İlham Əliyev: Bəzi məmurlar ancaq öz ciblərini güd...
15:00 12.11.2025
0
0
0
NAXÇIVAN :
12 Noyabr 2025, Çərşənbə
Ulu Öndər Heydər Əliyev: “...Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir”.
Müəllim öz həyatını cəmiyyətin nurlu gələcəyinə həsr edən, əməyi ilə əsl vətənpərvərlik nümunəsi göstərən, cəmiyyətin gələcəyini etibar etdiyi insandır. Elə buna görə də müəllim əməyinin bənzəri yoxdur. Müəllim təhsilimizin siması kimi, cəmiyyətimizin ən nüfuzlu şəxslərindən olub, sözün əsl mənasında, fədakarlıq simvoludur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sözləri ilə desək, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Bu dəyərli kəlam müəllimlik peşəsinin böyüklüyünü və məsuliyyətini aydın şəkildə ifadə edir. Bu gün ölkəmizdə müəllim kadrlarının hazırlanması və onların yüksək ixtisasla təchiz olunması istiqamətində mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikasında isə bu missiyanı uğurla həyata keçirən əsas elm ocaqlarından biri Naxçıvan Müəllimlər İnstitutudur. Ötən 25 il ərzində bu təhsil müəssisəsi minlərlə gənci sabahın müəllimləri kimi yetişdirib.
Naxçıvan Müəllimlər İnstitutu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı kimi yaradılmışdır. 26 avqust 2003-cü ildən müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərən təhsil ocağı peşəkarlıq, özünə və başqalarına hörmət, şəffaflıq və obyektivlik, əməkdaşlıq, innovativlik, tədqiqatçılıq, öyrənmək və öyrətmək, ən əsası, öyrətməyi öyrətmək prinsipləri və dəyərləri əsasında ali təhsilin bütün səviyyələri üzrə pedaqoji kadr hazırlığını həyata keçirməyə müvəffəq olmuşdur.
Bu il Naxçıvan Müəllimlər İnstitutu üçün ən əlamətdar illərdən biridir. Belə ki, institutun fəaliyyətinin 25 ili tamam olur. 25 ildir ki, Ulu Öndər Heydər Əliyevin imzası ilə yaradılan bu elm ocağı minlərlə gəncin təhsil almasına, yüksəkixtisaslı kadr kimi yetişməsinə və təlim-tərbiyəsinə xidmət edir. 2018-ci ilin may ayında Naxçıvan Müəllimlər İnstitutunun yeni binası müəllim və tələbələrin istifadəsinə verilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunda bаkаlаvriat səviyyəsində 12 ixtisas üzrə kadr hazırlığı aparılır. Bu ixtisaslardan ibtidаi sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə, Təhsildə sоsiаl-psiхоlоji хidmət ixtisasları üzrə ixtisaslı kadrlar muxtar respublikada yalnız bu ali məktəbdə hazırlanır. Magistratura səviyyəsində 5 ixtisas, doktorantura səviyyəsində isə 4 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. İnstitutun tələbələrlə tərbiyə işi yüksək mədəni və ixtisas hazırlığı səviyyəsinə malik, rəqabət qabiliyyətli, gələcək mütəxəssisin yaradıcı şəxsiyyət kimi formalaşdırılması və hərtərəfli inkişaf etdirilməsi istiqamətində qurulub.
Naxçıvan Müəllimlər İnstitutunun elmi fəaliyyətində tələbələr üçün əlverişli maliyyələşdirmə və maddi-texniki təchizat şəraitinin yaradılması, fundamental və tətbiqi elmi tədqiqatların yüksək səviyyədə yerinə yetirilməsi və gələcəkdə elmi-pedaqoji kadrların hazırlanması prosesinə istedadlı gənclərin cəlb olunma mexanizmi mövcuddur. Bu tədqiqatların inkişafına yönəlmiş mövcud elmi məktəblərin və elmi-pedaqoji kollektivlərin dəstəklənməsi və yenilərinin formalaşdırılması, institutda elmin beynəlxalq, dövlət və məhəlli elmi-tədqiqat proqramlarına inteqrasiyası, alimlərin, doktorantların və tələbələrin yaradıcı potensialının reallaşdırılması, onların elmi əlaqələrinin genişləndirilməsi və elmi tədqiqatların nəticələrinin nəşr edilməsi üçün şərait yaradılır.
İnstitutun nailiyyətlərinin və əcnəbi tələbələrin tədrisinin təşkili və birgə elmi-tədqiqat fəaliyyətinin beynəlxalq səviyyədə təbliği sahəsində uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsi məqsədilə xarici elmi məktəblərin nailiyyətləri və qabaqcıl elmi-metodiki təcrübələr öyrənilib institutda tətbiqi işi həyata keçirilir. Bu da institutla bağlanan beynəlxalq müqavilələrin sayının və səmərəliliyinin yüksəldilməsinə xidmət edir. İnstitut 2022-ci ildən Avrasiya Universitetlər Birliyinin üzvüdür. Bir sıra xarici universitetlər və birliklərlə yaxından əməkdaşlıq edir. İnformasiyalaşdırma sahəsində yeni texnologiyalardan istifadə səviyyəsinə görə Naxçıvan Müəllimlər İnstitutunun ölkənin və Avropanın ən yaxşı ali təhsil müəssisələri səviyyəsinə çatdırılması işləri davam etdirilir. Tədris müəssisələrində pedaqoji işçilərin ixtisası üzrə intellektual, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi daim yeniləşən əmək şəraitinə uyğunlaşdırılır, pedaqoji kadrların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal, səmərəli inkişafı və ixtisasartırma təhsilinin Avropa və dünya təhsil məkanına inteqrasiyası təmin edilir, mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müxtəlif modullar üzrə müəllimlərin ixtisasartırma kursları təşkil edilir ki, bu da təhsilin keyfiyyətinin yüksəldilməsində olduqca əhəmiyyətlidir. Həmçinin məktəblərdə ayrı-ayrı fənlər üzrə tədrisin vəziyyətinin öyrənilməsi və nöqsanların aradan qaldırılması, müəllimlərə dərs prosesində interaktiv təlim metod və üsullarından istifadəyə geniş yer verilməsi və fənlərin inteqrasiyasına diqqətin artırılması haqqında elmi-metodiki tövsiyələr hazırlanır, mətbuatda elmi-metodiki məsələlərlə çıxış edərək onlara metodiki köməklik göstərilir. Bu sahədə, eyni zamanda Naxçıvan Muxtar Respublikası ərazisində rayon və kənd məktəbləri ilə distant təhsil məntəqələri yaradılır, bu məqsədlə yaradılmış metodik destek.nmi.edu.az saytı tez-tez təkmilləşdirilərək qabaqcıl təcrübəyə malik olan müəllimlərin təcrübəsinin sayta yerləşdirilməsi də diqqətdə saxlanılır. Hazırda Naxçıvan Müəllimlər İnstitutunun bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil alan 1086 nəfər gənc müstəqil Azərbaycanın dövlətçilik maraqlarının həyata keçirilməsi istiqamətində köklənmiş layiqli vətənpərvər nəsil kimi formalaşır.
İnstitut əməkdaşlarının səmərəli fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Hazırda professor-müəllim heyətindən 4 nəfəri elmlər doktoru, 3 nəfəri professor, 3 nəfəri Azərbaycan Respublikasının Əməkdar müəllimi, 5 nəfəri Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 2 nəfəri Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, 1 nəfəri isə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamıdır, 2 nəfəri Azərbaycan Respublikasının “Tərəqqi” medalına layiq görülmüş, 2 nəfəri isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçilmişlər.
Qeyd edək ki, bu gün Naxçıvan Müəllimlər İnstitutu yalnız bir ali təhsil müəssisəsi kimi deyil, həm də cəmiyyətin gələcəyinə yön verən elm məbədi kimi tanınır. Burada yetişən hər bir gənc sabahın müəllimi, vətəndaşı və ziyalısıdır. Bu institutda atılan hər bir addım, hər bir dərs, aparılan hər bir tədqiqat, bütövlükdə, xalqımızın maariflənməsinə, dövlətimizin güclənməsinə xidmət edir. Müəllimlik peşəsini seçən hər bir gənc bilməlidir ki, bu böyük fədakarlıq və məsuliyyət tələb edən müqəddəs bir missiyadır.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər