Cari tədris ili üzrə müsabiqədə 6 211 gənc müəllim...
19:33 02.02.2025
0
0
0
NAXÇIVAN :
02 Fevral 2025, Bazar
Ulu Öndər gənc nəslin milli ruhda, milli-mənəvi dəyərlər əsasında təhsil və tərbiyəsini hər zaman vacib məsələlərdən hesab edirdi. O, Azərbaycana rəhbərliyinin bütün dövrlərində savadlı, yüksəkixtisaslı gənc kadrların yetişməsi işinə xüsusi diqqət göstərmiş, yüzlərlə azərbaycanlı gəncin xaricdə təhsil almasına nail olmuşdu. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Yalnız yüksək elm, təhsil sahibi olan gənclər milli-mənəvi dəyərlərimizi qoruyub saxlaya və Azərbaycan dövlətini inkişaf etmiş qabaqcıl dövlətlər səviyyəsinə yüksəldə bilər”.
Ulu Öndər Heydər Əliyev hələ Azərbaycana birinci rəhbərliyi dövründə gənclər siyasətinin əsaslarını yaratmışdı. Ötən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu. 1970-1985-ci illərdə sovet ittifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırıldı. Onlar gələcəkdə Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problemlərini həll etməli idilər. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Ölkə daxilində də gənc nəslin yetişdirilməsi istiqamətində işlər ən yüksək şəkildə davam etdirilirdi. Təhsil infrastrukturunun yenilənməsi, hərbi liseyin fəaliyyətə başlaması, ali və orta ixtisas təhsil müəssisələrində müxtəlif təyinatlı yeni ixtisasların açılması, idman infrastrukturunun yenidən qurulması gələcək Azərbaycan gəncliyinin formalaşmasına yönəlmiş mühüm addımlardan idi.
1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini yenicə əldə etmiş respublikamızda dövlətçiliyimizə xələl gətirən, ölkənin ərazi bütövlüyünün pozulmasına çalışan qüvvələr separatçı mövqedən çıxış edir, Ermənistan tərəfindən torpaqlarımız işğal olunurdu. Yaranmış gərgin vəziyyət, Qarabağda ermənilərin törətdikləri vəhşiliklər və cəbhədəki uğursuzluqlar gənclərimizdə ruh düşkünlüyü, bədbin əhvali-ruhiyyə yaratmışdı. Bu vaxt dövlət müstəqilliyimizin əldə olunmasında müstəsna rol oynamış, xalq hərəkatının önündə gedərək azadlıq və müstəqillik ideyalarının daşıyıcıları olmuş, Vətənin müdafiəsi, torpaqlarımızın qorunması uğrunda yüzlərlə şəhid vermiş gənclərimiz tamamilə diqqətdən kənarda qalmışdılar. Belə bir vaxtda gənclərlə yeni məzmunda iş aparılması, dövlət-gənclər siyasətinin həyata keçirilməsi olduqca vacib idi. Belə bir tarixi şəraitdə Azərbaycan xalqının tələbi və iradəsi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət gənclərlə iş sahəsində də ciddi dönüş yaratdı. Gənclərə qayğı gündən-günə artdı, onlara etimad göstərildi, məsul vəzifələrdə çalışmaları üçün şərait və imkan yaradıldı.
“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”, – deyən Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratmaqla qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. 1996-cı ildən etibarən gənclər forumları keçirilməyə başladı. I Gənclər Forumundan sonra bu sahədə atılan addımların sayı daha da artdı. Ölkə rəhbərinin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edildi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd edilməyə başlandı. Daha sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində bu istiqamətdə iş aparıldı. Bu mənada, Gənclər Gününün təsis edilməsi və hər il böyük təntənə ilə qeyd olunması Ulu Öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının ən böyük nümunəsidir.
Qafar QƏNBƏROV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər