NAXÇIVAN :

17 May 2025, Şənbə

Əbdürrəhim bəy Haqverdiyev – realizmin sönməz ulduzu

...

Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, klassik realizmin görkəmli nümayəndəsi, dramaturq, nasir, publisist və maarifçi ziyalı kimi zəngin ədəbi irsi ilə tanınır. O, 1870-ci il mayın 17-də Qarabağın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində dünyaya göz açıb. İlk təhsilini Şuşa realnı məktəbində alan Əbdürrəhim bəy daha sonra təhsilini Tiflis realnı məktəbində davam etdirmiş, 1891-ci ildə oranı bitirmişdir. Elə həmin il Peterburq Yоl Mühəndisləri İnstitutuna daxil olaraq Mühəndislik ixtisası üzrə ali təhsil almışdır.

Peterburqda yaşadığı illər gənc yazıçının ədəbi yaradıcılığının formalaşmasında mühüm rol oynamışdır. O, ilk pyeslərini də məhz burada yazmışdır. “Yеyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq” (1896) adlı əsərləri ilə Azərbaycan dramaturgiyasına yeni nəfəs gətirmişdir. 1899-cu ildə doğma Şuşaya dönən Haqverdiyev burada iki il yaşayaraq xalq yaradıcılığı nümunələrini toplamış və bu zəngin folklor qaynaqları əsasında yeni əsərlər yazmağa başlamışdır. Onun “Bəxtsiz cavan” pyesi 1900-cü ildə yazılmış və elə həmin il tamaşaya qoyulmuşdur. 1901-ci ildə isə yazıçı Bakıya köçərək “Pəri cadu” pyesini tamamlamışdır.

Ə.Haqverdiyev təkcə ədəbiyyat sahəsində deyil, ictimai-siyasi müstəvidə də fəallıq göstərmişdir. O, 1906-cı ildə Gəncə quberniyasından Rusiya Dövlət Dumasına nümayəndə seçilmiş və Peterburqda siyasi və ədəbi fəaliyyətini davam etdirmişdir. Elə həmin dövrdə o, “Ağa Məhəmməd şah Qacar” faciəsi üzərində işləyərək dövlət kitabxanalarında geniş tədqiqatlar aparmış, hətta əlavə məlumatlar toplamaq üçün 1907-ci ildə İranda səfərdə olmuşdur. Bu əsər 1907-ci ildə Bakıda səhnəyə qoyulmuş və uzun illər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

1906-cı ildə nəşrə başlayan məşhur “Molla Nəsrəddin” jurnalında Ə.Haqverdiyev “Cеyranəli”, “Xоrtdan”, “Həkimi-nuni-səğir”, “Lağlağı”, “Mоzalan”, “Süpürgəsaqqal” kimi, imzalarla çıxış edirdi. Onun “Cəhənnəm məktubları”, “Mozalan bəyin səyahətnaməsi”, “Marallarım” kimi əsərləri bu gün də ədəbiyyatımızın dəyərli nümunələri sırasındadır.

Ədibin yaradıcılıq palitrası olduqca zəngindir. “Qırmızı qarı”, “Ədalət qapıları”, “Ağac kölgəsində”, “Vavеyla”, “Köhnə dudman”, “Baba yurdunda”, “Qadınlar bayramı”, “Kamran”, “Sağsağan”, “Yoldaş Koroğlu”, “Çox gözəl” kimi hekayələri ədəbi ictimaiyyətin diqqətini çəkmiş, bir çox əsərləri “Marallarım” (1927) və “Hekayələr” (1940) adlı toplularda nəşr edilmişdir.

Ə.Haqverdiyevin ədəbiyyat və incəsənət sahəsindəki əvəzsiz xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş və 1928-ci ildə ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir. O, 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.

Azərbaycan dövləti böyük ədibin irsinə daim yüksək dəyər vermişdir. Prezident İlham Əliyevin 2020-ci il 31 yanvar tarixli Sərəncamı ilə Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunmuş, həmçinin onun yubileyi UNESCO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilmişdir.

Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatının qızıl səhifələrində özünəməxsus yer tutan sənətkarlardandır. Onun yaradıcılığı bu gün də öz aktuallığını qoruyur, yeni nəsillərə milli-mənəvi dəyərləri aşılayır və ədəbi irsimizin zənginliyini nümayiş etdirir.

Əbdürrəhim bəy Haqverdiyev yalnız bir yazıçı deyil, həm də xalqının düşüncəsini, dərdini, ümidini qələmə alan böyük ziyalı idi. Onun ədəbi irsi bu gün də öz aktuallığını qoruyur, yeni nəsillər üçün örnəyə çevrilir. O, yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının tarixində silinməz iz buraxıb.

Elnurə CƏFƏROVA

NDU-nun Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 17.05.2025 10:00