NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Dünya ictimaiyyətinin Azərbaycana hörmət və etimadı – COP29

...

Gələn ay Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar bütün dünyanın diqqəti Azərbaycana fokuslanacaq. İki yüzə yaxın ölkənin belə bir yekdil qərarı qəbul etməsi ölkəmizin dünya siyasi arenasındakı nüfuzundan xəbər verməklə yanaşı, həm də ümumbəşəri ideyalar üzərində sağlam dünya naminə hədəflərinə doğru inamla irəlilədiyini göstərir. Eyni zamanda atılan bu addım 120 dövlətin dəstəyi ilə Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik edən, Qafqazda daimi sülh və sabitlik yaratmaq məqsədilə hərəkətə keçən, sülhü, dialoqu və barışığı dəstəkləyən Azərbaycana hörmət və etimadın nəticəsidir. Prezident cənab İlham Əliyevin bu qərara münasibətini ifadə edərək dediyi kimi: “COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək... Beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq”.

COP29-un Azərbaycanda təşkilini şərtləndirən bir sıra əhəmiyyətli nüanslar diqqəti çəkir. Qərarı imzalayan tərəfləri düşündürən ən vacib məqam, ilk növbədə, təbii ki, belə bir mötəbər tədbirin yüksək səviyyədə təşkili məsələsidir. Bu xüsusda onu qeyd etmək olar ki, Azərbaycan indiyə kimi “IV İslam Həmrəyliyi Oyunları 2017”, “Avroviziya Mahnı Müsabiqəsi”, “Bakı-2015” birinci Avropa Oyunları”, “Beynəlxalq Astronavtika Konqresi” və “Formula 1” kimi beynəlxalq səviyyəli tədbirlərin timsalında əsl ev sahibliyi nümunəsi yarada bilib. Məhz qazanılan geniş təcrübənin nəticəsidir ki, COP29-a ev sahibliyi statusu məsələsində də Azərbaycan bütün dünya ölkələri tərəfindən birmənalı şəkildə dəstək aldı. İkinci və ən əsas nüans isə konfransın mövzusu, məqsədi və hədəfləridir, yəni qlobal iqlim dəyişiklikləri ilə mübarizə, iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək, iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir  ki, ölkəmizin illərdir, bu sahədə rellaşdırdığı və icrası davam edən, nəzərdə tutulan sanballı layihələr kifayət qədərdir. Buna ətraf mühitin qorunması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, ictimai nəzarətin gücləndirilməsi, müxtəlif adlarda eko, təmizlik, ağacəkmə aksiyalarının, kütləvi iməciliklərin keçirilməsini, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, eləcə də fərqli dövrlərdə ayrı-ayrı beynəlxalq təşkilatlardan, ali tribunalardan ünvanlanan çağırışları aid edə bilərik.  

COP29-un məqsəd və hədəflərinə toxunanda Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrasına da diqqət yönəltmək lazımdır. Bu zaman növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetdən biri kimi müəyyən olunan “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetini əsas götürmək gərəkdir. Həmin prioritet üzrə reallaşdırılan tədbirlər sırasında xüsusilə “yaşıl enerji”yə keçid məsələsi qlobal iqlim dəyişiklikləri, onların təsirlərinə qarşı mübarizə tədbirlərinə dair effektiv istiqamət hesab edilə bilər. Əminliklə demək olar ki, Prezidentin “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək” ideyası üzərində artıq səmərəli fəaliyyət təşkil olunub, bir sıra tanınmış xarici şirkətlərlə əməkdaşlıq əlaqələri qurulub. Ötən dövrdə Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının tikintisi, eləcə də Naxçıvanda bərpa olunan enerji mənbələrinə dair mövcud infrastruktur, muxtar respublikada “yaşıl enerji” istehsalı üçün dövlət tərəfindən 1000 hektar ərazinin ayrılması və bunlara müvafiq tədbirlərin icrası ölkəmizi öz hədəflərinə hər ötən gün daha da yaxınlaşdırır. Nümunə üçün qeyd edə bilərik ki, əvvəlki illərlə müqayisədə ötən il Azərbaycanda bərpa olunan enerji mənbələrinin gücü 373,6 meqavat artıb. Naxçıvandakı stansiyaların hazırkı generasiya gücü isə 244.8 MVt-dır və yaxın illərdə 1500 MVt güc əlavə olunacağı nəzərdə tutulur. Bu o deməkdir ki, Naxçıvanda enerji istehsalı 6 dəfə artacaq və bu enerjinin Türkiyə vasitəsilə Avropaya ixracı da qarşıda duran prioritet vəzifədir. Oktyabrın 11-də Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən panel sessiyasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov da sözügedən məsələyə xüsusi diqqət çəkərək bildirib ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji zonaları”nın yaradılması xalis sıfıra ümummilli keçidin əsasını təşkil edir. 2030-cu ilə qədər 7 giqavat “yaşıl enerji” istehsal etmək planlaşdırılır ki, bunun da 70 faizi ixrac ediləcək. Nazir Azərbaycanın 3 “yaşıl” dəhlizin, o cümlədən “Black Sea Energy” sualtı elektrik kabeli layihəsinin yaradılmasının təşəbbüskarlarından biri olduğunu vurğulayaraq bu “yaşıl enerji” dəhlizlərinin daha geniş coğrafiyada Mərkəzi Asiyadan Avropaya qədər “yaşıl enerji” keçidinə mühüm töhfə verəcəyini deyib.

“Yaşıl enerji”yə keçid, iqlim dəyişiklərinin təsirlərinə qarşı mübarizəyə dair tədbirlər barədə onu da vurğulamaq yerinə düşər ki, 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyən Azərbaycan 2050-ci ilə kimə Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonlarını “sıfır emissiya” zonasına çevirmək istəyir. Və elə bu xüsusda COP29 öncəsi Naxçıvan Muxtar Respublikasında bir gündə 130 000 kubmetr həcmində təbii qaza qənaət edilməsi də real potensial gücün xəbərçisidir. Belə ki, Dövlət Energetika Xidmətinin yaydığı rəsmi məlumata görə cari il oktyabrın 11-də muxtar respublikanın 947 508 Kv/saat elektrik enerjisinə tələbatı tam “yaşıl enerji” hesabına ödənilib. Digər günlərlə müqayisədə təqribən 130 min kubmetr həcmində təbii qaza qənaət edilib, həmin gün karbon emissiyası sıfıra düşüb...

Ölkə Prezidenti cənab İlham Əliyevin COP29-a ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunda görülən işlərlə mütəmadi olaraq yerində maraqlanması, ərazidə yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər, məkanın enerji ehtiyaclarının “yaşıl enerji” mənbələrindən qarşılanması üçün tətbiq edilən həllər də konfransa ciddi hazırlıqdan xəbər verir. Əminik ki, görülən bütün işlər, xüsusilə də konfransın hədəflərinin ölkəmizin hədəfləri ilə üst-üstə düşməsi, qazanılmış zəngin təcrübə sayəsində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası effektiv nəticələr verəcək və bütün dünya daha çox neft-qaz ölkəsi kimi tanınan Azərbaycanın bu istiqamətdəki gücünə də yaxından bələd olacaq. Ölkə başçısının da dediyi kimi: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

Nail ƏSGƏROV

Nəşr edilib : 22.10.2024 10:39