NAXÇIVAN :

18 Sentyabr 2026, Cümə

Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyən vətəndaşlar üçün oktyabrın 2-si imtahan təşkil olunacaq

...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) həqiqi hərbi xidmətə və mülki işə qəbul olmaq istəyən vətəndaşlar üçün test imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, test imtahanında iştirak etmək istəyənlər sentyabrın 18-i saat 12:00-dan 27-si saat 18:00-dək onlayn qeydiyyatdan keçməlidirlər.

Həqiqi hərbi xidmətə qəbul olmaq istəyən vətəndaşlar SHXÇDX-də fəaliyyət göstərən “Müsahibə komissiyası”nın müsbət rəyini aldıqdan, fiziki hazırlıq səviyyəsi və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı müəyyənləşdirildikdən sonra test imtahanına buraxılırlar. Qadın namizədlər fiziki hazırlıq tələbindən istisnadır.

Mülki işə qəbul olmaq istəyən vətəndaşlar isə “Müsahibə komissiyası”nın müsbət rəyindən sonra test imtahanında iştirak edə bilərlər.

Namizədlər imtahanda iştirak etmək üçün DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və imtahanın iştirak haqqını ödəməlidirlər. Ödənişin məbləği 118 manatdır.

Test imtahanı oktyabrın 2-də saat 11:00-da DİM-in Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək.

İmtahanda namizədlərə ümumilikdə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. Sualların 40-ı qanunvericilik, 10-u Azərbaycan dili, 20-si informatika, 15-i Azərbaycan Respublikasının tarixi və coğrafiyası, 15-i isə məntiqi təfəkkür üzrə olacaq.

İmtahanın müddəti 3 saatdır. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar isə nəticəyə təsir göstərməyəcək. İmtahan üzrə maksimal bal 100-dür.

Həqiqi hərbi xidmətə qəbul olmaq istəyən namizədlər ən azı 80, mülki işə qəbul olmaq istəyənlər isə ən azı 70 bal toplamalıdırlar. İmtahan nəticələri və SHXÇDX-də vakant vəzifələr nəzərə alınmaqla “Müsahibə komissiyası”nın qərarı əsasında keçid balı aşağı salına bilər.

Namizədlər imtahana buraxılış vərəqəsini və “Yaddaş kitabçası”nı imtahandan bir neçə gün əvvəl DİM-in internet saytından əldə edə biləcəklər.

İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” mütləq təqdim edilməlidir. Sənədlərdən hər hansı biri olmadıqda və ya imtahanın başlanmasına 15 dəqiqədən az vaxt qalmış namizəd imtahana buraxılmayacaq.

Nəşr edilib : 18.09.2026 12:37