NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzalayıblar

...

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) çərçivəsində “Mərkəzi və Qərbi Asiyada Buzlaqların əriməsinin qarşısının alınması” üzrə birgə sessiya keçirilib.

"Şərq qapısı" xəbər verir ki, sessiyada buzlaqların əriməsinin törətdiyi problemlər müzakirə olunub.

Nəzərə çatdırılıb ki, buzlaqların əriməsi insanların miqrasiyasına səbəb olur, kənd təsərrüfatının və ümumilikdə iqtisadiyyatın inkişafdan geri qalmasına gətirib çıxarır.

Müzakirələrdən sonra BMT-Mərkəzi Asiya ölkələrinin nazirləri “İqlim Dəyişikliyi, Buzlaqlar və Transsərhəd Əməkdaşlıq üzrə Tərəfdaşlıq” mövzusunda birgə Bəyannamə imzalayıblar.

Tədbirdə Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın ətraf mühit nazirləri, həmçinin Asiya İnkişaf Bankı (AİB) və Yaşıl İqlim Fondunun nümayəndələri iştirak ediblər. Həmçinin Yaşıl İqlim Fondu və AİB tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan “Buzlaqlardan Təsərrüfatlara” (G2F) proqramının icrasına başlanılması müzakirə olunub.

Azərbaycanın su çatışmazlığı və iqlim dəyişikliyindən artan təsirləri nəzərə alınaraq, G2F proqramı ölkənin milli maraqlarına uyğun olaraq xüsusi əhəmiyyət kəsb edir. İmzalanmış Bəyannamə məlumat və təcrübə mübadiləsini, erkən xəbərdarlıq sistemlərinin inkişafını və iqlimə uyğun həllərin tətbiqini təşviq edir. Bu Bəyannamə, Mərkəzi və Qərbi Asiya regionunda buzlaqların qorunması və iqlim dəyişikliyinə qarşı tədbirlərin gücləndirilməsi istiqamətində mühüm addım olaraq dəyərləndirilir.

Nəşr edilib : 14.11.2024 17:31