DİN Ordubadda səyyar xidmət göstərəcək
08:39 16.02.2026
0
0
0
NAXÇIVAN :
16 Fevral 2026, Bazar ertəsi
Bu xəstəlikdən qurtulmaq mümkündürmü?
Bəzən ev qayğılarına, seçdiyimiz peşəyə o qədər aludə oluruq ki, sağlamlığımızı arxa plana atır və gecikdiririk. O zaman xəstəxanaya üz tuturuq ki, ya kimsə əlimizdən tutub həkimə yönləndirir, ya da ağrılardan dolayı məcbur hiss edirik özümüzü. Həkimlərin efir məkanlarından, sayt, qəzet səhifələrindən maarifləndirici çıxışlarına, çağırışlarına məhəl qoymur, “Vaxt edəndə gedib yoxlanarıq”, – deyə illəri yelə veririk. Və bir gün o yel qapını döyür.
Ümumdünya Səhiyyə Təşkilatının dünya ölkələrində qeyri-infeksion xəstəliklərin vəziyyəti üzrə sonuncu hesabatına görə, 2008-ci ildə 57 milyon insan dünyasını dəyişib ki, onların da 36 milyonu məhz qeyri-infeksion xəstəliklərdən vəfat edib. Dünyada ürək-damar xəstəlikləri nəticəsində ölənlərin illik sayının 2030-cu ilədək 23,3 milyona, onkoloji xəstəliklərdən ölənlərin illik sayının isə həmin dövrdə 13,1 milyon olması gözlənilir. Təhlillər onu da göstərir ki, il ərzində qeyri-infeksion xəstəliklərdən ölənlərin ümumi sayı 2030-cu ilədək 55 milyon olacaq. Ümumiyyətlə, ÜST-nın hesabatına görə hər il dünyada 4,2 milyon insan xərçəng xəstəliyindən erkən dünyasını dəyişir.
2020-ci ildə pandemiya dövrü başlananda hər kəs təlaşa düşmüşdü. Bu həm də insan sağlamlığını önə çıxardı. Bu dönəmdə hər kəs virusa yoluxmamaq üçün cidd-cəhdlə çalışdı, qaydalara əməl etdi. Lakin unutdu ki, sağlamlıq həyəcan təbili çalınanda yada düşəcək mövzu deyil, sağlamlıq hər bir insanın həyatının vacib atributudur – yaşam atributu. Müşahidələr onu göstərir ki, qeyri-infeksion xəstəliklər qrupuna daxil olan xərçəng xəstəliyi günü-gündən artmaqdadır və yaş həddi tanımır. Bu bəladan əziyyət çəkən 1800-ə yaxın xəstə Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzdə qeydiyyatdadır. Qeydiyyatda olmayanlar da bir ayrı siyahıdır.
Müsahibimiz Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin baş həkim vəzifələrini müvəqqəti icra edən həkim-onkoloq Minarə Zeynalovadır.
– Xoş gördük, Minarə həkim. Günümüz üçün ən çox şikayət edilən xəstəliklər sırasında bu gün onkoloji xəstəliklər az deyil. İstərdik ki, oxucularımıza həmin xəstəliklər barədə bir qədər məlumat verəsiniz.
– Bu sırada süd vəzi, daha sonra ağciyər və mədə-bağırsaqda olan şiş xəstəlikləri başlıca yer tutur. Bu xəstəliklərlə bağlı müraciətlər daha çoxdur. Süd vəzi xərçəngi multifaktorial xərçəngdir. Təsir edən risk faktorları çoxdur. Əsas səbəblər arasında qadınların 12 yaşdan tez mensturasiya olması, 50 yaşdan yuxarı klimaks görməsidir. Bədən bu dövr ərzində estrogen hormonuna daha çox məruz qalır. Bu da süd vəzində proliferasiyaya gətirib çıxarır. Bu zaman displaziya, neoplaziya prosesləri baş verir və bu da sonda xərçəngə səbəb olur. Buna gətirib çıxaran səbəblər isə həm kimyəvi, həm bioloji, həm də fiziki faktorlardır. Misal göstərə bilərik günəşin ultrabənövşəyi şüalarını, eləcə də bioloji virusları, kimyəvi kansoragenləri. Hansı ki iş şəraitindən asılı olaraq neft-sənaye sahələrində çalışanlar kimyəvi boya maddələri ilə daha çox təmasda olduqlarına görə onlarda kansoragen maddələr gələcəkdə hansısa fəsadı yarada bilir. Bundan əlavə, genetika və irsiyyət də danılmazdır. Yaxın ailə üzvlərində süd vəzi xərçəngi varsa, hətta 1 faiz olsa belə kişilərdə də bu xəstəlik təzahür edə bilir. O zaman pasient genetik analizə göndərilir və onlarda BRCA 1 və BRCA 2 analiz nəticələri müsbət çıxırsa, bu qadınlarda digər qadınlara nisbətdə 30 faiz tutulma riski yüksəkdir.
– Bəs bu xəstəlik necə aşkar olunur?
– Dəyişə bilən və dəyişə bilmədiyimiz risk faktorları var. Bu sadaladıqlarım dəyişə bilməyən risk faktorlarıdır. Biz onlara təsir edə bilmərik. Amma bu riski necə azalda bilərik? Sağlam həyat tərzi, qidalanma, idmanla müntəzəm məşğul olmaq, ətraf mühit amillərindən uzaqlaşmaq – tutaq ki, dəri xərçəng riskini azaltmaq üçün günəşin zərərli təsirlərindən qorunmalıyıq. Günəşin bəlli saatları var, səhər və axşam saatlarında, günəşin zərərli şüalarının daha az olduğu vaxtlarda çölə çıxmaq olar. Çirkli hava mühiti ağciyərə təsir edir və oradakı prosesləri aktivləşdirə bilir. Siqaret tüstüsündə 700-dən çox kansoragen maddə var. Və bu, istər-istəməz ağciyər toxumasına təsir edərək patoloji prosesləri başlada bilər. Ağciyər xərçəngi də həm genetik ola bilir, həm də ətraf mühitin təsirindən yaranır. Ağciyər xərçənginin histoloji olaraq kiçik və qeyri-kiçik hüceyrəli növləri var. Onların həm müalicələri fərqli gedir, həm də yaranma səbəbləri fərqlidir. Məsələn, adinakarsinoma növü qadınlarda, bir də siqaret çəkməyən kişilərdə daha çox rast gəlinir, amma yastı hüceyrəli xərçəng daha çox yaşlı və siqaret çəkən kişilərdə rast gəlinir. Riskli qrupa daxil olan xəstələr rutin yoxlamalardan keçməlidirlər. Diaqnoz vaxtında qoyulmalıdır ki, ona qarşı mübarizə apara bilək. Amma ağciyər xərçəngi klinikaya qədərki dövrdə səssiz gedişə malikdir və çox zaman biz onu erkən vaxtda aşkarlaya bilmirik, normalda pasient bizə ya 3-cü, ya 4-cü mərhələdə müraciət edir. Əgər birinci, ikinci mərhələdə müraciət etsə, erkən vaxtda aşkarlamaq mümkündür. Gecikmiş halda bəlğəmdə qanın görülməsi baş verir. Xəstə öskürəyi siqaretlə, əksər halda soyuqdəymə ilə əlaqələndirir. Amma iki həftədən çox öskürək davam edirsə, biz artıq burada şübhələnməliyik ki, ağciyərdə patoloji proses ola bilər.
Mədə-bağırsaq xərçəngində də genetik faktorlar var. Bununla belə qeyri-sağlam qidalanma mədə-bağırsaq sisteminin funksiyasını pozur və əksər hallarda şişə çevrilə bilir. İşlənmiş qidalardan, fastfood, yarımfabrikat, konserv, cipsi, kola kimi məhsullardan davamlı istifadə sağlamlıq üçün yaxşı nəsə vəd etmir. Hansı ki biz bol vitaminli meyvə-tərəvəzlərdən istifadə etməklə mədə-bağırsaq sisteminin normal fəaliyyətinə kömək etmiş olarıq. Trans yağlar, həddən artıq kalorili qidalardan istifadə, enerji içkiləri mədə-bağırsaq sisteminin normal fəaliyyətini pozur.
– 2020-ci ildə COVID19 bəlası insanları sarsıtdı. Amma bir məsələ var ki, xərçəng xəstəliyi dünyada ürək-damar xəstəliyindən sonra geniş miqyasda yayılan xəstəlikdir.
– Dünyada insanların sayı artdıqca xəstəlik də ona uyğun artır. Onkoloji xəstəliklərdə olan artım risk faktorlarına önəm verməməkdən, gözardı etməkdən qaynaqlanır. İnsan öz sağlamlığının qayğısına qalarsa, bu xəstəliyin göstəricisi də aşağı düşəcək. Sağlamlığına fikir verən insanlar da az deyil. Vaxtlı-vaxtında müayinələrdən keçirlər. İnsanlar müayinələrdən vaxtında keçməklə, bədəndə baş verən patoloji prosesləri zamanında aşkarlamaqla, düzgün müalicə ala bilərlər. Məsələn, bəzi virus infeksiyaları var, Popilloma virusu, Hepatit B virusu, Hepatit C virusu. Bunlar gələcəkdə xərçəngin risk faktorlarıdır. Həmin insanlar Hepatit B virusu və C viruslarına və yaratdığı xəstəliklərə qarşı müalicə alırlarsa və ya onların vaksinlərini vurdururlarsa xərçəngə çevrilmə riskini xeyli dərəcədə azaltmış olarlar. Amma, əksinə, qaraciyər bir müddət o virusla kontaktda olursa, iltihabi proseslər baş verir, daha sonra qaraciyər serrozu yaranır. Xəstə lazımi müalicələri almırsa, serroz çevrilir qaraciyər xərçənginə. Yəni bu proses mərhələli şəkildə gedir.
– Xəstələr, əsasən, ilkin olaraq hansı hallarda müraciət edirlər?
– Bu, xəstəliyin lokalizasiyasından asılı olaraq dəyişə bilər. Məsələn, pasient süd vəzinin simmetriyasının pozulması, birinin digərindən böyük və ya kiçik olması, dərisində dəyişiklik, qızartı, ödəm, hərarət və yaxud gilənin içəriyə dartılması, duş qəbul edərkən əlinə şişkinlik gəlməsi, qoltuq altında şişkinliyin olması hallarında müraciət edir.
Ağciyərdə öskürək, dırnaqlarda dəyişiklik, təngnəfəslik, bəlğəmdə qan, qollarda, üzdə şişkinliyin və yaxud qalxanvari vəzin ölçüsünün böyük olması, prostatda böyümə, eləcə də mədə ağrıları, nəcisdə qanın görülməsi, sidikdə ləngimə, göynəmə, yanma kimi şikayətlər müşahidə edildiyi halda müraciətlər olur. Hər kəsdə bu risk faktoru vardır və müayinə mütləqdir. Genetik olsa və ya irsiyyətdə varsa, pasient artıq o riski özündə daşımış olur. Süd vəzində hər 8 qadından biri bu riski özündə daşıyır. O riski biz azalda bilərik. Obezitə, hipertoniya, şəkər xəstəliyi daşıyanları nəzarətə götürsək, gələcəkdə xəstəliyə yaxalanmanın qarşısını az da olsa, ala biləcəyik.
– Bədxassəli və xoşxassəli şişlərin fərqi nədir, xoş bədə çevrilə bilirmi və ya bədxassəli şişdən qurtulmaq mümkündürmü?
– Qurtulmaq qeyri-mümkündür deməzdim. Nəzarət altına alınanda ölümcül olmur. Məsələn, illərlə süd vəzi xərçəngi, prostat vəzi xərçəngi daşıyan xəstələrimiz var. Niyə vurğulayırıq erkən diaqnostikanın əhəmiyyətini? Çünki birincisi, ikinci mərhələdə bu xəstənin sağalma şansı var. Bədxassəli şişlərin xoşxassəlidən fərqli olaraq metastaz vermə qabiliyyətinə görə birdən çox orqana yayılma ehtimalı var. Xoşxassəlilərdə bu proses yoxdur. Xoşxassəli şişlər yerləşmə yerinə görə təhlükəli ola bilər. Beyin şişi görmə mərkəzinin üzərində yerləşir, kor olma ehtimalı var. Amma bədxassəli şişi olan xəstələri 3 aydan bir kontrol müayinəyə dəvət edirik ki, digər orqanlara yayılma varmı, yoxmu – bunu vaxtında aşkar edək. Xəstə gec müraciət edirsə, müalicə də bir o qədər çətin olur. Məsələn, süd vəzində çox kiçik ölçüdə bir şişdirsə və süd vəzindən kənara çıxmayıbsa, deyək ki, qoltuqaltı limfa düyünlərində, ağciyərdə, qaraciyərdə, sümükdə, beyində metastaz yoxdursa, o zaman qoruyucu əməliyyatlar icra olunur. Süd vəzi qorunmaqla həmin şiş çıxarılır. Daha sonra radioterapiya, kimyaterapiya kimi müalicələr aparmaqla xəstə normal həyatına davam edir. Sağlam qidalanma, aktiv hərəkət və 3 aydan bir rutin kontrollardan keçir. Növbəti ildə 6 aydan bir, sonrakı illərdə ildə bir dəfə yoxlanmaqla həyatına davam edə bilir.
Gecikmiş mərhələdə onlara metastatik xəstələr və ya “irəli evre” deyilir. Gecikmiş xəstələr müraciət edəndə bəzən polliativ məqsədlə müalicə aparılır. Məsələn, şiş həddən artıq böyüyüb və süd vəzi toxuması artıq dağılıb qanamaya məruz qalıbsa, bu zaman polliativ məqsədlə süd vəzi kəsilir, sanitar məqsədlə əməliyyat icra olunur. Metastatik xəstələrdə biz daha çox kimyaterapiyaya üz tuturuq. Ən azından xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq, ömrünü uzatmaq məqsədilə. Kimyaterapiya ilə yayılan proseslərin sürətinin qarşısı alınır. Kimyaterapiya, imunterapiya və targetterapiya kombinatı və ya kompleks şəkildə istifadə edilir. Hansı ki hüceyrələrdə reseptorlar olur. Ağıllı dərmanlar antigen-antitel mexanizmi ilə işləyir və xəstəliyin sürətlə yayılmasının qarşısını alır.
– Belə xəstələrin müalicəsi üçün bu gün onkoloji mərkəz hansı imkanlara sahibdir?
– Kimyaterapiyanı təkmilləşdirmək üçün avadanlıqlar alınıb. Bəziləri də satınalma prosesindədir. Hazırda kimyaterapiyanın aparılması üçün heç bir problemimiz yoxdur. Bu prosedur paytaxtda da, xarici ölkələrdə də eynidir, heç bir fərqi yoxdur. Yəni tövsiyəmiz odur ki, xəstələr bunun üçün vaxt sərf edib uzağa getməsinlər. Biz NCCN protokolları ilə işləyirik. Ancaq bu protokollar hər ay dəyişilə bilir, tibdə yeniliklər olur. Xəstələr kimyaterapiya olunandan sonra onlar müayinələrə göndərilir. Sonra müqayisə etmək şansı qazanılır ki, şişin ölçüsündə nə qədər azalma var. Müalicədə effekt aldığımız xəstələr üstünlük təşkil edir.
Xəstədə patoloji şiş aşkarlanarsa, biopsiya icra etmək lazımdır. Manual müayinədə təyin edilən santimetrlik törəmələr ultrasəs müayinəsindən keçməlidir. Vətəndaş bəzən deyir ki, yox, mən qorxuram. Eşitmişəm ki, biopsi olanda xəstəlik sürətlə yayılır. İmtina edirlər. Qeydiyyata düşmək istəmirlər. Müraciətim ondan ibarətdir ki, əsasən də qadınlar vaxtında müayinələrdən keçsinlər. Vaxtında təyin edilən analizlərini versinlər.
– Bu xəstəlik son dövrlərdə uşaqlarda da artıb...
– Burada genetik faktor ola bilər, həm də epigenetika deyilən bir anlayış var. Gendən keçməsə də, insanın həyatı boyu əldə etdiyi davranışlar, istər qidalanma, həyat tərzi onlarla birlikdə epigenetikaya təsir edir, övlada ötürülə bilir. Məsələn, bir qadın alkoqol qəbul edirsə, onun dünyaya gətirdiyi uşaq da bəzi xəstəliklərə yoluxacaq. Çünki orada immunitet böyük önəm kəsb edir. Ana sağlam həyat tərzi keçirmirsə, övlada da sağlam həyat bəxş eləmir. Və istər-istəməz gələcəkdə onu risk altına atmış olur.
– Oxuculara məsləhətiniz...
– Məsləhətim odur ki, ÜST-ün qərarlarına əsasən insanlar bəlli yaşdan sonra hansı müayinələrdən keçməlidilərsə, mütləq keçsinlər. 50 yaşdan yuxarı kişilər prostat spesifik antigen analizini verə bilərlər. Hər iki cinsin nümayəndələri isə 10 ildən bir kolonoskapiya müayinəsindən keçə bilərlər və ya ildə bir dəfə qaitada gizli qan olub-olmamasını yoxlaya, ağciyər xərçəngi üçün flüoroqrafik müayinələrə cəlb oluna bilərlər. 6 aydan bir süd vəzi üçün ultrasəs müayinələri və 40 yaşdan yuxarı hər bir qadın 2 ildən bir mammoqrafik müayinədən keçməlidir. Əgər onda patoloji proses varsa, erkən yaşlarda da müayinədən keçə bilərlər. Uşaqlıq boynu xərçəngində PAP-Smear testləri var. 40 yaşdan yuxarı qadınlarda 3 ildən bir uşaqlıq yolundan yaxma götürülür və orada atipik hüceyrənin olub-olmaması aşkarlanır.
– Suallarımızı cavablandırdığınız üçün minnətdarlığımızı bildiririk.
– Sonda bir daha qeyd etmək istərdim ki, bu xəstəliyin yaranma riskini minimuma endirmək olar. O halda ki sağlamlığımızı ön plana çıxaracağıq. Sağlam qidalanma, sağlam həyat tərzi və vaxtaşırı müayinələrdən keçməklə xəstəliklərdən qoruna bilərik. Unutmayaq ki, sağlamlıq ən böyük nemətdir! İndi özünüz seçin: sağlamlıq, yoxsa xəstəlik?
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər