NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

COP29 – iqlim diplomatiyasında dönüş nöqtəsi

...

1 illik riyakarlığı iflasa uğradan 11 gün

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yüksək səviyyədə təşkili, bəşəriyyətin gələcəyi naminə nəticəyönümlü qərarların qəbul olunması ilə Azərbaycanın müstəqillik dönəmində ən böyük siyasi, diplomatik qələbələrindən biri kimi tarixə düşdü. Bəli, dünyanın hegemon dövlətlərinin, xüsusilə də inkişaf etməkdə olan kiçik ölkələrə riyakarlıq pəncərəsindən baxan ABŞ və Fransanın bir ildir, hərəkətə keçən baykot maşını pas tutdu, yerimədi. COP 1995-ci ildən bəri, 29 illik tarixində görünməyən, bənzəri olmayan qətiyyətli sədrliyin şahidi oldu. Prezident İlham Əliyev sessiyanın ilk günlərində keçirilən Liderlər və kiçik ada dövlətlərinin sammitlərində tarixi ədalətdən güc alan siyasi iradəsini, dönməz mövqeyini bir daha ortaya qoydu, qərəzli siyasi oyunlar, kolonial siyasət aparan Qərb dairələrini dünyanın gözü önündə kəskin şəkildə ifşa etdi. Bəşəriyyətin xilası naminə məzmun baxımından strateji və praktiki cəhətdən çox aktual tezislər irəli sürən Qalib liderin söylədiyi faktlar qarşısında BMT-nin baş katibi bu beynəlxalq təşkilatın nizamsızlığını, zəifliyini, ədalətsizlik qarşısında acizliyini daha dərindən dərk etdi...
COP29 noyabrın 11-dən 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 76 min iştirakçısı ilə qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə dair müzakirələrlə irəliləyərək kiçik zamanda böyük hədəfinə çatdı. COP29-un Prezidenti Muxtar Babayevin tədbirin bağlanış plenar sessiyasında dediyi kimi, heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir. Bəli, iqlim dəyişmələrinin əsas səbəbkarları, bəşəri fəlakətlərin baş aktorlarının cılız baykot kampaniyasından fərqli olaraq, atmosferin çirkləndirilməsində ən az payı olan Azərbaycan dünyanın gələcəyi naminə qollarını çırmalayaraq 11 gün ərzində misilsiz missiya yerinə yetirdi. BMT-nin Baş katibi Antonio Quterreş də yekun bəyanatında Bakıda əldə olunan razılaşmanın gələcək fəaliyyət üçün möhkəm əsas yaratdığını bildirdi: “COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir” .
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarının (COP) əsas hədəflərindən biri, təbii ki, iqlim dəyişmələrinə qarşı mübarizənin effektivliyinə nail olmaq üçün kifayət qədər maliyyə vəsaitinin ayrılmasını təmin etməkdir. Bu xüsusda onu vurğulamaq yerinə düşər ki, COP29-da iştirak edən ekspertlərdən birinin də açıqladığı kimi, dünyada bir il ərzində hərbi xərclərə 7,2 trilyon, moda və əyləncəyə 14,2 trilyon maliyyə vəsaiti xərclənir. Ancaq təəssüf doğuran haldır ki, COP28-də iqlim dəyişmələri ilə mübarizə tədbirlərinə 1 trilyon maliyyənin torpanması təşəbbüsünə baxmayaraq, həmin öhdəliyi üzərinə götürən dövlətlər tərəfindən bunun hələ 0,3 faizi də hasil olmayıb. Başqa sözlə, dünya ölkələri bəşəri dəyərləri qorumağa yox, onu məhv etməyə daha meyillidir, israrlıdır. Məhz bu baxımdan COP29-da qəbul olunan ən önəmli qərarlardan biri kimi, hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik – Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması olduqca mühüm addımdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. İqlim dəyişmələrindən əziyyət çəkən kiçik ada dövlətlərinə böyük yardım göstərilməsinə xidmət edən bu addım, şübhəsiz, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsinin dəyərini bir neçə dəfə üstələməklə daha effektiv nəticələrə yol açacaq. Bu prosesin davamı kimi, əldə olunan ən böyük nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılmasıdır. Gələn ildən fəaliyyətə başlaması nəzərdə tutulan fonda ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. Bu da Prezident İlham Əliyevin iqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərinin aradan qaldırılmasına dair COP29 qarşısında müəyyənləşdirdiyi prioritetlərin həllində olduqca uğurlu addımdır. Rəsmi Bakı əldə olunan bu iki mühüm razılaşma ilə həm də kiçik ada dövlətlərinə kolonial nəzərlə yanaşan, maddi sərvətlərini talamaqla ümumbəşəri problemlərə yol açan Qərb siyasi dairələrinin bir ildir, israrla apardığı boykot kampaniyasının iç üzünü, əsl mahiyyətini ifşa etdi. Başqa sözlə, COP29 başqalarının sərvəti hesabına varlanan ölkələrə artıq əlini daşın altına qoymaq vaxtının çoxdan çatdığını diqtə etdi...
COP29-un ən böyük uğurlarından biri də, heç şübhəsiz, 2015-ci il dekabrın 12-də konsensusla qəbul edilərək, 2016-cı il aprelin 22-də imzalanan, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən 2020-ci ildən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən razılaşma – Paris sazişinin 6-cı maddəsinin, nəhayət ki, tam işlək vəziyyətə gətirilməsi oldu. Bu maddə üzrə qəbul olunan qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməklə atmosferə atılan tullantı miqdarının, emissiyaların azaldılmasına töhfə məqsədi daşıyır. Bu xüsusda onu vurğulamaq olar ki, Yer kürəsindən fərqli olaraq, atmosferdə sərhəd olmadığı üçün onun fəsadları, ümumilikdə, hər ölkəyə toxuna bilər. Yəni bu məsələdə də ədalət modeli yoxdur, nizam tərəzisi gözlənilmir, başqa sözlə, aza az, çoxa çox tendensiyası işləmir. Elə məhz bu baxımdan həmin maddənin qəbulu ilə 1,5 dərəcəni əlçatanlıqda saxlamaq üçün bütün ölkələrin birgəlik nümayiş etdirərək karbon bazarlarını açması olduqca mühüm nailiyyətdir. Bununla da bir ölkədə emissiyanın azaldılması sayəsində digər ölkədəki emissiyanın miqdarı da tarazlaşdırıla biləcək. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev də bu tarixi qərara aydınlıq gətirərək deyib: “Bu gün biz iqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birini çözmüşük. 6-cı maddəni başa düşmək çətindir, lakin onun təsiri bizim gündəlik həyatımızda aydın olacaq. Bu, kömür elektrik stansiyalarının dayandırılması, külək stansiyalarının tikintisi və meşələrin salınması deməkdir. Bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir”. Bəli, bu həm də 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyən Azərbaycanın 2050-ci ilə kimə Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonlarını “sıfır emissiya” zonasına çevirmək istəyinin reallaşması yönündə uğurlu addımıdır... 
COP29-un yekununda verilən digər bir qərarla Qlobal Adaptasiya Hədəfi sənədi əsasında Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı və eyni zamanda COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksək səviyyəli Bakı dialoqu çağırılacaq ki, bu da Azərbaycanın COP tarixinə öz möhürünü vurduğunu göstərir. Eyni zamanda 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Uzun sürən danışıqlardan sonra bu sənəd üzrə razılaşmanın əldə olunması COP29-a uğurlu sədrliyin növbəti bariz ifadəsidir...
Ümumi fikir olaraq onu deyə bilərik ki, 1 illik boykot kampaniyasını 11 gün ərzində iflasa uğradan COP29-a uğurlu sədrlik etməklə Azərbaycan bu müddətdə ölkəmizə qarşı planlanan bütün təxribatların qarşısında mətnliklə dayandı, konfransı əsl məramından kənarlaşdırmağa, hədəfindən çaşdırmağa çalışan xarici və daxili qüvvələrin bədnam niyyətlərini ürəyində qoydu. Konfransın yekununda qəbul olunan qərarlar ümumbəşəri problemin həllinə yol açmaqla Azərbaycanın hələ uzun illər COP-un tarixindəki rolunun müstəsnalığını qoruyub saxlayacaq. Prezident İlham Əliyevin noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəli paylaşımında dediyi kimi: “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək”.

Nail ƏSGƏROV

Nəşr edilib : 24.11.2024 17:17