NAXÇIVAN :

18 Sentyabr 2026, Cümə

Naxçıvanda 192 qadın sahibkarlığa sərmayə dəstəyi alıb

...

Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikanın bütün rayonlarını əhatə edən çoxsaylı layihələr həyata keçirilir. Ötən illər ərzində komitə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqram əsasında Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının isə qismən maliyyələşdirdiyi “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi, həmin layihənin davamı olaraq “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyələşdirdiyi “Ailə rifahı naminə qadınları maarifləndirək” layihələri icra olunub.

“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Naxçıvan Qadın Sahibkarlar Forumunda çıxışı zamanı deyib.

Komitə sədri qeyd edib ki, layihələr çərçivəsində, ümumilikdə, 192 qadına sərmayə kapitalı verilmişdir. Sərmayə kapitalı alan qadınlar, əsasən, toxuculuq, heyvandarlıq, iribuynuzlu, xırdabuynuzlu, arıçılıq, dərzilik, bitkiçilik, konservləşdirmə, və digər sahələr üzrə fəaliyyət göstərmişlər. Sərmayə kapitalı alan qadınların təsərrüfatlarında mütəmadi monitorinqlər aparılmış, vəsaitlərdən təyinatı üzrə və səmərəli istifadə olunması istiqamətində onlara məsləhət və metodiki dəstək göstərilmişdir. Hazırda həmin qadınlar fəaliyyətlərini quraraq gəlir əldə edir və təsərrüfatlarını daha da genişləndirirlər.

Nəşr edilib : 18.09.2026 12:14