəsmi İrəvanın, təxminən, 5 ilə qədər müddətdə məsələni yubatması, “Sülh kəsişməsi” adlı utopik layihələrlə baş qatmağa çalışması da bu təşəbbüsü tədricən gündəlikdən çıxarmaq məqsədi güdürdü. Amma Azərbaycan Lideri yenə geri addım atmadı, bu məsələni daim gündəmdə saxladı.
Nəhayət, ötən il ABŞ-də imzalanmış Birgə Bəyannamə ilə ən böyük məqsədlərimizdən birinə –  Zəngəzur dəhlizinin açılmasına, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına – Azərbaycandan Azərbaycana maneəsiz çıxışın təmin edilməsinə nail ola biləcək.
Elmi-filoloji prinsiplərə əsaslansaq, əslində, bütün adlar şərti səciyyə daşıyır. Belə məqamlarda isə xüsusilə əhəmiyyət verilən məqam addan çox məhz mahiyyətdir. Kommunikasiya xətti “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) adlandırılsa da, əslində, söhbətin mahiyyət etibarilə məhz  Zəngəzur dəhlizindən – Azərbaycanın nail olmağa çalışdığı dəhlizdən getdiyi hər kəsə məlumdur.
Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışın Ermənistanın suverenliyi çərçivəsində nəzərdə tutulması, dəhlizin idarəetməsinin ABŞ-də olması isə bir tərəfdən Azərbaycanın guya Zəngəzuru işğal edəcəyi iddiası ilə hay-küy salan ermənipərəstlərə, o cümlədən keçmiş Bayden administrasiyasına, “Human Rights Watch”, “Freedom House”, USAID kimi bədxah QHT-lərə, “Azadlıq” radiosuna, digər tərəfdən isə Zəngəzur dəhlizi ilə bağlı hansısa “qırmızı xətlərdən” danışanlara ən tutarlı cavabdır.
Beləliklə, cənab İlham Əliyev əsrlərdən miras qalmış daha bir problemi aradan qaldırdı: uzun illərdən bəri blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə maneəsiz keçidi tezliklə təmin ediləcək, Naxçıvan iqtisadi rayonu yeni bir strateji inkişaf dönəminə daxil olacaq, blokada vəziyyətinin yaratdığı bütün sosial-iqtisadi çətinliklər keçmişdə qalacaq.
1990-cı ilin 22 iyulunda Ulu Öndər Heydər Əliyevin Naxçıvana qayıtması ilə bu bölgə işğaldan, səfalətdən xilas oldu, ən əsası isə Naxçıvanın timsalında Azərbaycanın müstəqilliyinin və dövlət quruculuğunun ilk modelləri böyük müdrikliklə hazırlandı və uğurla tətbiq olundu. Azərbaycanın əsl müstəqillik və layiqli dövlət quruculuğu prosesi məhz Naxçıvandan başlandı. Bu proses, nəticə etibarilə, tarixin ən qüdrətli Azərbaycanı və Qarabağda, Şərqi Zəngəzurda Zəfər Bayrağımızın dalğalanması ilə təntənəsini yaşadı. Ulu Öndər Heydər Əliyevin və qüdrətli Lider İlham Əliyevin rəhbərlik etdikləri bu tarixi epoxalarda Naxçıvan məlum coğrafi vəziyyətinə görə daim strateji prioritetliyini qorudu.

Xalqın güvən yeri

XXI əsrin tələblərinə uyğun təhsil sisteminin qurulması, yaradıcı və innovativ cəmiyyət mühitinin, vətəndaşların sağlam həyat tərzinin təşviq olunması ilə Azərbaycan rəqabətli insan kapitalı və müasir innovasiya məkanının yaradılması prioritetinə doğru irəliləyir. Qarabağda, Şərqi Zəngəzurda dayanıqlı məskunlaşma, doğma yurdlara dönən vətəndaşlarımızın iqtisadi fəaliyyətə reinteqrasiyası ilə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış addım-addım təmin edilir. Bütün bunlar cənab İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyü, suverenliyi təmin olunmuş tarixin ən qüdrətli Azərbaycanın planetimizdəki yeni simasını, yeni mövqeyini müəyyənləşdirir və bu siması, mövqeyi ilə müstəqil Azərbaycan dövləti planetimizin mənzərəsində daha ucalarda görünür. İllər öncə Azərbaycan Respublikasının Prezidenti kimi ölkə vətəndaşları qarşısında and içərkən cənab İlham Əliyevin nitqində ümid dolu bu kəlmələr də səslənmişdir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir”. Bunlar artıq, sadəcə, ümid deyil, Azərbaycan boyda bir reallıqdır və hər keçən gün xoşbəxt gələcəyinə qovuşan, inkişaf edən, güclənən Vətənimizlə bu qürur dolu reallığın əhatə dairəsi də genişlənir. 

Arzu ABDULLAYEV 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, 
tarix üzrə fəlsəfə doktoru, dosent

 

Nəşr edilib : 03.08.2026 11:43