Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəy...
12:37 18.09.2026
0
0
0
NAXÇIVAN :
18 Sentyabr 2026, Cümə
Tarixboyu Azərbaycan elminə və mədəniyyətinə mühüm töhfələr verən Naxçıvan XX əsrin əvvəllərindən etibarən ölkənin mədəni, ictimai-siyasi və sosial həyatında özünəməxsus və əhəmiyyətli rol oynamağa başlayıb. Bu dövrdə Naxçıvanın yetirdiyi milli ruhlu ziyalılar – Mirzə Cəlil, Məmməd Səid Ordubadi, Məmmədtağı Sidqi, Məmmədağa Şahtaxtlı və başqaları qələmi güclü sözə, sözü isə cəhalətə, xurafata və geriliyə qarşı mübarizə vasitəsinə çeviriblər.
Onların dünyagörüşündə maariflənmə və mədəni inkişaf cəmiyyətin tərəqqisinin əsas şərtlərindən biri idi. İncəsənət yalnız estetik zövq vasitəsi deyil, həm də insanın mənəvi aləminin zənginləşməsinə, azad düşüncənin və dünyagörüşünün formalaşmasına xidmət edən mühüm amil sayılırdı. Məhz belə bir mühit Naxçıvanın XX əsrin əvvəllərindən yalnız ədəbi-ictimai fikir mərkəzi kimi deyil, həm də mədəniyyət və incəsənət həyatının inkişaf etdiyi mühüm bir məkana çevrilməsinə zəmin yaratdı.
Ötən əsrin 30-cu illərindən etibarən Naxçıvanda inkişaf edən musiqi mədəniyyəti Azərbaycana bir sıra istedadlı sənətkarlar bəxş etdi. Haqqında söhbət açacağımız Məmməd Nəsirbəyov da Naxçıvanın ilk peşəkar bəstəkarı, Üzeyir Hacıbəyovun sevimli tələbəsi və Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri idi. O, 1897-ci ildə qədim Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Mirzə Həsən Nəsirbəyov dövrünün maarifçi ziyalılarından olub. İrəvan seminariyasını bitirdikdən sonra Bakıda ibtidai məktəb açaraq pedaqoji fəaliyyət göstərib. Mirzə Cəlil Məmmədquluzadə və Nəriman Nərimanovla yaxın münasibətləri də onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.
Məmməd Nəsirbəyov uşaqlıqdan ziyalı mühitində böyüyüb və musiqiyə olan istedadı erkən yaşlarından üzə çıxıb. 1914-cü ildə Naxçıvanda məktəbin xor kollektivində iştirak edib, konsertlərdə solo ifaçı kimi çıxış edib. Onun sənət dünyasının formalaşmasında Zülfüqar Hacıbəylinin Naxçıvana gəlişi də mühüm rol oynayıb. Zülfüqar Hacıbəylinin rəhbərliyi ilə Naxçıvanda teatr və musiqi həyatı canlanıb. Üzeyir Hacıbəylinin musiqili komediyaları səhnələşdirilib. Bu mühit gənc Məmmədin də sənətə marağını daha da artırıb. O, musiqili komediyalardan parçalar öyrənib və ifa edib.
1914-cü ilin sonunda ailəsi Bakıya köçən Məmməd burada tar çalmağı öyrənib, xalq mahnılarına, rəqslərə və muğamlara marağını genişləndirib. 1923-cü ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan musiqi məktəbinə daxil olaraq solo oxumağı Aleksandr Kolotovdan, tarı isə muğam bilicisi Mansur Mansurovdan öyrənib.
Üzeyir bəy istedadlı gənclərdən ibarət xüsusi dərnək yaradaraq Məmməd Nəsirbəyov, Asəf Zeynallı, Əşrəf Həsənov, Əbdülrəhim Kərimov kimi gənclərə bəstəkarlıq və dirijorluğun əsaslarını öyrədib. Beləliklə, Azərbaycan professional musiqisinin gələcək simalarının yetişməsində mühüm rol oynayıb.
1940-cı ildə Üzeyir Hacıbəyli adına Bakı Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirən Məmməd Nəsirbəyov sənətin müxtəlif sahələrində fəaliyyət göstərib. Skripka, fortepiano, valtorna və tar alətlərində ifa edib, opera teatrında xor artisti və solist kimi çalışıb, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında Əsgərin ariyasını ifa edib. 1931-1937-ci illərdə isə Radio Komitəsində solist kimi fəaliyyət göstərib.
Bəstəkarın yaradıcılığında simfonik və kamera musiqisi, xor əsərləri, müxtəlif alətlər üçün instrumental əsərlər, suitalar, mahnı və romanslar mühüm yer tutur. “Naxçıvan”, “Nizami”, “Şənlik” suitası, “Kantata”, “Fantaziya”, “Ekspromt”, “Qaytağı”, “24 pyes”, “12 uşaq pyesi”, skripka üçün “Variasiyalar” və digər əsərləri onun zəngin yaradıcılıq imkanlarından xəbər verir. O həmçinin Nizami, Füzuli, Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Nigar Rəfibəyli və digər söz ustalarının yaradıcılığına müraciət edərək mahnı və romanslar bəstələyib.
Məmməd Nəsirbəyov musiqişünas kimi də dəyərli irs yaradıb. “Elementar musiqi nəzəriyyəsi”, “Musiqi təlimi”, “Alətşünaslıq və orkestrləşdirmə məsələləri üzrə ensiklopedik lüğət”, “Azərbaycan xalq musiqisi ladlarının quruluşu və münasibətləri cədvəli” kimi elmi-nəzəri əsərləri Azərbaycan musiqi təhsilinin qiymətli nümunələrindəndir.
Onun ömrünün mühüm bir hissəsi pedaqoji fəaliyyətlə bağlı olub. Bəstəkar Bakı şəhərində və bir sıra rayonlarda uşaq musiqi məktəblərinin yaradılmasında iştirak edib, həmin məktəblərdə direktor və müəllim kimi çalışıb. Şagirdlərinin musiqiyə həvəsini artırmaq üçün onların evlərinə gedib, öz vəsaiti hesabına musiqi ədəbiyyatı alıb, alətlərini təmir etdirib. Bu onun müəllimliyə necə böyük məsuliyyət və sevgi ilə yanaşdığını göstərir.
II Dünya müharibəsi illərində də sənətkar öz yaradıcılıq və pedaqoji fəaliyyətini davam etdirib. Hərbi hissələrə ezam olunaraq əsgərlərə vətənpərvər, döyüş ruhlu mahnılar öyrədib. Bu xidmətlərinə görə 6 iyun 1945-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə medalla təltif edilib. Onun yetirmələri arasında Xalq artisti Tofiq Bakıxanov da olub.
Məmməd Nəsirbəyovun həyat yolu Naxçıvanda başlayaraq Azərbaycan musiqisinin müxtəlif sahələrinə yayılan zəngin bir sənət və pedaqoji irsdir. O, Üzeyir bəyin yetişdirdiyi istedadlı sənətkarlar nəslinin nümayəndəsi kimi Azərbaycan professional musiqisinin formalaşdığı mühüm bir dövrə öz töhfəsini verib. Bu gün onun yaradıcılıq irsinin yenidən araşdırılması, əsərlərinin üzə çıxarılması və musiqi təhsilində istifadəsi mühüm əhəmiyyət daşıyır. Çünki Məmməd Nəsirbəyovun irsi yalnız bir bəstəkarın yaradıcılıq nümunələri deyil, həm də Azərbaycan musiqi mədəniyyətinin formalaşdığı bir dövrün canlı salnaməsidir.
Sənətkarın ömrü başa çatsa da, yaratdığı əsərlər yaşayır. Azərbaycan musiqi tarixində iz qoymuş bu əsərlər unudulmamalı, bəstəkarın adı və yaradıcılığı yeni nəsillərə çatdırılmalıdır...
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər