NAXÇIVAN :

23 Iyun 2025, Bazar ertəsi

Prezidentin uzaqgörən qərarları bu gün öz təsdiqini tapır

...

Sərhəd yalnız coğrafi xətt deyil. Bu, bir dövlətin nəfəs borusu, təhlükəsizliyinin ilk səddi, sabitliyinin dayaq nöqtəsidir. Qonşu bölgələrdə, xüsusilə də İran və Yaxın Şərqdə baş verən son olaylar, illərlə müzakirə mövzusu olan quru sərhədlərin bağlı qalmasının nə qədər strateji və uzaqgörən qərar olduğunu bir daha sübut etdi.Sosial şəbəkələrdə, gündəlik söhbətlərdə bəzən səslənən “Sərhədlər nə vaxt açılacaq?” sualına cavab indi daha aydındır. İran-İsrail münaqişəsinin qızışması, ölkə daxilində baş verən terror aktları, qaranlıq şəkildə həyata keçirilən qətllər və İsrailin İran ərazisində geniş kəşfiyyat şəbəkəsi qurması göstərdi ki, təhlükə təkcə müharibə meydanında deyil, elə adi gecənin qaranlığında, bir insanın yatağındadır.
Azərbaycan bu ssenaridən uzaq durmağı bacarıb. Biz artıq sübut etmişik ki, torpaqlarımızı işğaldan azad etdikdən sonra təkcə qələbə deyil, həm də məsuliyyət qazanmışıq. Bu məsuliyyətin ən əsas hissəsi isə sabitliyi qorumaqdır. Bu gün ölkəmizin daxilində əmin-amanlıq varsa, insanlar rahat şəkildə şəhərlərində, kəndlərində fəaliyyət göstərirlərsə, bu məhz sərhədlərin ciddi şəkildə nəzarətdə saxlanılması ilə bağlıdır.

Bəziləri arqument gətirir ki, “Təhlükə göydən gəlirsə, sərhədin nə günahı?” Amma artıq bu arqumentin özü köhnəlib. Raketlərə qarşı hava hücumundan müdafiə sistemləri qurulur, amma təxribatçılara qarşı yeganə qoruyucu qalxan sərhədin bağlanması və giriş-çıxışların ciddi şəkildə tənzimlənməsidir. Hibrid müharibələr dövründə sərhədlər təkcə fiziki deyil, psixoloji baryer rolunu da oynayır.

Təsəvvür edin, hazırda sərhədlər tam açıq olsaydı, sərhəddən gələcək nəzarətsiz insan axınının yaşada biləcəyi sosial və təhlükəsizlik problemlərini necə həll edərdik? Bu, sadəcə, miqrasiya məsələsi deyil, miqrasiya fonunda daxil ola biləcək casusları, silahlıları, təxribatçıları da özündə ehtiva edə bilər.

Prezident İlham Əliyev bu təhlükələri illər əvvəl görmüşdü. O, sərhədlərin bağlı qalmasını yalnız pandemiya ilə deyil, daha dərindən, strateji təhlükəsizlik yanaşması ilə izah etmişdi. Ən maraqlısı budur ki, bu yanaşmanın nə qədər doğru olduğu son illərin hadisələri fonunda artıq öz təsdiqini tapıb. Ölkə başçısı deyirdi:
“Quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük... Biz bu siyasət sayəsində böyük fəlakətlərin qarşısını aldıq”.

Bəli, biz bunu indi daha dərindən anlayırıq. Təhlükə qapımıza gəlməmiş, onun qabağını almaq praqmatik düşüncənin, dövlətçilik bacarığının nəticəsidir. Sərhədi vaxtında bağlamaq, xalqın təhlükəsizliyini öndə tutmaq isə yalnız siyasi təcrübə deyil, həm də milli məsuliyyət nümunəsidir. Ona görə də bəzən azadlıqla təhlükəsizlik arasında seçim edilməli olanda, ağıllı dövlətlər mütləq ikinciyə üstünlük verir. Çünki təhlükəsizlik varsa, azadlıq da daim var olacaq. Əks halda isə nə azadlıq olar, nə də dövlət.

Sara ƏZİMOVA
jurnalist

Nəşr edilib : 22.06.2025 20:22