Azərbaycan və Qazaxıstan arasında bir çox sahədə ə...
10:57 29.08.2026
0
0
0
NAXÇIVAN :
29 Avqust 2026, Şənbə
Xanəli Kərimlinin 75 illik ömrünə və yeni poetik kitabına bir baxış
Bəzi insanlar haqqında danışanda, ilk növbədə, onların gördüyü işlər yada düşür. Bəziləri haqqında isə danışmağa başlayanda əvvəlcə şəxsiyyətləri xatırlanır. Çünki onların ömür yolu ilə xarakteri, sözü ilə əməli, yaradıcılığı ilə insanlığı arasında görünməz, amma möhkəm bir bağ olur.
Xanəli Kərimli də belə söz adamlarındandır
Onu illərdir, tanıyanlar yaxşı bilir: Xanəli müəllim harada görünürsə, orada ona münasibətdə xüsusi bir ehtiram var. Bu ehtiram yalnız şairə, alimə, müəllimə göstərilən hörmət deyil. Bu, illər ərzində öz davranışı, mövqeyi, sözü və əqidəsi ilə qazandığı insani nüfuzun ifadəsidir. Onu qəbul edənlər də, söhbət edənlər də, tələbələri də, həmkarları da bu münasibəti təsadüfən formalaşdırmayıblar.
Yetmiş beş il insan ömrü üçün böyük bir zaman kəsiyidir. Bu illərin hər biri özündə bir xatirə, bir zəhmət, bir ayrılıq, bir sevinc, bir mübarizə daşıyır. Ancaq yaradıcı insan üçün yaşanan illərin hesabı bir qədər başqadır. Onun ömrünü yalnız illərlə deyil, yaratdığı əsərlərlə, yetişdirdiyi insanlarla, dediyi sözlərlə ölçmək mümkündür. Xanəli Kərimlinin 75 illik ömür yolu da belə bir mənzərə yaradır: şair, alim, pedaqoq və vətəndaş kimi bir-birini tamamlayan dörd istiqamət.
Kənddən başlayan söz yolu
1951-ci il noyabrın 27-də Şahbuz rayonunun Mahmudoba kəndində dünyaya göz açan Xanəli Kərimlinin sözə münasibətinin kökləri elə uşaqlıq illərinə gedib çıxır. Sadə kənd mühiti, ailə, xalq yaradıcılığı, ata-babadan gələn söz yaddaşı onun gələcək yaradıcılığının ilkin məktəbi olub. Özü də yazırdı ki, doğulduğu ailə təbiəti etibarilə bir növ “folklor məktəbi” idi. Bu məktəbdə kitabdan əvvəl həyat vardı. Nağıl, rəvayət, bayatı, xalq sözü, ata nəsihəti vardı. Bəlkə də, sonralar onun şeirlərindəki sadəlik, xalq danışığına yaxınlıq, hikmətə meyil bir qədər də buradan gəlirdi.
Xanəli Kərimli ali təhsilini filologiya sahəsində alıb. Sonralar elmi fəaliyyətini davam etdirərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi qazanıb, dosent elmi adını alıb. Uzun illər Naxçıvan Dövlət Universitetində pedaqoji və elmi fəaliyyət göstərib. Universitetin ilk mətbu orqanı olan “Fikir” qəzetinin redaktoru olub, müxtəlif məsul vəzifələrdə çalışıb, yüzlərlə tələbənin müəllimi olub. Onun üçün müəllimlik, sadəcə, peşə olmayıb. Bu fəaliyyət həm də insan yetişdirmək missiyası olub. Bəlkə, elə buna görədir ki, Xanəli Kərimlinin adı çəkiləndə onu yalnız “şair” adlandırmaq kifayət etmir. Onun yaradıcılığının arxasında uzun illərin müəllimlik təcrübəsi, ədəbiyyatşünas düşüncəsi və həyat müşahidələri dayanır.
Şairliyə çevrilən həyat
Xanəli Kərimli poeziyaya birdən-birə gəlməyib. Sözlə münasibəti illər ərzində formalaşıb, düşüncə ilə zənginləşib, həyat təcrübəsi ilə dərinləşib. İlk kitabı “Ay işığında” 1998-ci ildə nəşr olunub. Ardınca “Anamdan məktub”, “Bu da bir nağıldı…”, “Mənə elə gəlir ki…”, “Duyğularım, düşüncələrim”, “Mənim könlüm bir ümmandır”, “Payız duyğuları”, “Tanrı müjdəsi” və başqa kitabları işıq üzü görüb. Əsərləri Azərbaycanla yanaşı, İran və Türkiyədə də nəşr olunub, şeirləri müxtəlif dillərə tərcümə edilib. Onun yaradıcılığı haqqında müxtəlif illərdə məqalələr toplusu, monoqrafiyalar hazırlanması da təsadüfi deyil. Çünki Xanəli Kərimlinin poeziyasında yalnız fərdi duyğular deyil, insanı və cəmiyyəti düşündürən məsələlər var. O özünü və dünyanı sorğu-suala çəkən şairdir. Bəzən insanın özünə, bəzən zamana, bəzən cəmiyyətə, bəzən də haqqa ünvanlanan suallar onun şeirlərinin əsas ruhunu təşkil edir. Yeni kitabı – “Mən haqqın yazan əliyəm” də məhz bu baxımdan şairin yaradıcılıq yolunun məntiqi davamı təsiri bağışlayır.
“Mən haqqın yazan əliyəm…”
2026-cı ildə “Qanun” nəşriyyatında çap olunan 144 səhifəlik kitab şairin anadan olmasının 75 illiyinə təsadüf edir. Topluda onun son illərdə qələmə aldığı şeirlər yer alıb. Kitabın adı təsadüfi seçilməyib. “Mən haqqın yazan əliyəm…” – deyən şair burada öz yaradıcılıq kredosunu sanki bir neçə sözlə ifadə edir. O, qələmi yalnız şeir yazmaq vasitəsi kimi deyil, haqqa, həqiqətə, insanlığa münasibətini ifadə edən mənəvi məsuliyyət kimi qəbul edir. Kitabın ilk şeirindəki:
Mən Tanrının müjdəçisi,
Haqqın çarpan ürəyiyəm…
misraları ilə başlayan poetik düşüncə sonrakı misralarda daha da dərinləşir və nəhayət:
Haqq üçün olmuşam fəda…
Mən haqqın yazan əliyəm
fikri ilə öz poetik zirvəsinə çatır. Bu sadəcə, poetik ifadə deyil. Xanəli Kərimlinin illər boyu formalaşdırdığı sənət və həyat mövqeyinin ümumiləşdirilməsidir.
Yeni kitabdakı şeirlərdə diqqəti cəlb edən əsas məqamlardan biri zaman anlayışıdır. Şair yaşadığı illərə kənardan baxmağı bacarır. Keçmişi xatırlayır, insan münasibətlərini ölçüb-biçir, həyatın gətirdiyi dəyişikliklərə nəzər salır. “Vaxtında duymadıq biz bu hikməti” şeirinin özü belə kitabın ümumi fəlsəfi ruhunu açmağa kifayət edir. Burada şair insan ömrünün ən böyük sərvətinin nə olduğunu soruşur. Kitabların, dəftərlərin, qələmin bir zamanlar həyatın ayrılmaz hissəsi olduğunu, sonra isə zaman keçdikcə insanların və əşyaların öz yerini dəyişdiyini düşünür. Və sonda çox düşündürücü nəticəyə gəlir:
Demə, oxunmalı ən böyük kitab
Zamanın özüymüş zaman dilində…
Bu misralar 75 yaşında olan şairin həyat təcrübəsindən doğan qənaət kimi səslənir. Çünki müəyyən yaşdan sonra insan üçün ən böyük kitab, doğrudan da, həyatın özüdür.
Özünə sual verən şair
Kitabdakı “Dördlüklər” bölməsi də Xanəli Kərimlinin düşüncə dünyasının başqa bir tərəfini göstərir. Dörd misralıq kiçik poetik parçalar bəzən bütöv bir həyat fəlsəfəsini ifadə edir:
Bu dünyanın dadı nə?
Ünvanı nə, adı nə?
Dünya bir dəyirmandı,
Yaxını nə, yadı nə.
Bu sadə görünən suallar, əslində, çox böyük bir düşüncənin başlanğıcıdır. Şairin poetikası burada özünəməxsus xüsusiyyət qazanır: böyük fəlsəfi fikirləri mürəkkəb ifadələrlə deyil, xalq dilinin sadəliyi və yığcamlığı ilə çatdırmaq. Elə buna görə də onun bəzi misraları şeirdən çıxıb hikmətə çevrilir.
Şeirdən hikmətə
Kitabın sonrakı səhifələrində yer alan “Mənə elə gəlir ki…” bölməsi isə şairin artıq yalnız poetik obrazlarla deyil, birbaşa düşüncə və mühakimələrlə danışdığını göstərir. “Əsl sənət əsərinin yaranması üçün üç şey lazımdır: istedad, zəhmət və şəxsiyyət”, – deyir şair. Bu fikir təsadüfi deyil. Çünki Xanəli Kərimlinin yaradıcılıq yolu bu üç anlayışın vəhdəti üzərində qurulub. İstedad olmadan söz yaranmır, zəhmət olmadan istedad kamilləşmir, şəxsiyyət olmadan isə sözün mənəvi çəkisi azalır. Onun başqa bir fikri də diqqət çəkir: “Şəxsiyyətini qorumaq istəyirsənsə, üç şeydən uzaq ol: nəfsdən, satqınlıqdan və yalan danışmaqdan”. Bu cümlələrə şairin həyat yolu kontekstində baxanda onların yalnız aforizm olmadığını görmək mümkündür. Bunlar həm də uzun ömrün gətirdiyi mənəvi nəticələrdir.
Vətən sevgisi – poetik mövqedən vətəndaş mövqeyinə
Xanəli Kərimli yaradıcılığında Vətən mövzusu da xüsusi yer tutur. Onun Vətənə münasibəti yalnız pafoslu ifadələrdən ibarət deyil. Tarix, milli yaddaş, Türk dünyası, Azərbaycan torpaqları, Qarabağ və milli kimlik onun poetik düşüncəsinin müxtəlif qatlarında görünür. “Turan qalxır ayağa” şeirində Türk dünyasına bağlılıq açıq şəkildə ifadə olunur. “Bir yatmış vulkandır qosqoca Turan” şeirində isə tarixə, torpağa və milli yaddaşa daha sərt və mübariz münasibət hiss edilir.
Bu şeirlərdə şairin mövqeyi aydındır: Vətən sevgisi yalnız duyğu deyil, həm də yaddaş və məsuliyyətdir. Bu baxımdan, Xanəli Kərimlinin yaradıcılığı haqqında illər əvvəl səsləndirilmiş “vətəndaşlıq lirikasının əsas yaradıcılarından biri” qiymətləndirməsi onun poeziyasının əsas istiqamətlərindən birini dəqiq ifadə edir.
İnsanı yazan şair
Xanəli Kərimlinin poeziyasını yalnız Vətən və milli düşüncə ilə məhdudlaşdırmaq olmaz. Onun şeirlərinin ən güclü tərəflərindən biri insana münasibətidir. Dostluq, sədaqət, etibar, xəyanət, sevgi, tənhalıq, qocalıq, ömür, peşmanlıq – bütün bunlar onun şeirlərində bir-biri ilə səsləşir. “Yaxşıdır” şeirində:
Ələ gəlməz keçən gündən,
Duyulmayan səsdən, ündən,
Ümid yoxsa bir könüldən
Sabaha güman yaxşıdır.
– deyərkən şair həyatın ən ağır məqamında belə insanın sabaha olan inamını qorumağa çağırır. “Kim bilir…” şeirində isə başqa bir ovqat var. Burada itirilmiş hisslərin, dəyişən insanın, zamanla daşlaşan qəlbin ağrısı duyulur. Bu, artıq 75 yaşın şeiridir. Gəncliyin sevgisini xatırlayan, amma ona yalnız xatirə kimi baxmayan; keçmişlə bu gün arasında mənəvi məsafəni ölçən bir insanın şeiridir.
Qələm, söz və məsuliyyət
Xanəli Kərimlinin yaradıcılığında söz müqəddəs anlayışdır. “Söz uca Tanrıdır…” şeirində o, müasir cəmiyyətdə sözün dəyərinin azalmasından, hər kəsin özünü söz meydanının sahibi hesab etməsindən narahatlığını ifadə edir. Bu şeirdə satirik çalarlarla yanaşı, ciddi mənəvi xəbərdarlıq da var. Şairə görə söz demək hüququ qazanmaq üçün yalnız qələm sahibi olmaq kifayət deyil. Bunun üçün ədəb, vicdan, məsuliyyət və həqiqət qarşısında dayanmaq cəsarəti lazımdır. Bu mövqe onun “Mənə elə gəlir ki…” bölməsindəki fikirləri ilə də səsləşir. Beləliklə, kitabın müxtəlif səhifələrində ayrı-ayrı janrlarda, fərqli ovqatlarda görünən Xanəli Kərimli, əslində, eyni mövqedə dayanır: sözün məsuliyyətini dərk edən insan mövqeyində.
75 ilin yekunu deyil, yeni mərhələsi
Xanəli Kərimlinin 75 illiyinə həsr olunan bu kitabı yalnız yubiley nəşri kimi qiymətləndirmək düzgün olmaz. Bu kitab daha çox bir ömrün poetik hesabatıdır. Şair geriyə baxır, gördüklərini xatırlayır, yaşadıqlarını ölçür, insanları və zamanları dəyərləndirir. Amma bütün bunları, sadəcə xatirə üçün etmir. Keçmişdən gələcəyə söz aparmaq istəyir. Bəlkə də, kitabın ən qiymətli cəhətlərindən biri budur. 75 yaşında şair həyatın sonuna deyil, sözün davamına baxır. Çünki əsl sənətkar üçün yaş həddi yaradıcılığın sərhədi deyil. Əksinə, ömrün müəyyən mərhələsində insanın gördükləri, yaşadıqları, itirdikləri və qazandıqları onun sözünü daha da dərinləşdirir. Xanəli Kərimlinin yeni kitabında da bunu görmək mümkündür. Burada gəncliyin coşqusu ilə müdrikliyin sakitliyi, Vətən sevgisi ilə insan sevgisi, haqq axtarışı ilə həyatın sərt gerçəklikləri bir aradadır. Və bütün bu yolların sonunda yenə söz dayanır.
Sözün arxasında şəxsiyyət
Xanəli Kərimlinin 75 illik ömrünə nəzər salanda bir məqam xüsusilə diqqət çəkir: onun haqqında danışanların fikirlərində yaradıcılıqla şəxsiyyətin bir-birindən ayrılmaması. Bu hər yaradıcı insana nəsib olan xüsusiyyət deyil. Alim kimi elmi mühitdə, müəllim kimi tələbələri arasında, şair kimi ədəbi aləmdə, insan kimi dostları və həmkarları arasında qazandığı ehtiram onun uzun illər ərzində formalaşdırdığı mənəvi kapitaldır. Ona görə də Xanəli Kərimlinin 75 illik yubileyini yalnız bir şairin yaşadığı illərin sayı kimi qəbul etmək olmaz. Bu həm də Naxçıvan ədəbi-mədəni mühitində öz dəst-xəti olan bir şəxsiyyətin keçdiyi yolun növbəti mərhələsidir. Yeni kitabın adı isə bu yolun mahiyyətini özü deyir: “Mən haqqın yazan əliyəm…” Bəlkə də, 75 illik ömrün ən böyük mənası elə budur – insanın öz sözünə, öz yoluna, öz əqidəsinə sadiq qala bilməsi. Xanəli Kərimli də bu yolun içindən keçərək sözünü deyib. Bəzən sakit, bəzən sərt, bəzən nisgilli, bəzən ümidli… Amma həmişə özünəməxsus. Və 75-ci payızında onun əlində yenə qələm, qarşısında yenə ağ vərəq var. Çünki sözə ömür verənlər üçün ömür bitmir – söz davam edir.
Rəmzi TAHİRLİ
Digər xəbərlər