NAXÇIVAN :

07 Iyun 2025, Şənbə

Dövlətçilik salnaməsi

...

Hər bir xalqın, millətin ən böyük sərvəti onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki vətəndaş cəmiyyətindən danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin müstəqil dövlət olaraq varlığı sual altına düşmüşdü. Ölkədə təcrübəsiz adamların hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxarmışdı. Digər tərəfdən, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdı. Məhz belə bir anda – 1993-cü ildə çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda görkəmli dövlət xadimi Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Bununla da respublikada həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlandı, nizami ordu yaradıldı. Eyni zamanda ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başladı. Azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edildi. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətlərin əsası qoyuldu.

Bu gün dövlətimizin başçısı İlham Əliyev bu prinsipləri əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq inamlı siyasətini aparır. Ona görə də bu gün biz fəxrlə deyirik ki, müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda, demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə reallaşır. Hətta elə vacib görüş və tədbirlər var ki, onların keçirilməsi üçün məhz Azərbaycan seçilir. Hər bir inkişafın təməlini sabitlik təşkil edir. Xalqımız Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət nəticəsində bu sabitliyə nail olub. Onun həyata keçirdiyi uğurlu dövlət idarəçiliyi, sosial, iqtisadi, siyasi və kadr sahələrində aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar insanların uşaqların yaşayışına müsbət təsir göstərir.

Daim hər bir vətəndaşın yanında olan, onun sağlamlığını və rifahını hər şeydən üstün tutan Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, Dövlət proqramları, xüsusi sosial və iqtisadi dəstək tədbirləri və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri, göstərdiyi qayğı xalqımız tərəfindən rəğbətlə qarşılanır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin başçısı tərəfindən daha da gücləndirilən məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir.

Azərbaycan çox şanlı tarixə malikdir, ancaq Qarabağın işğal edilməsi, vətəndaşlarımızın erməni vandalizminin qurbanı olması xalqımızda bir natamamlıq sindromu yaratmışdı. Ona görə də bayramları, tarixi günləri ürəkdən keçirə bilmirdik. Ancaq 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm Qələbəsindən sonra sanki xalqımızın özünəinam hissi daha artdı. Bu inamı bizə dövlətimizin başçısı, mahir diplomat, sərkərdə İlham Əliyev, igid əsgər və zabitlərimiz qazandırdılar. Bu gün hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan diplomatiya Azərbaycanı strateji cəhətdən önəmli, nüfuzlu dövlətə çevirmişdir. Ölkədə aparılan nəhəng quruculuq işləri, əldə edilmiş mühüm siyasi və iqtisadi nailiyyətlər ictimai həyatın bütün sahələrində tərəqqinin bariz göstəricisidir.

Ulu Öndərimiz deyirdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq. Dahi rəhbər Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Dahi rəhbər Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü –  Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”.

Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Belə ki, 28 may hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Dövlətimizin başçısının Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Bu sahələrdə qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib, xarici dövlətlərlə hərtərəfli beynəlxalq münasibətlər inkişaf etdirilib, balanslaşdırılmış siyasət nəticəsində Cənubi Qafqazda sabitlik təmin olunub.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız artıq 6 ildir, 28 mayı torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır.

Şəhla ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 27.05.2025 13:00