NAXÇIVAN :

16 Aprel 2025, Çərşənbə

Culfa və Babək şəhərlərinin Baş plan layihələrinin hazırlanmasına başlanılıb

...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər  üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planının 8.10.6 və 8.10.7-ci bəndlərinə uyğun olaraq 2023-2025-ci illər üçün Naxçıvan iqtisadi rayonunun ümumi planının, habelə şəhərlərin Baş planlarının hazırlanmasında əsas icraçı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən edilib. Naxçıvan iqtisadi rayonunun ümumi planının hazırlanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanır və bu istiqamətdə işlərin icrası davam etdirilir".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçi Vəsilə Allahverdiyeva deyib. O bildirib ki, eyni zamanda şəhər torpaqlarından istifadə növlərini müəyyən etməklə Naxçıvan Muxtar Respublikası şəhərlərinin Baş planlarının hazırlanması istiqamətində Naxçıvan şəhərinin Baş planının icraçısı Böyük Britaniyanın “Chapman Taylor” şirkətinin, həmçinin sifarişçi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri tərəfindən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyində 6 (altı) dəfə təqdimat keçirilib: "Keçirilmiş təqdimatlarda ərazilərin inkişafı, funksional zonalaşdırma və planlaşdırma strukturu, mühəndis-nəqliyyat infrastrukturu, təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi, istehsal, mühəndis-nəqliyyat təminatı obyektləri və digər infrastrukturların formalaşması, həmçinin məskunlaşma sisteminin mərkəzi və ya köməkçi mərkəz olan yaşayış məskənlərinin təsir zonası hüdudlarında perspektivdə inkişaf etdiriləcək əmək, mədəni-məişət və landşaft-rekreasiya (yaşıllıq) əlaqələri və obyektləri müzakirə olunub və məsələlərlə bağlı müvafiq təkliflər verilib. Böyüməkdə olan muxtar respublikanın şəhərlərində yaşayan əhalinin mənzilə olan tələbatının təmin edilməsini nəzərə alaraq şəhər ərazisində yerləşən torpaq sahələrində çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub. Belə ki, artıq Naxçıvan şəhərində həmin tikintilər üçün ayrılıb, habelə sahibkarların mülkiyyətində olan torpaq sahələrində  tikinti layihələrinə şəhərsalma əsaslandırılması və memarlıq-planlaşdırma baxımından müvafiq qanunvericiliyin tələblərinə uyğun rəylər verilməsi təmin edilib. Belə ki, tikintisi nəzərdə tutulan 10,3 ha torpaq sahəsində, ümumilikdə, 1460 mənzil olmaqla, 47 yaşayış binasının bütün tikinti layihə sənədləri  Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş planının icraçısı “Chapman Taylor” şirkəti ilə  razılaşdırılıb və tikintiyə icazə icraatı həyata keçirilib".
Qeyd olunub ki, həmçinin Ordubad və Şahbuz şəhərlərinin Baş planının hazırlanması ilə bağlı içraçı İsveçrənin “SA_Parners” şirkəti tərəfindən 3 (üç) dəfə təqdimat keçirilib, şəhər sərhədləri, yaşıl sahələr, sənaye sahələri, infrastrukturlar, əsas binalar və planlaşdırılan şəhərin inkişafı və perspektivləri barədə müzakirələr aparılıb: "Əlavə olaraq bildiririk ki, Culfa və Babək şəhərlərinin Baş plan layihələrinin hazırlanmasına cari ilin əvvəlindən etibarən işlərə başlanılıb. Belə ki, Baş planların hazırlanması ilə əlaqədar, ilkin olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarəti Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun əməkdaşları tərəfindən Culfa və Babək rayonlarına ezam olunmuş və əldə edilmiş ilkin məlumatlar əsasında hazırlıq işlərinə başlanılıb".

Nəşr edilib : 15.04.2025 19:28