NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Ən böyük memar – Heydər Əliyev

...

Vətənin hər qarışında Ulu Öndərin imzası var

1939-cu ilin isti yay günlərindən birində qədim Naxçıvanın özü qədər ulu olan tarixi məhəlləsində böyüyən gənc bir naxçıvanlı öz xəyallarını gerçəkləşdirmək üçün Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq fakültəsinə daxil oldu. İkinci Dünya müharibəsinin başlanması təhsilini başa çatdırmağa imkan verməsə də, Tanrı Ona böyük bir xalqın əbədi dövlətinin təməlini atmağı, memarı olmağı qismət etdi. Bugünkü güclü, qalib, dünya xalqları arasında imzası olan Azərbaycan dövlətinin ən böyük memarı olmaq şərəfinə Heydər Əliyev nail oldu. 
1969-cu ildən başlanan bu yol çətin, keşməkeşli dar cığırlardan keçərək bizi bötöv və suveren Azərbaycana gətirdi. Bəli, O bu xalqın ən böyük memarıdır. Bu gün bu Vətənin hər qarışında Ulu Öndərin alın tərinin, qabarlı əllərinin izi var. Gənc yaşlarından memarlıq sənətinə vurğun olan, həyatını bu sənətə, bu fəaliyyətə həsr etmək arzusu ilə yaşamış Heydər Əliyev həyatın çətin qaydaları ilə mübarizə aparsa da, memarlığa olan məhəbbətini son anına qədər qəlbində yaşadıb. 
60-cı illərin sonunda hakimiyyətə gələndə ondan istənilən, sovet ideologiyasının əsas məqsədlərindən olan milli xüsusiyyətlərin silinməsi tələbini həyata keçirməsi idi. Bu təkcə memarlıqda yox, bütün sahələrdə qarşıya qoyulan tələb idi. Məqsəd isə SSRİ-də yaşayan çoxsaylı millətləri birləşdirmək, simasızlaşdırmaq idi. Onun isə ilk addımları milli dəyərlərimizi öyrənmək, müasir fəali­yyətdə onlara istinad edərək Azərbaycanın tarixi mədəniyyətini dünyaya tanıtmaq oldu. Bu isə sovet dövlətinin bütün ideyalarına və tələblərinə qarşı çıxmaq, onların tələblərinə zidd hərəkət idi. O heç nədən və heç kimdən qorxub çəkinməyərək memarların qarşısında Azərbaycan memarlığının müasir tələblərə cavab verməsini, lakin bununla bərabər, milli xüsusiyyətlərin əks etdirilməsini tələb kimi qoymuşdu. 

Mərkəzi hakimiyyətin Heydər Əliyevin bu yanaşmasına yaxşı münasibət göstərməməsi, gənc siyasətçiyə təzyiqlər etməsi Onun cəsarətini, millətinə bağlılığını sındıra bilmirdi. Bu gün tam əminliklə deyirik ki, milli irsimizin qorunub saxlanılması, müasir memarlıq incilərinin əsasının qoyulması dövlət siyasəti olaraq məhz Heydər Əliyevin dövründə başlandı.
Həmin illərdə yaşayıb-yaradan memarlar qeyd edirlər ki, O, tikililərin layihələndirilməsində, necə deyərlər, süjet xəttini özü verir və hətta memarlarımız tərəfindən layihələr işləndikcə mütəmadi olaraq müzakirələr aparırdı. Yəni demək olar ki, layihələri özü memarlarımızla birgə işləyirdi. Bu, dünya tarixində müşahidə olunmamış bir hadisədir. Məhz bunun nəticəsində həmin dövrlərdə müasir şəhərsalma prinsiplərinə və xalq təsərrüfatının tələbinə uyğun olaraq şəhərlərimizin yeni Baş planları işləndi, yaşayış məntəqələrinin siması köklü şəkildə dəyişdi. Əgər həmin dövrə qədər Azərbaycanda cəmi 37 şəhərin Baş planı vardısa,   70-80-ci illərdə 60 şəhərin və bir sıra şəhərtipli qəsəbələrin Baş planları işlənildi. Bir-birindən gözəl, milli üslubda ucaldılan tikililər əsri Ulu Öndərin imzası ilə başlandı.
Ümummilli Lider tikililərin layihələndirilməsi ilə yanaşı, onların yerini də özü seçir, ətraf mühitlə harmoniyanı nəzərə alırdı. Müasir memarlıq üslubunda inşa olunan obyektlərin salınmasında Ulu Öndərin ən çox diqqət yetirdiyi məqam həmin tikilinin ətrafında yaradılacaq yaşıllıq sahəsi olurdu. 
Mənzil tikintisinin genişlənməsi şəhər ərazilərinin abadlaşdırılması, sosial və mədəniyyət obyektləri şəbəkəsinin inkişafı da məhz Ulu Öndərin idarəçiliyi dövrünə təsadüf edir. Naxçıvandakı Yeni Naxçıvan massivi, Sumqayıtdakı 13-cü, 17-ci mikrorayonlar memarlıq və kompozisiya həllinə görə Ulu Öndərin birinci siyasi hakimiyyət dövrünün ən uğurlu yaşayış məkanları hesab edilir.
Dahi şəxsiyyət Heydər Əliyev, həmçinin ölkəmizdə hakimiyyətdə olduğu ilk dövrlərdən tarixi abidələrimizin qorunmasında və bu günümüzə gəlib çatmasında müstəsna xidmətlər göstərmişdir. Qədim Qəbələ – 9 əsr Qafqaz Albaniyasının paytaxtı olmuş tarixi-arxeoloji məkan – sovet dövründə hərbi obyekt üçün yer seçiləndə sovet generalları Heydər Əliyevin sərt etirazı ilə qarşılaşır. Çətin mübarizədən sonra Onun cəsarəti ilə Qədim Qəbələ məhv olmaqdan xilas olur.
Məscidlərimizin, dini ziyarətgahlarımızın qorunması da məhz bu dövrə təsadüf edir. Sovet ideologiyasına əsasən İslam dini abidələrinə mənfi münasibət bəslənməsinə baxmayaraq, Heydər Əliyev sərgilədiyi böyük vətənpərvərlik və cəsarət nümunəsi ilə belə ziyarətgahların qorunub saxlanması məsələlərini önə çəkir, müxtəlif yollarla həmin abidələri qoruyurdu. Həmin dövrdə məscidlərin və dini ziyarətgahların sovxoz və kolxozlar üçün taxıl anbarlarına çevrilməsinin səbəbini biz müstəqillik qazananda dərk etdik. Bir daha Onun dərin və uzaqgörən zəkasına heyran qaldıq. 
1981-ci ildə “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarın qəbul edilməsi də abidələrimizin tədqiqi və mühafizəsi üçün böyük əhəmiyyət kəsb edib. Məhz həmin qərarla müqəddəs dini tarixi-abidələrimizin, eyni zamanda Naxçıvanda Qarabağlar türbəsinin təmir-bərpa işləri reallaşıb. 
Müasir Azərbaycanın memarı ən möhtəşəm əsərini isə 1993-cü ildə ikinci dəfə müstəqil dövlətdə siyasi hakimiyyətə qayıdandan sonra yaratdı. Dahi şəxsiyyət yenidən milli-mənəvi dəyərləri dirçəltdi, bütün sahələr kimi, memarlığı da layiq olduğu səviyyəyə qaldırdı. Qarşısına çıxan iqtisadi çətinliklərə, müharibə şəraitinin gətirdiyi xoşagəlməz hallara baxmayaraq, Azərbaycanda yenidən quruculuq işləri geniş vüsət aldı. Memarların qarşısında yeni üfüqlər açıldı və onların yaradıcılıq sahəsi özünün yeni intibah dövrünü yaşadı. Azərbaycanda milli memarlığa Ulu  Öndərin qayğı ənənəsini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev layiqincə davam etdirir. Son beş ildir ki, dahi rəhbərin Şuşada, Laçında xəyalını qurduğu, layihəsini işlədiyi planlar yerinə yetirilir. 
Zəfərin ardınca otuz il ərzində viran qoyulan ərazilərimizdə innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri başladı. Son beş ildə Qarabağda böyükhəcmli infrastruktur layihələri həyata keçirilir. Yollar, hava limanları, məktəblər, elektrik stansiyaları, xəstəxanalar, yaşayış binaları, mədəniyyət və təhsil obyektləri, turizm məkanları tikilir, saymaqla bitməyən işlər görülür. Bərpa olunan məscidlərdən azan səsi yüksəlir. Tarixi abidələrin bərpa olunmuş görkəmi göz oxşayır. Öz çıxışlarında bütün bunların sadalanmaqla bitməyəcəyini deyən dövlət başçısı bildirib ki, Qarabağın dirçəldilməsi ən mühüm vəzifələrdən biridir ki, bu sahədə mühüm işlər görülür. Bu isə Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Və Azərbaycanın memarının bu Vətən üçün arzularını gerçəyə çevirir. 

 Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 08.06.2026 09:35