NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Culfada əməyin mühafizəsi üzrə təlim keçirilib

...

Əməyin mühafizəsi və iş yerlərinin attestasiyası mövzusunda növbəti regional təlim bu dəfə Culfa rayonunda təşkil olunub.

Avqustun 12-də baş tutan tədbir “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin və “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşkilatçılığı ilə keçirilib. Culfa Rayon İcra Hakimiyyətinin binasında baş tutan təlimin əsas məqsədi əmək fəaliyyətində iştirak edən şəxslərin sağlam və təhlükəsiz iş şəraiti barədə məlumatlılığını artırmaq, istehsalatda potensial qəza risklərinin düzgün qiymətləndirilməsi və onların aradan qaldırılması yolları üzrə bilik və bacarıqlarını təkmilləşdirmək olub.

Proqram çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Güllü Sadiqli “Müəssisələrdə əməyin mühafizəsi qaydalarının tətbiqi” mövzusunda, “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov “Əməyin mühafizəsi qaydaları və iş yerlərinin attestasiyası” barədə, mərkəzin əməkdaşı Mahmud Rzalı isə “İş yerlərində texniki təhlükəsizlik qaydaları” istiqamətində təqdimatlarla çıxış ediblər.

Təlimdə Culfa rayonu üzrə 31 icra nümayəndəsi, bələdiyyə sədrləri və digər məsul şəxslər iştirak ediblər. Praktiki nümunələr üzərindən real iş situasiyaları təhlil olunub, iştirakçılarla interaktiv müzakirələr aparılıb, problemlərin həlli yolları birlikdə müəyyənləşdirilib.

Naxçıvan Təlim Mərkəzi tərəfindən mütəmadi keçirilən bu kimi tədbirlər regionda əmək təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasına, risklərin düzgün idarə olunmasına və təhlükəsiz istehsalat mühitinin yaradılmasına mühüm töhfə verir.

Nəşr edilib : 12.08.2025 16:00